Gəzmək və istirahət etmək üçün Azərbaycanı seçən xarici turistlər arasında Litva vətəndaşları çoxdur. Vilnüsdən Bakıya birbaşa aviareys olmadığına görə, ölkəmizə səfərin 10 saatdan çox vaxt tələb etməsinə baxmayaraq, bu, Azərbaycanla tanış olmaq istəyənlərin sayına təsir etmir. Vilnüs aeroportundan mətbuata verilən xəbərə görə, bu ilin 6 ayında Litvanın 1387 sakini Azərbaycana səfər edib.
   Litvalı turistlərin yarıdan çoxu Ukraynanın paytaxtı Kiyev şəhərindən tranzit kimi istifadə etməklə, bir qismi isə (28 faizi) təyyarə ilə Moskvadan keçərək Bakıya gəlib. Turistlərin 10 faizi isə qonşu Latviyanın paytaxtı Riqadan birbaşa reyslə Azərbaycana uçub. Azərbaycanın qədim tarix və mədəniyyətinə xüsusi maraq göstərən litvalı turistlər hesab edirlər ki, bu ölkəyə gələn hər bir kəs nə isə yeni bir şey öyrənir.