Bir daha tarix kitablarımızı qan yaddaşımızla təzələmək bizə qismət olmasın...
Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1918-ci mart qırğınlarından 105 il ötür. Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti”nin daşnak-bolşevik hərbi qüvvələrinin müsəlman azərbaycanlıların “sovet hakimiyyətinə qarşı çıxması” bəhanəsi ilə Bakıda və ətraf kəndlərdə, eləcə də Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda, Qarabağda törətdiyi qırğınlarda on minlərlə insan qətlə yetirilmişdi. Ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınları 1918-ci ilin martından öncə və sonra həmçinin Qərbi Azərbaycanda – indi Ermənistan adlandırılan ərazilərdəki yüzlərlə kənddə, yurd yerimiz Zəngəzurda, tarixi şəhərimiz İrəvanda həyata keçirilmişdi.
1918-ci il qırğınlarının ən qanlı günü isə martın 31-də Bakıda yaşanmışdı. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuş, şəhərin bir hissəsini xarabalığa çevirmişdilər...
Prezident Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda bu acı hadisələrə və ümumilikdə XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiyaya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib. Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə həyata keçirilmiş qətliamlar, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində davam etməsi təhlil olunub. Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
105 il öncə tariximizə düşən bu gün 25 ildir müstəqil Azərbaycanın rəsmi təqvimindədir. Qan yaddaşımızdan isə, əslində, heç vaxt itməmişdi, sadəcə, bir neçə onillik unutdurulmağa çalışılmışdı.
Tarix kitabları ötəri, xalqın qan yaddaşı əbədidir. Bir daha tarix kitablarımızı qan yaddaşımızla təzələmək bizə qismət olmasın...
V.Orxan