Mayın 27-də Fəxri xiyabanda Xalq şairi Səməd Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə şairin məzarı önündə onun vəfatının 55 illiyinə həsr edilmiş xatirə mərasimi keçirilib. 
   Mərasimdə çıxış edən filologiya elmləri doktoru Qurban Bayramov, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı mövqeyi, həyat və yaradıcılığı haqqında məlumat veriblər.
   Bildirilib ki, həyatını, yaradıcılığını canından çox sevdiyi elinə, Vətəninə həsr etmiş nəğməkar şairin vəfatından 55 il keçməsinə baxmayaraq, o, yenə də bizim müasirimizdir. Böyük şairin qoyub getdiyi ədəbi irs hələ neçə-neçə gəncin, yeniyetmənin yoluna işıq salacaq, nəğmələri ürəkləri fəth edəcək. Şairlər Əlisəmid Kür, Nofəl Ədalət və başqaları şairə həsr etdikləri şeirlərini oxuyublar.
   Mərasimdə Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, 107 nömrəli orta məktəbin şagirdlərinin ifasında şairin şeirləri səslənib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
   Məktəblilər, ictimaiyyət nümayəndələri şairin məzarı önünə tər çiçəklər düzüblər.
   Şairin ev-muzeyinin direktoru və nəvəsi Aygün Vəkilova iştirakçılara minnətdarlığını bildirib, şairə ümumxalq məhəbbətindən danışıb.