Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti premyera təqdim olunub. Sənət ocağında fransız bəstəkar Adolf Adanın “Korsar” baleti səhnəyə qoyulub.
Dünya balet sənətinin ən populyar əsərlərindən olar “Korsar” baleti gənc yunan qızı Medora ilə korsar (dəniz qulduru) Konrad arasındakı məhəbbətdən bəhs edir. A.Adanın ingilis şairi C.Bayronun eyniadlı poemasının (1814) motivləri əsasında yaratdığı baletin ilk nümayişi 1856-cı ildə Paris Operasında keçirilib.
Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan baletdə əsas partiyaları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa ediblər. Quruluşçu baletmeysteri və libretto müəllifi Əməkdar artist Samir Səmədov olan tamaşanı dirijor Orxan Həşimov idarə edib. Səhnə əsərində dekorasiya və kostyum eskizlərinin müəllifi Dmitri Çerbadjidir.