Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

167 il əvvəl...

 

30 mart 1856-cı ildə Krım müharibəsinin (1853-1856) yekunlarına dair Parisdə Fransa, Prussiya, Britaniya, Türkiyə, Rusiya arasında sülh müqaviləsi imzalanıb. Müharibə nəticəsində mövqelərini xeyli itirən Osmanlı və Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edilib. Osmanlı imperiyasının tərkibində Serbiya, Moldaviya, Valaxiyaya muxtariyyət təmin olunub.

 

156 il əvvəl...

 

30 mart 1867-ci ildə Rusiya Alyaskanı ABŞ-yə satıb. Rusiya imperiyasına daxil olan Alyaska yarımadası, habelə Aleut adaları və bir sıra kiçik adalar (ümumi sahəsi 1,519 milyon kvadrat kilometr) 7,2 milyon dollar (qızılla) müqabilində ABŞ-yə verilib.

 

105 il əvvəl...

 

30 mart 1918-ci ildə Bakıda erməni-daşnak və bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Ermənilər qırğına əvvəlcədən hazırlaşmışdılar. Türkiyə cəbhəsindən geri dönən rus əsgərlər Şaumyanın başçılıq etdiyi “Bakı Soveti”nin sərəncamında idilər. Dünya müharibəsindən qayıdan azərbaycanlıların əksəriyyəti isə Bakı yaxınlığında tərk-silah edilmişdi.

 

75 il əvvəl...

 

3 aprel 1948-ci ildə ABŞ Konqresi “Marşall planı”nı qəbul edib. Dövlət katibi Corc Marşallın müəllifi olduğu plan II Dünya müharibəsində iqtisadiyyatı iflas etmiş Avropa ölkələrinə geniş maliyyə yardımı nəzərdə tuturdu. SSRİ sosialist təmayüllü ölkələrin yardım almasına imkan vermədi. 4 il ərzində Qərbi Avropa (17 ölkə) iqtisadiyyatının dirçəldilməsinə 13 milyard dollar (ABŞ-da o vaxtkı ÜDM-in 5 faizi həcmində) vəsait ayrıldı.

 

74 il əvvəl...

 

4 aprel 1949-cu ildə Vaşinqtonda NATO-nun (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı) yaranmasına dair saziş imzalanıb. Müqaviləni 12 dövlət – ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland, Lüksemburq, Kanada, Danimarka, İslandiya, Norveç və Portuqaliya imzalamışdı. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-də AFR, 1982-də İspaniya alyansa üzv oldu. 90-cı illərdən SSRİ və sosialist düşərgəsinin dağılmasından sonra NATO-nun sıraları genişləndi və hazırda 30 üzvü var.

 

70 il əvvəl...

 

4 aprel 1953-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetinin ilk sayı çapdan çıxıb. Nəşr respublika Kinematoqrafiya Nazirliyi, Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi (sonralar Mədəniyyət Nazirliyi) və Yazıçılar İttifaqının orqanı idi. 1991-ci ildən ayrıca “Mədəniyyət” və “Ədəbiyyat” qəzetləri nəşr olunmağa başlandı.

 

55 il əvvəl...

 

4 aprel 1968-ci ildə Amerikada qaradərililərin hüquqlarının müdafiəçisi Martin Lüter Kinq irqçilər tərəfindən qətlə yetirilib. Baptist pastoru olan M.Lüter Kinq 1964-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdü.

 

41 il əvvəl...

 

2 aprel 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında Folklend (Malvin) adaları uğrunda müharibə başlayıb. 1832-ci ildə Britaniya imperiyasının ərazisi elan edilmiş Folklend adaları Argentinanın dəniz sərhədi (Atlantik okeanı) yaxınlığında yerləşir. Argentinanın adaları özünə birləşdirmək cəhdi uğursuz oldu və müharibə iki ay sonra Britaniyanın qələbəsi ilə başa çatdı.

 

30 il əvvəl...

 

2 aprel 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal ediblər. 27 ildən artıq işğal altında qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də, Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsinin nəticəsi olaraq azad edildi.

Hazırladı: V.Orxan