Mövlud Süleymanlı: “Milli olmaq həm də güclü və şərəfli olmaq deməkdir”

 

Dəyərli, bir-birindən maraqlı əsərləri ilə ədəbiyyat xəzinəmizə töhfələr verən, nəsrimizə gözəllik bəxş edən Xalq yazıçısı Mövlud Süleymanlının bu il 80 yaşı tamam olur. Bu günlərdə yazıçı ilə görüşüb söhbətləşdik.

 

– Mövlud müəllim, ömrün müdrik çağlarını yaşayırsınız. Sənətin, ömrün bu məqamında bir narahatlığınız varmı?

– Xalqımızın illərlə çəkdiyi torpaq dərdi mənim də yazıçı və vətəndaş olaraq ən böyük narahatlığım olub. Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğal altına düşməsi mənə daxilən rahatlıq vermirdi. Şükürlər olsun ki, 44 günlük müharibədə ərazi bütövlüyümüz bərpa edildi. Başda müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla cəsur, mübariz Azərbaycan əsgərləri düşməni məğlub etdi. Tarixi Qələbə qazandıq. İndi ruhən çox rahatam.  

 

– Bizim tərəflərdə bir söz vardı. Deyərdilər ki, qonşuya adı qonşu verər. Belə fikir var ki, mənfur haylara erməni adını biz vermişik. Siz necə düşünürsünüz?

– Çox  maraqlı deyimdi. Diqqətimi çəkdi. Ancaq onu deyə bilərəm ki, XIX əsrdə bir sıra qonşu ölkələrdən haylar qədim Azərbaycan torpaqlarına köçürüləndən sonra onlar bu ərazilərin ən münbit və məhsuldar torpaqlarında məskunlaşmışdılar. XX əsrin ikinci yarısına qədər ermənilər özlərini bir millət kimi hay bilirdi. Onlara erməni deyəndə əsəbləşirdi. Mən hayam, mənə erməni deməyin deyərdilər. Bütün bunlar gözlərimiz qarşısında baş verib. Vaxt gəldi, erməni adını da qəbul elədilər... Amma indi adın elə bir əhəmiyyəti yoxdur. Necə adlandırılmasından asılı olmayaraq xislətləri eyni olub.

 

– Hər bir qələm əhli dünyada tanınmış yazıçı və şairlərin əsərlərini mütaliə edir, görür, götürür, bəzən də bəhrələnir. Ancaq bu, bəzən birmənalı qarşılanmır. Deyirlər ki, bəs filan əsərdəki fikir-ideya filan əsərdən götürülüb. Heç yaradıcılıq yollarında belə bir halla qarşılaşdınızmı?

– Olub. Hələ  tələbə ikən, 1966-cı ildə yay tətilində işləmək üçün Rusiyaya, Ural tərəflərə getdim. Əmioğlularım orda tikintidə işləyirdilər. Birinci dəfə idi Ural çayını görürdüm. Dağlar, təpələr mənə çox tanış gəldi. Deyim ki, hər şey sanki doğma görünürdü. Hətta Taşqaz deyilən yamacda çoxlu çiyələk də gördüm... Beləcə, təsadüfən məndə bu doğmalıqdan “Köç” romanını yazmaq fikri yarandı. Əsər çap olandan sonra yazdılar ki, bəs romanda  Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı”nın təsiri hiss olunur. Amma mən “Köç”ü yazanda o əsəri oxumamışdım. 

 

– Vaxtilə ədəbi aləmdə millətçi kimi də təqdim edilmisiz. Bu mövqeyinizin əsərlərinizin dünya çapına çıxmasına mane olduğu da deyilir...

– Amma o deyilənlərlə razılaşmamışam. Əsərlərində mənsub olduğu xalqa, millətə yüksək dəyər vermək heç də millətçilik deyil. Milli olmaq həm də güclü və şərəfli olmaq deməkdir. Eyni zamanda əsərim xarici dilə də tərcümə edilib. Onu da deyim ki, hər bir yazıçı öncəlik olaraq öz vətənində böyükdür. 

 

– Bildiyimə görə, “Şeytan” povestinin motivləri əsasında film çəkmək istəyiblər. Rejissorlar sonra bu fikirdən daşınıblar. Nədən?

– Düzdür, “Şeytan” povesti ilə kinorejissorlar maraqlanıblar. Nədən çəkmədiklərini mən də bilmirəm. Onu da deyim ki,  bu əsəri yazanda kino üçün nəzərdə tutmamışdım.  Amma “Azərbaycanfilm” kinostudiyasının ssenari kursunda olarkən yazdığım “Noxtalı adam”, eləcə də “Dağlarda şeytan”, “Toy-toy oyunu”, “Köç” romanı əsasında kino ssenarilərim var. “Bəyin oğurlanması” filmi də elə mənim “Toy-toy oyunu” ssenarim əsasında çəkilib. Amma mənim yazdıqlarımdan orda bircə Xalq artisti Arif Quliyevin dilindən deyilən “Salam, sağ ol” qalıb. 

 

– Yaradıcılığa şeirlə başlamısız. Ədəbiyyata “Bir ünvan” adlı şeir kitabı ilə gəlmisiniz. İndi necə, şeir yazırsınız?

– Yox, şeir yazmıram. Ürəyim istəsə, könlümdən keçsə də, yazmıram. Hərdən ötüb keçənləri – yazdıqlarımı yada salır və öz-özümə pıçıldayıram.

Savalan Fərəcov