AITF sərgisi on doqquzuncu dəfə qapılarını ziyarətçilərin üzünə açıb...

 

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF – 2023”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb. Pandemiya ilə bağlı üç il (2020-2022) fasilədən sonra keçirilən sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF – 2023”ün baş sponsoru qismində çıxış edir, Özbəkistan isə tərəfdaş ölkədir.

“Caspian Event Organisers”in baş direktoru Fərid Məmmədov “AITF – 2023” sərgisində yenidən bir araya gəlməkdən məmnunluğunu bildirib. O deyib: “Ənənə sərgi Bakıda 19-cu dəfə keçirilir. Builki sərgidə 15 ölkəni təmsil edən 50-dən çox şirkət, qurum öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edəcək. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulamış olur və xalqımızın qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirir”.

Diqqətə çatdırılıb ki, “AITF – 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən şirkətlər qatılıb. Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər.

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev beynəlxalq sərginin təşkilinin təqdirəlayiq olduğunu vurğulayaraq son illərdə ölkəmizdə turizm sahəsinin inkişaf etdirilməsi istiqamətində geniş işlərin görüldüyünü və bu sahəyə diqqətin ayrıldığını bildirib: “AITF – 2023” sərgisi pandemiya ilə bağlı yaranmış üçillik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirir. Xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir. Bu səbəbdən də istər xarici turistlərin ölkəmizə cəlb edilməsi, istərsə də daxili turizm xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aktiv və səmərəli fəaliyyəti dəstəkləyirik. Hazırda əsas məqsədimiz pandemiyadan əvvəlki rəqəmləri ən qısa zamanda bərpa edərək əvvəlkindən də çevik inkişafa və artıma nail olmaqdır. Ötən il 1,6 milyon xarici ölkə vətəndaşını ziyarətçi kimi qəbul etmişik. Bu, pandemiyadan əvvəlki rəqəmlərin 50 faizinə bərabərdir”.

DTA sədri qeyd edib ki, yaxın 3 il üçün hədəfimiz 2026-cı ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayını 4 milyon nəfərə, ölkədaxili turizm səfərlərinin sayını isə 6 milyon nəfərə çatdırmaqdır. İşğaldan azad olunmuş torpaqlarımızda da turizmi inkişaf etdirmək prioritet hədəflərdəndir. Fəal istirahətin ən geniş yayılmış və kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF – 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək baxımından olduqca əhəmiyyətli platformadır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov sərginin əhəmiyyətini vurğulayıb. Bildirib ki, iqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərə nisbətən fərqlənir. Pandemiyadan sonra ölkələr turist axını cəlb edilməsi uğrunda ciddi mübarizə aparır. Bu baxımdan ölkəmizdə turizm sektoruna mühüm diqqət ayrılır.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəsinin bu sərgidə ilk dəfə tərəfdaş ölkə kimi iştirak etdiyini bildirib: “Qardaş Azərbaycan və Özbəkistan xalqlarını türk xalqlarının etnosuna əsaslanan ortaq milli adət-ənənələr, din və mədəniyyət birləşdirir. Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli dostluq əlaqələrinin böyük tarixi və dərin kökləri var. Həmçinin iki ölkə arasında olan ticarət dövriyyəsini və turizm sahəsində olan əməkdaşlığı da xüsusi qeyd etmək olar. 2022-ci ildə Özbəkistana səfər edən turistlərin sayına görə Azərbaycan ilk 15-liyə daxil olub. Əminəm ki, növbəti illərdə də turizm sahəsi üzrə ölkələrimiz arasında əməkdaşlıq daha da inkişaf edərək ən yüksək pillələrdə qərarlaşacaq”.

Bolqarıstanın ölkəmizdəki səfiri Ruslan Stoyanov ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən danışıb: “Bolqarıstanın Turizm Nazirliyi Azərbaycan Dövlət Turizm Agentliyi ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə sadiqdir. Xalqlarımız arasında çoxillik dostluq münasibətlərini daha da dərinləşdirəcəyik. 2022-ci ildə Azərbaycandan Bolqarıstana gələn turistlərin sayı 5 min 40 nəfər olub, bu da 2021-ci il göstəriciləri ilə müqayisədə 114 faiz daha çoxdur”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, “AITF – 2023”ün yenidən açılması turizm sahəsinin inkişafı baxımından böyük və turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir.

Sonra ənənəvi lent kəsilərək Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF – 2023”) sərgisi açıq elan edilib.

Qeyd edək ki, aprelin 6-dək davam edəcək sərgi məkanında müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil olunacaq.