“...Qalır bir tərəfdə zülmkar, yağı,
Deyirlər sən böldün ana torpağı”
Sovet dövrü Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri də Xalq şairi Məmməd Rahim (1907-1977) olub. Əsasən siyasi ideologiyanın tərənnümçüsü olan şair ideya-bədii məziyyətlərinə görə seçilən maraqlı ədəbi nümunələr də qələmə alıb.
Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda doğulub. Ədəbiyyata erkən çağlardan maraq göstərib, bədii yaradıcılığa 1920-ci illərdən başlayıb. 1926-cı ildə “Gənc işçi” qəzetinə və “Gənc qızıl qələm” məcmuəsində ilk şeirləri dərc olunub və maraqla qarşılanıb. “Arzular” adlı ilk şeirlər kitabı isə 1930-cu ildə işıq üzü görüb. “Partizanın tüfəngi”, “Nübar”, “Vətən sevgisi” və s. əsərləri onu qısa vaxt ərzində istedadlı şair kimi tanıdıb.
O, yaradıcılıq axtarışları ilə günbəgün epik poeziyaya istiqamətlənib. Araşdırmalarda qeyd edilir ki, şairin epik janra yönəlməsi onun yaradıcılıq yollarında artıq püxtələşməsi ilə bağlı olub. Bu mənada müəllifin “Döyüş günləri”, “Şairin xəyalı”, “Arzu qız”, “Qırx qız”, “Ölməz qəhrəman” və s. əsərləri həmin illərin epik şeirinin inkişaf yollarına işıq tutur.
M.Rahim II Dünya müharibəsi illərində daha məhsuldar şəkildə yaradıcılıqla məşğul olub. Qələmə aldığı “Tək məzar”, “Neftin dastanı”, “Azərbaycan oğullarına!” , “Haqqın məhkəməsi”, “Müqəddəs kədər”, “Sədaqət”, “Qafqaz ordusu” şeirləri, eləcə də “Leninqrad göylərində” və “Ölməz qəhrəman” poemaları bu mənada diqqətəlayiq nümunələr kimi, oxuculara gələcəyə inam, nikbinlik yaradıb. “Leninqrad göylərində” poeması şairin ən uğurlu əsərindən hesab olunur. Bu əsər həm də müəllifin şair kimi istedadının, poetik vüsətinin miqyasını əks etdirmək baxımından maraqlı nümunədir. İkinci Dünya müharibəsinin qəhrəmanlarından təyyarəçi soydaşımız Hüseynbala Əliyevə (1918-1941) həsr olunan poemanın proloqunda müəllif yazır:
Ömür dedikləri coşqun çay kimi,
Kükrəyib köpürür, hər zaman gedir.
Ona bel bağlama o qədər də sən,
Bəzən açılmamış gül, bağban gedir...
Ey könül, fürsəti bada vermə, gəl,
Gün keçir, ay ötür, il yaman gedir.
Yarat, sən köçəndə ellər söyləsin:
Dünyadan nə gözəl bir insan gedir.
Şair həyatda yaxşı ad qazananların heç vaxt unudulmayacağını diqqətə çatdırır.
M.Rahimin Cənubi Azərbaycan həsrətli şeirləri də maraq doğurur. Məlum olduğu kimi, ədəbiyyatımızda Araz çayı daha çox Vətəni ikiyə bölən, iki doğma elin qarşısında əsas maneə kimi mənalandırılıb. Şair isə Araz çayına fərqli münasibət bəsləyib. “Arazın şikayəti” şeiri bu mənada diqqətəlayiq nümunədir?
Arazla bu səhər gəldim üz-üzə,
Axıb gedən zaman yaşıl bir düzə,
Dedi: “Şairlərdən şikayətim var.
Mənim çox qəribə hekayətim var”.
Dedim ki: “Nə olub”?
Qövr etdi dərdi,
Dedi: “El bir zaman mənə deyərdi:
“– Arazım, Arazım, axan Arazım!
Sinəsi yadlara qalxan Arazım.
Çağla ki, sən mənim öz vüqarımsan,
Sevincim, fərəhim, iftixarımsan”!
Dedim ki: “Elədir”,
Gəldi hiddətə:
“Elədirsə, nədən bəs qana-qana
Şairlər salırlar məni böhtana!
Qalır bir tərəfdə zülmkar, yağı,
Deyirlər sən böldün ana torpağı”.
Ayrıldığım zaman kədərli çaydan,
Gördüm ki, qardaşım baxır o taydan...
Şair uşaq və gənclərin də dünyasına xitab edib. Gənc nəslin hərtərəfli inkişaf etmiş vətəndaş kimi yetişməsi bütün yaradıcılığı boyu onu düşündürüb. Bir sıra məqalə və çıxışlarında uşaq ədəbiyyatının problemlərini gündəmə gətirib. Uşaq ədəbiyyatı yazarlarını səmərəli fəaliyyətə, əsərlərin ideya-bədii səviyyəsini yüksəltməyə çağırıb.
M.Rahim həm də musiqi duyumu olan nəğməkar şair kimi də tanınıb. Axıcı, həzin lirikasına görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və başqaları təkrar-təkrar müraciət ediblər. Şairin sözlərinə yazılan nəğmələr Zeynəb Xanlarova, Elmira Rəhimova, Məmmədbağır Bağırzadə və başqalarının ifalarında könülləri oxşayıb.
Sənətkar qələmini tərcüməçilik sahəsində də sınayıb. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını (farscadan), Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin bir hissəsini, A.S.Puşkinin “Ruslan və Lyudmila”, A.Blokun “On ikilər” və s. əsərləri dilimizə tərcümə edib.
Poeziyamızda öz dəst-xətti ilə seçilən Məmməd Rahim 6 may 1977-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov