Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin əməkdaşları və hərbi attaşelik nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı Anatoli Nikolayeviç Davidoviçİn anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, sonra səfirlik və hərbi attaşelik nümayəndələri Milli Qəhrəmanın Slutsk şəhərində yaşayan anası Kima Davidoviçə baş çəkib, onun güzəranı ilə maraqlanıblar.

Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ilin iyunun 13-də qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaətinin Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin hər iki ölkədə daim ehtiramla yad olunduğu xüsusi qeyd edilib.

K.Davidoviç oğlunun xatirəsinə olan ehtirama, eləcə də özünə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, Azərbaycanın Belarusdakı Səfirliyinə minnətdarlığını bildirib. Milli Qəhrəmanın anası, həmçinin 2019-cu ildə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun onu xəstəxanada ziyarət etməsini məmnuniyyət hissi ilə xatırlayıb.