Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1979-cu il 2 oktyabr

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev respublikamızda Ukrayna incəsənəti və ədəbiyyatı günlərinin (1-10 oktyabr) iştirakçıları ilə görüş keçirib.

 

1979-cu il 10 oktyabr

 

Heydər Əliyev Azərbaycanda Ukrayna incəsənəti və ədəbiyyatı günlərinin iştirakçılarının şərəfinə verilmiş qəbulda çıxış edib. 

“...Tam əsasla demək olar ki, Azərbaycanda Ukrayna mədəniyyəti günləri çox yüksək ideya-siyasi və bədii səviyyədə keçmişdir. Bu on gündə çoxlu görüş, konsert, söhbət olmuşdur. Bu iş daha böyük təcəssümünü gələcəkdə tapacaqdır. Başqa sözlə, bu gündən Azərbaycanda və bir il bundan əvvəl Ukraynada təməli qoyulmuş nə varsa, şübhəsiz, gözəl bəhrələr verəcək...

Bu günlər Azərbaycan zəhmətkeşləri qardaş Ukrayna xalqının gözəl incəsənəti və onun bütün mədəniyyəti ilə geniş və kifayət qədər dolğun şəkildə tanış ola bilmişlər... Öz yaradıcılığınızla, öz incəsənətinizlə siz, demək olar, hər bir evə, hər bir ailəyə daxil oldunuz, hər bir adamın qəlbinə yol tapdınız.

Bütün bunların üzərində düşünərkən dönə-dönə yəqin edirsən ki, incəsənət, ədəbiyyat necə də böyük bəşəri sərvətdir... Necə də sevinirsən ki, qardaşımız Ukrayna xalqının belə sərvəti vardır, belə zəngin, gözəl, nikbin incəsənəti, ədəbiyyatı vardır.

İncəsənətin gücü təkcə onda deyildir ki, insanı sevindirir, ilhamlandırır, ucaldır, əməyə həvəsləndirir, onun həyatını zənginləşdirir, həm də ondadır ki, incəsənətin, ədəbiyyatın köməyi ilə xalqın daxili aləmini öyrənmək, onun əzəmətini görmək mümkün olur, xalqın əmək rəşadəti öz bədii əksini tapır.

Sizin istedadlı incəsənətiniz sayəsində bu günlərdə biz sanki bütün Ukraynanı – əzəmətli, zəngin təbiətli, füsunkar, gözəl Ukraynanı gəzdik... Sizin incəsənətin köməyi ilə biz bugünkü Ukraynanın əmək ahəngini duyduq. Ukrayna xalqının zəngin tarixi sizin yaradıcılığınız vasitəsilə gözlərimiz qarşısında canlanırdı...”.

 

1979-cu il 20 noyabr

 

Heydər Əliyev Bakıda keçirilən VIII Ümumittifaq televiziya filmləri festivalının iştirakçılarını qəbul edib.

“İncəsənətin ən kütləvi növü olan kino zəhmətkeşlərin tərbiyəsində son dərəcə böyük rol oynayır. Son illərdə televiziyada kino vasitələrindən geniş istifadə edilməsi... ədəbiyyat və incəsənət, jurnalistika işçilərinin yaradıcılıq fəaliyyəti üçün yeni böyük imkanlar açır.

Televiziya hamıya müyəssərdir, kütləvi informasiya və təbliğatın mühüm vasitəsi kimi onun əhəmiyyəti daha da artır... İstərdik ki, respublikanın müvəffəqiyyətləri, Azərbaycanın bütün zənginlikləri yeni ədəbiyyat və incəsənət əsərlərində layiqli təcəssümünü tapsın, televiziya ekranlarında daha geniş təmsil edilsin.

Azərbaycanın zəngin tarixi vardır. Biz Nizami, Nəsimi, Xaqani, Vaqif kimi təfəkkür nəhənglərinin, ədəbiyyat korifeylərinin adlarını iftixarla çəkirik. Onlar bəşər mədəniyyətinin inkişafına çox böyük töhfə vermişlər. Zaqafqaziyanın tərəqqipərvər mütəfəkkirlərindən biri Mirzə Fətəli Axundovu yüksək iftixar hissi ilə xatırlayırıq. Bu gün biz Azərbaycan mədəniyyətinin bir çox başqa görkəmli nümayəndələri, Azərbaycan xalqının inkişafında çox böyük rol oynamış simalar haqqında da çox böyük məmnuniyyətlə danışırıq.

Festival iştirakçılarının Azərbaycanda olması respublika haqqında onların təsəvvürünü zənginləşdirəcək, bu günlərdə aldıqları təəssürat isə televiziya və kino işçilərini yeni gözəl əsərlər yaratmağa ruhlandıracaqdır...”.

 

1979-cu il 7 dekabr

 

Azərbaycan KP MK-da Azərbaycan Arxitektorlar İttifaqının XII qurultayında seçilmiş rəyasət heyətinin üzvləri və müttəfiq respublikaların qurultayda iştirak etmiş nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Heydər Əliyev arxitektorlar qarşısında duran vəzifələrdən söz açıb.

“Belə bir cəhət bizi sevindirir ki, arxitektorlarımız həyatla, respublikanın inkişafını müəyyən edən yüksək sürətlə ayaqlaşır, Azərbaycanın müvəffəqiyyətlərinə layiqincə kömək edirlər. Arxitektura layihələrinin, onların hazırlanmasının və icrasının keyfiyyətini yüksəltmək lazımdır.

Nail olmaq lazımdır ki, tikilən hər binanın özünün fərqləndirici arxitektura görkəmi olsun, xüsusən şəhərlərin mərkəzi küçələrində və meydanlarında tikinti zamanı birtipli layihələrdən istifadə olunması minimuma endirilsin. Bu zaman milli arxitektura formalarından geniş istifadə edilməli, onlar müasir üsullarla bacarıqla əlaqələndirilməlidir. Milli və beynəlmiləl xüsusiyyətlərin üzvi sintezinə nail olmaq lazımdır. Məhz belə bir işin nəticəsində yeni formalar və vasitələrin yaranması mümkün olacaqdır. Tikilən binaların eksteryerlərində və interyerlərində naxışlardan istifadə olunmalıdır. Naxışlar Azərbaycan milli arxitekturasının səciyyəvi elementidir. Təəssüf ki, bizdə naxışvurma ustaları, daş və ağac üzərində naxış açanlar yoxdur. Biz Azərbaycanın bu qədim sənətini dirçəltməliyik. Həmin sahədə kadrlar hazırlanması üçün xüsusi məktəblər yaradılmalıdır. Arxitektorların, rəssamların, heykəltəraşların yaradıcı əməkdaşlığı daimi və səmərəli xarakter daşımalıdır...”.

***

 

1979-cu il 14 dekabr

 

Ədəbiyyat sahəsində uzun illər səmərəli işinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq yazıçı Cahangir Gözəlov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

Hazırladı: V.Orxan

(davamı var)