1945-1946-cı illərdə Təbrizdə nəşr edilmiş Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı – “Azərbaycan” qəzetinin bütün saylarının tərcümə və transliterasiyası kitab halında çapa hazırlanır. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ərsəyə gətirilən kitabın 1-ci hissəsi çapdan çıxıb.
Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə milli-demokratik hərəkatının mətbu tribunası olan “Azərbaycan” qəzetinin ilk sayı 1945-ci il 5 sentyabr tarixində işıq üzü görüb. Hərəkatın süqutunadək (12 dekabr 1946-cı il) qəzetin ümumilikdə 370 sayı nəşr edilib.
“Azərbaycan” qəzeti Təbrizdə cəmi bir il mövcud olmuş Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, soydaşlarımızın bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib. Qəzet Azərbaycan xalqının milli mədəniyyətini, onun keçmiş və o dövrdəki inqilabi mübarizə tarixini öz səhifələrində işıqlandıran, onu demokratik və azadlıqsevər mədəni bir millət kimi dünyaya tanıtdıran xitabət kürsüsü olub.
Qəzetin farsca və əski əlifbada azərbaycanca mətnləri orijinal şəkildə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə tərəfindən 4 hissədə çapa hazırlanıb. Birinci hissə 2017-ci, ikinci hissə isə 2018-ci ildə S.Bayramzadənin məsul redaktorluğu ilə Şərqşünaslıq İnstitutunda kitab şəklində çapdan çıxıb. Digər iki hissə də çapa hazırdır.
Daha sonra qəzetdəki məqalələrin fars dilindən Azərbaycan dilinə tərcüməsinə və Azərbaycan dilində əski əlifbada olan yazıların transliterasiyasına başlanılıb. Dördcildliyin çapdan çıxan birinci hissəsində “Azərbaycan” qəzetinin 1945-ci il 5 sentyabr – 31 dekabr tarixləri arasında nəşr olunmuş ilk 90 sayındakı məqalələrin tərcüməsi və transliterasiyası təqdim edilir. Kitabı nəşrə hazırlayan və məsul redaktor Səməd Bayramzadədir. Məqalələri Səməd Bayramzadə və Şərqşünaslıq İnstitutunun elmi işçisi Saleh Dostəliyev tərcümə və transliterasiya ediblər. Kitabın ikinci hissəsi də çapa hazırdır.