Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1980-ci il 17 yanvar

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Bakıda inqilabçı A.Caparidzenin abidəsinin (heykəltəraş Ömər Eldarov; abidə Azərbaycan SSR Dövlət mükafatına (1982) layiq görülüb) açılışında nitq söyləyib.

 

1980-ci il 20 fevral

 

Heydər Əliyev Bakıda Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin (heykəltəraşlar Tokay Məmmədov və İbrahim Zeynalov) açılışında iştirak edib.

 

1980-ci il 25 mart

 

Heydər Əliyev Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 80 illiyi münasibətilə keçirilən yubiley mərasimində iştirak edib.

 

1980-ci il 22 aprel

 

Heydər Əliyev Bakıda “SSRİ Xalqlarının Dostluğu Sarayı” muzey müəssisəsinin açılış mərasimində nitq söyləyib. Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılan muzey Dağüstü parkda (S.M.Kirovun abidəsinin yanında) yerləşirdi. 

 

1980-ci il 15 may

 

Heydər Əliyev Azərbaycan mədəniyyət xadimlərinə mükafatların təqdimetmə mərasimində çıxış edib.

“Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinə yüksək mükafatlar təqdim olunur. Mən böyük məmnuniyyət hissi ilə bu şərəfli vəzifəni yerinə yetirirəm.

SSRİ Xalq artisti Rəşid Behbudov musiqi sənətinin inkişafında görkəmli xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına (SSRİ Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 23 aprel tarixli fərmanı ilə – red.) layiq görülmüşdür, ona “Lenin” ordeni və “Oraq və çəkic” qızıl medalı təqdim olunur... 40 ildən çoxdur ki, o, Azərbaycan mədəniyyətinə sədaqətlə xidmət edərək öz yaradıcılığı ilə Azərbaycan musiqi sənətinə parlaq səhifə yazmışdır... Respublikamızın ictimaiyyəti Rəşid Behbudova Sosialist Əməyi Qəhrəmanı adının verilməsini bizim bütün Azərbaycan incəsənətinə, musiqi yaradıcılığına yüksək qiymət kimi qarşılamışdır...

Sosialist Əməyi Qəhrəmanı, Xalq yazıçısı Süleyman Rəhimov sovet ədəbiyyatının inkişafında xidmətlərinə görə və anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq “Xalqlar Dostluğu” ordeni ilə təltif edilmişdir. Süleyman Rəhimov Azərbaycan ədəbiyyatında roman janrının inkişafına böyük xidmət göstərmişdir... Süleyman Rəhimov eyni zamanda partiya xadimi və ictimai xadim kimi tanınmışdır, uzun illər partiya işində çalışmış, Azərbaycan Yazıçılar İttifaqının sədri olmuşdur...

Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi İmran Qasımov “Xalq yazıçısı” fəxri adına layiq görülmüşdür. Bu ad ona 40 ildən artıq bir müddətdə Azərbaycan ədəbiyyatının inkişafı sahəsində necə bir fədakar əsgər kimi çalışdığına görə, böyük ədəbi və ictimai fəaliyyətinə görə verilmişdir. İmran Qasımov görkəmli nasir, dramaturq, publisist və eyni zamanda fəal ictimai xadimdir. Uzun illər boyu Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi olmuşdur, son illərdə isə Yazıçılar İttifaqına başçılıq edir...

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Əfəndiyev “Xalq yazıçısı” fəxri adına layiq görülmüşdür. İlyas Əfəndiyev təxminən əlli ildir ki, Azərbaycan ədəbiyyatında fəaliyyət göstərir, bütün istedadlı yaradıcılığı ilə ona bağlıdır. İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır...

Şair Nəbi Xəzri “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və sabahını yüksək ustalıqla, fitri sənətkarlıqla tərənnüm edir. Onun əsərləri dillərdə əzbər olub, bir çox şerlərinə musiqi bəstələnib, incəsənətimizi bəzəyən mahnılar yaradılıb... Nəbi Xəzri eyni zamanda Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti rəyasət heyətinin sədridir... Bu cəmiyyət ədəbiyyat və incəsənətimizin, Azərbaycanın, bütün xalqın nailiyyətlərinin xaricdə gözəl təbliğatçısıdır...

Ədəbiyyatın inkişafında xidmətlərinə, mətbuatda səmərəli işinə görə və anadan olduğu gün münasibətilə “Azərbaycan qadını” jurnalının baş redaktoru Xalidə Hasilova “Qırmızı Əmək Bayrağı” ordeninə (SSRİ Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 18 aprel tarixli fərmanı ilə – red.) layiq görülmüşdür. O, öz bədii əsərlərində və publisistik çıxışlarında xalqın həyatını tərənnüm edir. Səkkiz ilə yaxındır ki, “Azərbaycan qadını” jurnalının baş redaktoru vəzifəsini müvəffəqiyyətlə yerinə yetirir...

Bu gün adlarını çəkdiyim yazıçı və şairlərin, demək olar ki, hamısı öz yaradıcılığı ilə yanaşı bədii tərcümə ilə də məşğul olur. Yazıçı İshaq İbrahimov da tərcümə işində böyük fəallıq göstərir. İshaq İbrahimovun bu sahədə böyük işi, habelə kinossenariçi kimi və başqa ədəbi janrlarda fəaliyyəti onun necə bir görkəmli ədəbiyyat xadimi və yazıçı-tərcüməçi olduğunu aydın göstərir. Bu fəaliyyətinə görə İshaq İbrahimov “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Beləliklə, biz bu gün təltif olunanlar haqqında öz fikirlərimizi və duyğularımızı ifadə etdik. Mənə elə gəlir ki, buraya toplaşanların hamısı dediyim sözlərə şərikdir. Deyə bilərəm ki, bu xoş sözlər mənim oxucu kimi, ədəbiyyat və incəsənətimizin pərəstişkarı kimi ürək sözlərimdir. Bu sözlər təltif olunanların xidmətləri, onların fəaliyyəti və yaradıcılığı ilə əlaqədar sözlərdir.

Əmin olduğumuzu bildirmək istəyirəm ki, bu xoş sözlər və verilən qiymətlər, ürək arzuları və səmimi duyğular təltif olunanları daha da ruhlandıracaq, onları daha qızğın fəaliyyət göstərməyə, yeni əsərlər yaratmağa sövq edəcək, onlar üçün müəyyən qədər ilham mənbəyi olacaqdır...”.

Hazırladı: V.Orxan

(davamı var)