“Kinotənqidçi”nin çəkilişləri payızda başlayacaq
Martın 27-də 60 yaşını qeyd edən dünyaca məşhur kinorejissor, aktyor və ssenarist Kventin Tarantino (Quentin Jerome Tarantino) son filmini çəkməyə hazırlaşır.
“The Hollywood Reporter”in məlumatına görə, Tarantino sayca 10-cu və özünün dediyinə inansaq, axırıncı filminin ssenarisini tamamlayıb.
Məlumatda bildirilir ki, “Kinotənqidçi” (“The Movie Critic”) adlı ssenaridə hadisələr 1970-ci illərin sonlarında Los-Ancelesdə cərəyan edir. Filmin baş qəhrəmanı qadın olacaq. Ekran əsərinin amerikalı jurnalist və dövrünün ən nüfuzlu kinotənqidçilərindən olmuş Polin Keylə (1919-2001) həsr olunacağı deyilir.
Çəkilişlərin bu ilin payızında başlayacağı bildirilir, hərçənd Tarantino hələlik heç bir studiya ilə müqavilə bağlamayıb.
Tarantino bir neçə dəfə bildirib ki, rejissor karyerası boyunca 10-dan artıq film çəkmək istəmir. Hazırda rejissorun filmoqrafiyasında doqquz ekran əsəri (o cümlədən iki hissədən ibarət “Billi öldürmək” filmi) var.
Kventin Tarantino rejissor kimi ilk dəfə 1994-cü ildə, “Kriminal qiraət” filmi ekranlara çıxandan sonra şöhrət qazanıb. Filmləri “Oskar”, “Qızıl palma budağı” (Kann kinofestivalı) və s. mükafatlara layiq görülüb.
V.Kamal