Azərbaycan
24 mart 1872 – Yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Hacağa oğlu Ordubadi (1872 – 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər”, “Gizli Bakı” romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
24 mart 1927 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (1927 – 17.9.2004) Zərdab rayonunda doğulub. Lənkəran Dram Teatrının ilk bədii rəhbəri və direktoru (1973-1981) olub.
24 mart 1938 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Səttar oğlu Turabov (1938 – 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987-2001) edib. “Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qanlı zəmi” (“Atları yəhərləyin”) filminə quruluş verib.
25 mart 1897 – Teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (1897 – 18.11.1994) Təbrizdə doğulub. “Azərbaycan teatrının salnaməsi”ni yazıb.
25 mart 1905 – Əməkdar artist Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905-1981) Şuşada doğulub. Aşqabadda (Türkmənistan) “Arşın mal alan”ı səhnəyə qoyub, Ağdam teatrının baş rejissoru olub.
25 mart 1907 – Şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 – 14.1.1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.
25 mart 1933 – Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 –15.12.1988) Bakıda anadan olub. “Bildirçinin bəyliyi”, “Zarafatsız zarafat”, “Sonuncu məhəbbət” və s. komediyaların, satirik şeirlərin müəllifidir.
26 mart 1893 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 – 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
26 mart 1902 – Əməkdar artist, xanəndə Yavər Əli qızı Kələntərli (1902 – 5.2.1979) Şamaxıda anadan olub.
26 mart 1910 – Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov; 1910 – 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Filmlərdə (“Fətəli xan”, “Qara daşlar”, “Səhər”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.
26 mart 1910 – Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 1910 – 21.9.1970) Şəkidə anadan olub. Pyesləri: “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Nişanlı qız” və s. “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
26 mart 1919 – Əməkdar artist Əminə Abbas qızı Nağıyeva (1919-1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərə çəkilib.
26 mart 1926 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926-2013) Bakıda anadan olub.
27 mart 1917 – Əməkdar artist, vokalçı (soprano) Mariya Sergeyevna Titarenko (1917 – 26.9.2002) Moskvada doğulub. Opera və Balet Teatrının solisti olub.
27 mart 1927 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 – 27.4.2007) Bakıda doğulub.
27 mart 1928 – Əməkdar mədəniyyət işçisi Hüseyn Həsən oğlu Əhmədov (1928-2016) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri işləyib.
27 mart 1937 – Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 – 2.11.1994) Bakıda anadan olub. “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
27 mart 1986 – Görkəmli aktyor Səməndər Mənsim oğlu Rzayev (2.1.1945 – 1986) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə unudulmaz obrazlar qalereyası yaradıb.
27 mart 2020 – Xalq artisti, müğənni Rauf Yusif oğlu Babayev (30.12.1937 – 2020) vəfat edib. 1960-70-ci illərdə “Qaya” kvartetinin solistlərindən biri kimi məşhurlaşıb.
28 mart 1886 – SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov; 1886 – 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflisdə Azərbaycan teatrının inkişafında, Təbrizdə milli teatrın yaradılmasında xidmətlər göstərib. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb, filmlərdə çəkilib.
28 mart 1895 – Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 – 1.6.1989) Naxçıvan şəhərində doğulub.
28 mart 1896 – Əməkdar artist Əli Fətulla oğlu Şahsabahlı (1896-1973) Tiflisdə doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.
29 mart 1938 – Əməkdar mədəniyyət işçisi Marat Mikayıl oğlu İsgəndərov (1938 – 19.6.2013) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında səs operatoru işləyib.
29 mart 1939 – Yazıçı-dramaturq Süleyman Sani Axundov (3.10.1875 – 1939) vəfat edib. Yazıçının “Qorxulu nağıllar” adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
29 mart 1946 – Əməkdar artist Nazir Kərim oğlu Əliyev (1946-1997) Lənkəranda anadan olub. Sumqayıt, Naxçıvan, Lənkəran teatrlarında çalışıb, filmlərə çəkilib.
29 mart 1951 – Əməkdar incəsənət xadimi Azad Sabir oğlu Əliyev (1951 – 30.3.2014) Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu Niyazi adına simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
29 mart 1924 – Şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 1924 – 14.3.1992) Şuşada anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
30 mart 1908 – Əməkdar incəsənət xadimi, rəssam Şamil bəy Həsən oğlu Qazıyev (1908-1980) İrəvan şəhərində doğulub. Naxçıvan Musiqili Dövlət Dram Teatrında baş rəssam olub.
30 mart 1949 – Xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanov (1949 – 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. Muğam operalarında (“Leyli və Məcnun”da Məcnun, İbn Səlam, “Şah İsmayıl”da Şah İsmayıl və s.) çıxış edib.
Dünya
24 mart 1926 – İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo (1926 – 13.10.2016) anadan olub.
25 mart 1611 – Türk səyyahı, coğrafiyaşünas, tarixçi, şair Övliya Çələbi (Derviş Mehmed Zilli; 1611–1682) İstanbulda doğulub. Yaxın Şərqdən Krım, Volqaboyu və Qafqazadək bir çox yerləri gəzərək gördüklərini qələmə alıb. 1656-cı ildə Bakıda olub. “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.
26 mart 1911 – Amerika yazıçı-dramaturqu Tenessi Vilyams (Tennessee Williams; 1911-1983) anadan olub.
27 mart 1871 – Yəhudi əsilli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub.
28 mart 1483 – İtalyan rəssamı, memar Rafael (Raffaello Santi; 1483-1520) anadan olub.
28 mart 1868 – Rus yazıçı-dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 1868 – 18.6.1936) anadan olub.
29 mart 1949 – Türk musiqiçisi, bəstəkar, müğənni Kayahan Açar (1949-2015) İzmirdə doğulub.
30 mart 1746 – İspan rəssamı Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes; 1746-1828) anadan olub.
30 mart 1853 – Holland rəssamı Vinsent Vilyam van Qoq (Vincent Willem van Gogh; 1853 - 29.7.1890) anadan olub.
Hazırladı: V.Orxan