“Əvəzində tamaşaçı sevgisini qazandım”

 

Vədələşdiyimiz vaxtdan xeyli əvvəl gəldiyini öyrənirəm. Narahatlıqla üzrxahlıq edəndə “Yuxudan oyanan kimi toya, bayrama gedirmiş kimi xüsusi hazırlaşıb teatra gəlirəm. Elə bilirəm bir gün gəlməsəm, dünya başqalaşar”, – deyib gülümsünür.

Mən sadə, məşhur sənət adamlarına xas dəbdəbədən, tərtibatdan uzaq qrim otağının iri aynası önündə yerimi alıram. Üz əksimizə baxıb, onun söhbət anında hiss etdiklərini daha yaxşı sezmək üçün...

Müsahibim Akademik Milli Dram Teatrında 60 il sənət həyatı yaşamış görkəmli aktyor Xalq artisti, “Şöhrət” ordenli  Rafiq Əzimovdur.

“Maşallah, bu da 85”, – deyib heç cür divarda dayana bilməyən yubiley tamaşası ilə bağlı afişanı göstərirəm. Yarızarafatla “Nədi, çox göründü? Eh, hələ yaşamaq bundan sonra gözəldir”, – deyib ayağa qalxır, afişanın lent yapışqanını yenidən  yapışdırır. Ehmalca yerinə qayıdıb bir afişaya, bir də aynadakı əksinə baxıb izahsız bir ifadə ilə gülümsəyir.

 

– Yerində dura bilməyən afişa da bizə yubiley tamaşa-tədbirinizi xatırlatmaq istəyir yəqin...

– Düzü, yubiley istəmirdim. Çox yubileylər görmüşəm. Ağasadıq Gəraybəylidən bu yana onlarla nəhəng sənətkarın unudulmaz yubileylərinə şahid olmuşam. O tədbirlərin hərəsi bir tamaşa, bir təntənə idi. Deyim ki, nə isə dəbdəbəli mərasimlər olurdu, yox. Sadəcə, səmimiyyət və sevgi vardı. Qaldı mənim 85 illiyimlə bağlı yubileysayağı tədbirimə, bu da adi, tamaşa nümayişindən əvvəlki standart təbrik oldu, sonra rolumu oynadım. Demirəm ki, mütləq hər yubileydə nəsə qeyri-adi mərasim olsun. Sadəcə, ömrü səhnədə keçən insanlar üçün yubileylərdə müəyyən diqqət görmək çox önəmlidir. Eyib etməz, 70 illiyim yüksək səviyyədə qeyd olunmuşdu. Sağ olsun, sənətə və sənətkara daim yüksək qiymət verən möhtərəm Prezidentimiz 80 illiyimdə məni “Şöhrət” ordeni ilə təltif etdi. Onu da deyim ki, dövlət tərəfindən daim diqqət, qayğı görmüşəm. Sənət adamlarına aid olan əksər təltif və mükafatlarım var. Mənim umu-küsüm teatrımızdandı. Bunları niyə qeyd edirəm? Çünki ürəyimə hopub. 60 il bir teatrda, bir ünvanda çalışmaq zarafat deyil. Bundan da fəxrlə danışıram həmişə. Odur ki, arada belə haqlı küskünlüklərimi, cüzi narazılıqlarımı dilə gətirmək haqqım var, məncə. Ümumən, yenə də deyirəm əsas səmimiyyət və sevgidir. Qalanı, sağlıq olsun, düzələr.

 

– Hazırda teatrda ən yaşlı aktyor sizsiniz. Əminəm ki, ağsaqqal gileyiniz incitməz.

– Gənclik dövrümdən o şöhrəti qazanmışam. Sözsüz ki, sənətə sevgimlə. Sağ olsunlar, tamaşaçılar da əziyyətimizi cavabsız qoymayıb.

 

– Şöhrəti gənclikdə dadmısınız. Maraqlıdır, bunda 60 ili aşan səhnə yolunun, yoxsa kinonun rolu daha çoxdur?

– Kinodakı ilk rolum mənim həyatımı dəyişdi. Çünki o obraz mənim elə bil boyuma biçilmişdi. Təsəvvür edin, universitetdə də Şahsuvar, kinoekranda da. İkinci kurs ərəfəsində səhnə danışığı müəllimim Əli Zeynalov rol bölgüsü edəndə “Komsomol” poemasında mənə Şahsuvar rolunu həvalə etdi. Söhbət gedir 50-ci illərdən. Bir də 1970-ci ildə çəkilən “Yeddi oğul istərəm”də Şahsuvar. Bunun da maraqlı tarixçəsi var. Deməli, məşhur rejissor Kamil Rüstəmbəyov (filmi əvvəlcə o çəkməliydi) rol bölgüsündə mənim adımın önünə Şahsuvar yazmışdı. Sonra bizim xəbərimiz olmadan film Tofiq Tağızadəyə həvalə edildi. O da rollar üzərində öz rejissor sahmanını yaratdı. Mən yenə Şahsuvar olaraq qaldım.

 

– Filmin rejissor taleyi kimi aktyor seçimi də asan olmayıb, deyəsən.

– Hər rejissorun öz aktyor seçimi vardı. Amma Tofiq müəllim, əslində, Kamil müəllimin rol bölgüsünə elə də toxunmadı. Sadəcə, 3-4 obrazı dəyişdi. Məsələn, sınaq çəkilişləri zamanı Gəray bəy roluna Əli Zeynalov çəkilib. Sonra elə olub ki, kinostudiyanın direktoru Adil İskəndərov Tofiq müəllimə “Həsənağa Turabovu sına, onda da yaxşı alınacaq”, – deyib. Tofiq müəllim tərəddüdlə “Axı, o cavandı, necə Gəray bəy olsun?” cavabını verib. Adil müəllim “Qadam, bir yoxla görək”, – deyir və o da çəkilir. Yadımdadı, sınaq çəkilişi idi. Adil müəllim qımışaraq “Qadam, bunun nəyi pisdir ki? Bax, elə əsl Gəray bəydi”, – deyib Həsənağanı alqışladı. O da təsdiq edildi. Yadımdadı, sınaq çəkilişləri idi. Biz iki ay cıdırda at sürmək məşqləri edirdik. Hər roldan da azı 3-4 nəfər idik. Bu həm sənət, həm də əsl həyəcan, intizar yarışı idi. Bir gün Tofiq Tağızadə gəldi və qətiyyətlə “Qalxın atın belinə”, – dedi. Hə, rol bölgüsündə rəhmətlik Eldəniz Zeynalov da vardı. Bizimlə cıdıra gəlsə də, hər məşqdə “Alə, məndən nigaran olmayın, çəkiliş başlasın, görün necə at çapacam”, – deyib bizi də, məşqçini də ötüşdürürdü. Belə oldu ki, Tofiq müəllimin atları minin təlimatında yerindən tərpənmədi. Bəlli oldu ki, atdan qorxur, sadəcə boynuna almır.

 

– Tofiq müəllim zabitəli adam olub, eşitdiyimə görə. Sizin səməni əhvalatınızı da bilirəm...

– (gülür) Hər dəfə yadıma düşəndə belə gülürəm. Filmdə ilk səhnələr çəkilirdi. Bir yerdə də mən səməni  ilə gəlməliydim. Pavilyondur, məkan, işıq qurulur. Mənim yerlərimin çəkiləcəyini elan edirlər. Həyəcandan bədənim əsir. Bu mənim “Azərbaycanfilm”də ilk işim idi. Birdən yadıma düşdü ki, rekvizitdən səmənini götürməliyəm. Gedib nə görsəm yaxşıdı? Səməni yoxdu, heç əkilməyib də. Rekvizit sexinin rəisinin rəngi ağardı. “Biz Tofiq müəllimə nə cavab verəcəyik?”, – deyib başını əlləri arasına alıb sıxmağa başladı. Əslində, bu mənim də məsuliyyətim deyildi. Amma cavan adamam da, elə bilirəm səməni olmasa rejissor qəzəblənəcək, məni çəkməyəcək. Atdım e özümü bayıra. Onda indiki kimi deyildi, C.Cabbarlının kinostudiyanın həyətindəki heykəlinin yan-yörəsi çiçəklik, çəmənlik idi. Əl atıb bir dəstə otu köklü-köməcli çıxarıb pavilyona üz tutdum. Ot dəstəsini bir nimçəyə qoyub, oturdum sıramı gözlədim. Çəkiliş baş tutdu, hər şey əla. Rekvizitçilər elə bil dünyaya təzədən gəlmişdilər.

 

– 1962-ci ildən bu teatrda çalışırsınız. Buraya ilk gəlişinizi necə xatırlayırsınız?

– Tələbəlik vaxtı idi, 2-ci kursda oxuyurduq. Məhərrəm Haşımov müəllimimiz idi. O həm də Rus Dram Teatrının baş rejissoru  idi. Biz orada kütləvi səhnələrdə oynayırdıq. O truppa ilə Moskvaya, mədəniyyət  ongünlüyünə də getdik. Qayıdandan sonra tələbə yoldaşım, dostum Həsən Məmmədovla birlikdə bu teatra gəldik. Dedik “massovka”dırsa, elə bu teatrda çalışaq da. Uzun get-gəldən sonra bizi “razovik” kimi, yəni bir dəfəyə çıxış üçün götürdülər. Biz heyrət içində bu teatrın nəhəngləri ilə bir səhnəyə çıxırdıq. Heç kütləvi səhnədə oynadığın da fərqinə varmadan. Ali təhsilimizi başa vurduqdan sonra  üç nəfəri – məni, Eldəniz Zeynalovu və Həsən Məmmədovu təyinatla bu teatra göndərdilər. Eldəniz Zeynalov bizdən iki il əvvəl instituta daxil olmuşdu. Özü də Mehdi Məmmədovun kursuna. Amma şuluqluq saldığına görə onu bir-iki dəfə institutdan çıxarmışdılar. Axırda diplomu bizim kursla bərabər aldı. Düzdür, sonra Həsən Məmmədovun sənət həyatı kino ilə bağlı oldu. 1962-ci ilin sentyabrın 10-dan bu yol mənim üçün başladı. Artıq yardımçı heyətin aktyoru idik. Bizi sınaq müddətinə götürdülər. O vaxt truppada nimdaş aktyorlar çox idi.

 

– Nimdaş aktyor?

– Hə, elə də deyirdilər. Rolların öhdəsindən gələ bilməyən aktyor diplomlular onda da çox idi. Mən bura gələndən içimdə böyük bir ruh baş qaldırdı. Bilirsiniz niyə? Elə etməliydim ki, o cür sıralamaya düşməyim. Şükür, zəhmət, əzm və sənət sevgim məni nimdaş eləmədi. Çünki sənətə təsadüfi gəlməmişdim. Ali aktyor təhsilimdən əvvəl müxtəlif dərnəklərdə olmuşdum.

 

– Yardımçı heyətdə kəşf olunmaq uzun sürdü?

– Yox,  rejissorların nəzərində oldum. Çünki rol fərqinə varmadan gecə-gündüz çalışırdım. Qısa zamanda əsas tamaşalarda dublyor, sonra da dublyorsuz çıxmağa başladım. Səbirlə, sevgi və zəhmətlə roldan rola dəyişdim, getdikcə müxtəlif xarakterli rollar oynadım.

 

– O nəsil aktyorlar da tez püxtələşirdilər...

– Çünki müxtəlif janrlarda əsərlərə rollar alırdıq. Bu da aktyoru təkmilləşdirir, onun potensialını göstərir. Sözsüz ki, həm də yaradıcılıq əzmini. Biz gənclər rol bölgüsü divara vurulanda heç vaxt siyahının əvvəlinə baxmaz, aşağıdan yuxarı gözdən keçirər, öz yerimizi bilərdik. İndikilərlə bir fərqimiz də onda idi.

 

– Sənətdə bir də rejissorların sevimli aktyoru məsələsi də var.

– Mənim bəxtimə elə rejissor yox, əksi düşüb. Allah rəhmət eləsin, artıq hər şey keçmişdə qalıb deyə rahat danışıram. Xalq artisti Ələsgər Şərifov teatrda rejissor idi. Kişi məni heç cür qəbul etmirdi. Bunu da elə qabarıq hiss etdirirdi ki, hamı bilirdi. Deməli, “Siyavuş” əsərini qoymuşdu. Mənə də Müşavir rolunu dublyor vermişdi. Sadəcə, nə məşq edir, nə də səhnəyə çıxarırdı. Amma mən inadla zaldan məşqləri izləyir, özüm üçün qeydlər edirdim. Tamaşa hazır oldu, gündüz tamaşalarından birində dublyor kimi mən çıxdım və rolumu ifa etdim. Bir qulağım da səhnə arxasında idi. Rejissor aydın səslə “Bunu kim buraxıb səhnəyə?”, – deyib qəzəblə gəzişirdi. Siz mənim halımı təsəvvür edin də. Nə dinib etiraz edə bilirəm, nə də kimsə rejissora yanlış etdiyini deyir. İçimdə vulkan püskürür. Yarımştat aktyor olduğumdan mənə ad da qoymuşdu: yarımştat. Bunu da tez-tez  eşidirdim. Məyus olmurdummu? Əlbəttə, olurdum. Nə isə bir gün bıçaq sümüyə dirəndi. Tamaşadan sonra səhnənin düz ortasında dayanıb hamının içində “Bir də mənə yarımştat aktyor desəniz, mən də sizi yarımştat çağıracam”, – deyib susdum. Hiss elədim ki, tir-tir əsirəm.

Üstündən bir az keçdi, o rejissorun növbəti rol bölgüsüydü. Yenə siyahının aşağısına baxıram və adımı görmürəm. Düşündüm ki, məndən acıq çıxır. Sən demə, yanılmışam. Elə həmin vaxt hazırlamağa başladığı “Cehizsiz qız” tamaşasında mənə əsas rollardan birini verdi və beləcə, yarımştat söhbətini nöqtələdi. O rolu böyük şövqlə oynadım və çox uğurlu tamaşa alındı. O tamaşadakı Karandışev rolu mənim ilk böyük rolum oldu. Amma rejissor yenə də məndən narazı qaldı. Bilmirəm, bəlkə də bu onun rejissor “priyom”u idi. Ruhu şad olsun... Yəni belə hallar mənim də, başqalarının da başına gəlirdi. Amma bunların heç biri bizi ruhdan salırmırdı. Qısacası, rejissorun sevimlisi olan da, olmayan da işini görürdü.

 

– Uzun illər səhnədə olmusuz, yaxşı mühitdə formalaşmısınız. Amma həm də müharibə dövrünün ağrılarını görmüsünüz. Gəlin, bir anlıq o dövrə qayıdaq.

– Üç yaşım olanda atam müharibəyə getdi. Bir də 1947-ci ildə döndü. Uşaqlıq illərim çox ağır keçib. Anam evdar qadın idi, atam cəbhəyə gedəndən sonra işləməyə məcbur oldu. Atam gələnədək Vidadi küçəsində, yarımzirzəmi, birotaqlı evdə yaşayırdıq... 1958-ci ildə instituta daxil oldum. Aktyor olmağımı nə anam, nə də atam istəyirdi. Amma mənim teatra gəlməyimdə anamın dolayısıyla rolu oldu. Dava-dalaş etməyim, məhəllə uşaqlarına qoşulmayım deyə anam məni demək olar ki, bütün dərnəklərə yazdırmışdı. Nəticəsi də bu olmalı idi də... İndi də tez-tez köhnə məhəlləmizdən – Vidadi küçəsindən keçirəm. Hər dəfə elə bilirəm uşaqlığıma qayıdıram.

 

– Bir də o dövrün gözəl dostluqları vardı. Bayaqdan Həsən Məmmədovdan və Eldəniz Zeynalovdan böyük sevgi ilə danışırsınız...

– Bu mövzuda danışanda çox qəribsəyirəm, əhvalım dəyişir. Baxın, mənim indi oturduğum bu otaqda İsmayıl Osmanlı, Səməndər Rzayev, Kamal Xudaverdiyev, Hamlet Xanızadə, Yaşar Nuri kimi böyük sənətkarlar oturublar. Bu adamlardan ötrü necə darıxmamaq olar? Zaman-zaman onlarla ünsiyyət, dərdləşmək ehtiyacı yaranır və əlin hər yandan üzüləndə bu otaqda, gördüyünüz ayna ilə üz-üzə dayanaraq xatirələrə dalıram.

 

– Teatrda intriqa, söz-söhbət də olur. Siz belə olaylardan hər zaman uzaq qalmısınız. İntriqada rəqabət çox olur, yoxsa paxıllıq?

– İntriqasız teatr olar? (gülür) Onda yaradıcılıq intriqası idi, indi quru hikkə. Onda vəziyyət başqa idi. Baxın, bizimlə bir yol gələn aktyorlar ya bədii rəhbər, ya direktor oldular. Öz aralarında sevimliləri seçib, ön sıraya çəkdilər. Belə münasibətlər içərisində Səməndər Rzayev kimi nəhəng aktyora layiq olduğu rolları vermədilər. Misallar çox çəkə bilərəm. Sadəcə, artıq olan olub, keçən də belə dərin iz buraxaraq tarixə qovuşub.

 

– İnsan yaşa dolduqca bağışlamağı öyrənir, yoxsa unutmağı?

– Atam həmişə “Oğlum, bir adam sənə pislik eləsə, sən çalış, yaxşılıq elə”, – deyərdi. Əvvəl bu fəlsəfə mənə çatmırdı. İndi anlayıram onu. Məni yaşadan, bu yaşa çatdıran da bu fəlsəfədir. Heç vaxt yaxşılığımdan qalmıram.

 

– Maraqlıdır, Akademik Dram Teatrının truppasına düşmək onda çətin idi, yoxsa indi?

– Onda çətin idi, həm də gözəl. Çünki müəllimlərimiz müəllim idi. Bura gəldik, burada da aktyorların hərəsi də bir ustada çevrildi bizim üçün. Sözsüz ki, biz onların yaxşı cəhətlərini götürürdük.

 

– Deməli, o dövrdə sənət daha şəffaf idi, rejissorun rol bölgüsü də?

– Niyə ki, dediyim kimi, o vaxtlar da rejissorlardan subyektivlik görmüşük. Əsərdə rol bölünür, sən orda özünü görürsən, amma rejissor səndən aşağı səviyyəli aktyora rol verir, sən qalırsan kənarda. Nə qədər əlləşsən də, səndən önə çəkilib, daim yaşıl işığa “düşən”lər olur. Yəni, belələrini də çox gördüm. Amma hər şeyə rəğmən sənətdən heç vaxt küsmədim. Əvəzində də tamaşaçı sevgisini qazandım...

Söhbətləşdi: Həmidə Nizamiqızı