Rasim Balayev: “Tamaşaçı sevgisi məndə özünəvurğunluq yaratmayıb”

 

O, ekranların sevilən simasıdır. Ötən əsrin 70-ci illərindən qazandığı tamaşaçı sevgisi heç vaxt azalmayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev. Görkəmli aktyor bu il 75 yaşını qeyd edir. Mədəniyyət Nazirliyinin “Mədəniyyət sizinlə tanınır” layihəsinin çəkilişləri vəsiləsi ilə görüşdüyümüz sənətkarla qəzetimiz üçün də müsahibə aldıq.

 

– Rasim müəllim, Sizin üçün sənət nədir?

– Bütün həyatımı sənətə həsr etmişəm. Təxminən 9-10-cu sinifdən sənətə həvəsim olub. Ancaq ailədə sənətə gəlməyimi istəmirdilər. Bütün narazılıqlara baxmayaraq, özümü sənətdə tapdım. Artıq 50 ildən çoxdur ki, sənətdəyəm. Sənət həyatımın əsas qayəsidir. Mən sənətə çox böyük məhəbbətlə gəlmişəm. Şükürlər olsun ki, Azərbaycan kinosunun “qızıl dövrü”ndə bu sahəyə gəldim. Bəzən 8 film eyni vaxtda çəkilirdi. Mən bu filmlərin əksəriyyətində rol alırdım. Başım elə qarışırdı ki, bir də baxırdım ki, artıq növbəti il gəlir...

 

– Kinomuzun “qızıl dövrü”ndən danışdınız, ölkəmizdə bu sahənin indiki vəziyyəti haqqında düşüncələriniz necədir?

– Bu gün Azərbaycan kinosu, mənə görə, tamaşaçıları razı sala bilmir. Bunun da səbəbi vaxtilə inkişaf edən kino sahəsinin birdən-birə dayanması oldu. Nəsillərarası əlaqə, belə deyək, estafet qırıldı. Pessimist fikir deməyimə baxmayaraq, qeyd etmək istərdim ki, tarixdə belə hallar yaşanır. Sənətin müəyyən sahələrinin inkişaf və durğunluq dövrləri olur. Ümid edirəm ki, kino sahəmiz yenidən öz reysinə düşəcək, öz ənənələrinə sadiq qalaraq yenidən yüksəliş dövrünə qayıdacaq. Həm sənət adamları, həm də tamaşaçı kütləsini sevindirə biləcək yeni-yeni ekran əsərlərimiz yaranacaq.

 

– Canlandırdığınız obrazlardan ən çox sevdiyiniz hansıdır?

– Müxtəlif filmlərdə baş və epizodik rollarda oynamışam. Amma inanın ki, deyirəm, hər bir roluma, böyük-kiçikliyindən asılı olmayaraq, ciddi yanaşmışam. İndi ola bilsin ki, hansısa səbəbdən – ya dramaturji, ya rejissor tərəfindən, ya da elə mənim oyun tərzimdən tamaşaçını qane etməyən rollar olsun. Rollarımın içində mənə ən əziz olanı Nəsimidir. Niyə? Çünki ona qədər məni hər dəfə sınaqdan keçirirdilər və filmlərə çəkmirdilər. Deyirdilər sənin siman kino üçün deyil və s. Ay dolandı, il keçdi, “Nəsimi” çəkildi və uğurlu alındı. Ondan sonra, demək olar ki, mənim üçün yol açıldı. Məni nəinki Bakı kinostudiyası, hətta Orta Asiya ölkələri, Almaniya və Türkiyədən də filmə dəvət etdilər. Bu film mənə bir pasport verdi, yol açdı və bu mənada mənə çox əzizdir.

 

– Yəqin ki, özünüzü şanslı aktyor hesab edirsiniz. Siz elə ilk addımlardan sevilmisiniz. Aktyor tamaşaçı sevgisini necə qazanır?

– Bəli, özümü şanslı hesab edirəm. Xalqın mənə sevgisindən danışsaq, əvvəllər vatsap, feysbuk yox idi. Mənə çoxlu məktublar yazardılar. O qədər məktublar almışam ki... Deməyim odur ki, bu qürurverici haldır, ancaq insanı bir az da eqoizmə gətirib çıxara bilər. Əsas odur ki, bu sevgidən başgicəllənməsi olmasın. Çox şükür ki, bu sevgi məndə özünəvurğunluq yaratmayıb. Birincisi, istedadın olmalıdır. İstedadı heç kim heç kimə verə bilməz. İkincisi, təhsilin olmalıdır, bu sahənin elmini bilməlisən. Aktyorun uğur qazanması üçün istedad, zəhmətkeşlik və şans, bəxt olmalıdır. Bunlar birləşəndə aktyor uğur qazanır. Bir də xarizma şərtdir.

 

– Xarizma demişkən, kinomuzda bir neçə tarixi obraz yaratmısınız. Tarixi obrazı uğurlu canlandırmaq üçün xüsusi bir formul varmı?

– Birinci, dramaturji material, rejissor işi – bunların hamısı aktyorun uğur qazanmasına səbəb olan vasitələrdir. Bunlardan biri zəif olsa, aktyor uğurlu oynaya bilməz. Şansım onda gətirib ki, yaxşı əsərlərdə, yaxşı rejissor və yaxşı operatorlarla işləmişəm. Yəni uğurumun əsas səbəbkarları bu insanlar olub. Bir də sənətimə ciddi yanaşmışam. Bu gün də öyrənirəm. Bu gün mən yaxşı, dərin psixoloji bir filmə baxanda aktyorların oyunundan nələrsə öyrənirəm. Mənə belə gəlir ki, aktyor, ümumiyyətlə, hər bir sənətkar yaxşı öyrənməli və heç vaxt mən zirvədəyəm deməməlidir. 

 

– Mirzə Fətəli, Babək, Nəsimi, Cavid... Bu gün daha kimlərin obrazında çıxış etmək istəyərdiniz?

– Yox, bilirsiniz biz aktyorlar ssenaridən asılıyıq. Teatrda belədir ki, aktyor klassik rol istəsə, rejissor o tamaşanı qoyur və aktyora da rol verir. Kino bir az fərqlidir. Mənim arzumla iş əmələ gəlmir. Mənim çox illərim boşa getdi. Filmlər çəkilmədi. Bizim o qədər qiymətli, tarixi şəxsiyyətlərimiz olub ki... Onları tamaşaçıya kino dili ilə təbliğ etmək lazımdır. Məsələn, bu gün biz Qələbə qazanmış bir xalq kimi igid oğullarımızın obrazlarını kinoya gətirməli, tarixi şəxsiyyətlərimizi həm gəncliyimizə, həm də dünyaya təbliğ etməliyik. 

 

– Bəzən aktyorlar “mənim rejissorum” ifadəsini işlədirlər. Sizin rejissorunuz kimdir?

– Bu gün heç kim. Amma vaxtilə məni başa düşən və mənim başa düşdüyüm rejissorlar olub. Böyük ustadların öz komandası olur: sevdiyi, inandığı aktyor heyətini öz ətrafında cəmləyir. Həmfikir olmaq, həmahəng duyğular gözəl işlərin ərsəyə gəlməsinə şərait yaradır.

 

– Müsahibələrinizdən birində deyirsiniz ki, Nəsimi obrazını rus dilinə dublyaj edən böyük rus aktyoru Vyaçeslav Tixonovla görüşünüzdə bu obrazın kinoda ilk işiniz olmasına inanmayıb...

– O mənə həmin vaxt dedi ki, sən sanki bu obraza qədər xeyli filmə çəkilmisən. Mən dedim televiziya tamaşalarında rol almışam, nə qədər olmasa, kinoya yaxındır. Bu fikir onun böyüklüyündən idi. O özünün ilk rollarından danışıb mənim obrazımı səmimi şəkildə təhlil etmişdi. O, çox ziyalı bir insan idi.

 

– Ümumiyyətlə, sovet kinematoqrafları ilə münasibətləriniz necə idi?

– Tanışlıqlarımız var idi. Festivallarda tez-tez görüşürdük. Məsələn, Aleksandr Abdulov, Nikolay Karaçensovla görüşlərim olub. Smoktunovski ilə çəkilmişəm və “Özbəkfilm”də birgə çəkilişimizdə onun nə qədər sadə və səmimi bir insan olduğunu gördüm. Bir dəfə Sankt-Peterburqda filmə çəkilirdik. Onu qarşılamaq yaddan çıxmışdı. Özü taksi ilə çəkiliş meydançasını tapıb gəlmişdi. Bütün bunlar gənc aktyorların formalaşması üçün bir məktəb idi. “Özbəkfilm”də və digər kinostudiyalarda çəkiləndə həmişə böyük aktyorları müşahidə edib onlardan öyrənməyə çalışmışam.

 

– Bu gün kinoda və teatrda bəyəndiyiniz artistlər varmı?

– İstedadlı gənclərimiz var. Aktyor sənətini müəllimdən, kitabdan öyrənirsən. Bunu səhnədə və çəkiliş meydançasında nümayiş etdirməyə şərait olmalıdır. Ucuz seriallarda məktəb yoxdur. Bu gün aktyorun işi çox çətindir. Çünki internet dövrüdür: tamaşaçı dünyanın ən gözəl filmləri və istedadlı aktyorları haqqında məlumatlıdır. Onu təəccübləndirmək, inandırmaq üçün gərək həyatın özü qədər real olasan. Real olmaq üçün isə yüksək peşəkarlıq tələb olunur. Bugünkü tamaşaçını inandırmaq çox çətindir. Əvvəllər pafosla tamaşaçını ələ almaq mümkün idi. Sənətə gələn adam bilməlidir ki, istedadı olmalı və öz üzərində hər zaman çalışmalıdır.

 

– Mütaliə edirsinizmi?

– Bəli, 50 ildən çoxdur hər gecə iki səhifə oxuyub yatıram.

 

– Ən çox kimləri oxuyursunuz?

– Klassikləri sevirəm. Yaxşı şairlərimiz var. Ramiz Rövşən və digər müasirləri oxuyuram. Bəzən 30-40 il əvvəl oxuduğumu bu gün daha dolğun başa düşürəm. Bu da yaşla əlaqəlidir yəqin...

 

– Rəhbərlik etdiyiniz ittifaqda işlər necə gedir?

– İttifaq yeni filmlərin premyeralarını edir, gənc rejissorların işinin müzakirəsini aparırıq. Yəni işimiz olur, amma əvvəlki kimi deyil. Şəraitimiz olmadığı üçün hazırda cari işlərlə məşğuluq. Çalışırıq ki, istedadlı insanları önə çəkək, film verilməsi ilə tövsiyə edək və s.

 

– Son dövrdə iki kino ittifaqının birləşdirilməsi məsələsi gündəmə gəlmişdi...

– Mənim fikrimcə, əlbəttə, bir ittifaq olmalıdır. Bu məsələyə, məncə, nə vaxtsa, baxılacaq və həll olunacaq.

 

– Bu il kinomuz üçün əlamətdar tarixdir: Azərbaycan kinosunun, “Azərbaycanfilm”in və rəhbərlik etdiyiniz ittifaqın yubileyidir. Bununla bağlı hər hansı layihələr gözlənilirmi?

– Təbii ki, bu yubileylər münasibətilə müəyyən tədbirlərimiz olacaq. İndidən hansı gündə, harada olacağını deməyə çətinlik çəkirəm. Amma mütləq olacaq.

 

– Bu il həm də Sizin yubileyinizdir...

– Yubileyimi dostlarla, kiçik çevrədə qeyd edəcəyik.

Lalə Azəri