Həyat bir sınaq, mübarizə meydanı, eyni zamanda özünü əməlinlə təsdiqləmək, öhdənə düşən vəzifəni layiqincə yerinə yetirmək, işini sevə-sevə, peşəkarcasına görməkdir. Hər bir peşənin peşəkarı olmaq da hər insana nəsib olmur. İşinə bağlı, peşəsinin vurğunu olmaq insanı hər zaman yaşadır. Onlar bu dünyadan köçəndən sonra da yaddaşlarda, xatirələrdə yaşayırlar, əməlləri ilə gələcəyimizə örnək olurlar. Bunu tanıdığımız, haqqında eşitdiyimiz insanların timsalında görmək mümkündür.
Müdriklərin belə bir sözü var: “Keçmişini bilmədən gələcəyini doğru-düzgün qura bilməzsən”. Keçmişini unutmaq tədricən yox olmaq deməkdir. Tariximizin yadigarlarını öyrənmək, mühafizə və təbliğ etmək bir vətəndaşlıq borcudur. Buna peşə vurğunluğu əlavə olunarsa, vətənə sevgi ilə dolu bir ömür yolu başlanır. Bu ömür yolunu yaşayanlar da hər zaman bizimlə birlikdə olurlar, sağlığında zəhmətlə, sevgi ilə əldə etdikləri, özlərindən sonra qoyub getdikləri hər nə varsa, əbədi qalır. Əsas odur ki, bu yadigarları göz bəbəyi kimi qoruyub saxlayasan, gələcək nəsillər üçün çatdırasan. Keçmişə ehtiram hissi ilə böyük məsuliyyətlə gələcəyə doğru addımlayasan, özündən sonra bir iz qoyasan.
Sadaladığım bu keyfiyyətlər Əməkdar mədəniyyət işçisi Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasında müstəsna əməyi olmuş, qırx ilə yaxın muzeyə rəhbərlik etmiş Xalis Məmmədovun (1946-2021) şəxsiyyətində tamamilə təzahürünü tapmışdı. Bu gün onun sevgi-məhəbbətlə topladığı, 1979-cu ildən əldə edərək bu günümüzə ərməğan etdiyi hər nə varsa, yaşı qədim və əzizdir. Vətənimiz Azərbaycanın bir parçası olan Qəbələdə belə gözəl bir təşəbbüsü gerçəkləşdirmək, tariximizi yaşadan əşyaları toplayıb bu muzeydə cəm etməklə o, xalqa, dövlətə böyük fayda verdi. Onun gördüyü işlərə və bu günə tarixi irs kimi yadigar qalan muzey materiallarına diqqət yetirdikcə işinə nə qədər bağlı olduğunu aydın şəkildə görürük. Muzeyin fondunda mühafizə edilən 13 869 ədəd tarixi nümunənin bir araya gəlməsi onun əməyinin bəhrəsidir. Əməklə bərabər tariximizə olan sevgi, maraq və dəyər də açıq şəkildə görünməkdədir. Hər bir eksponatın yaşı, təyinatı və s. bu amillər onu deməyə əsas verir ki, Xalis Məmmədov işinin peşəkarı olub.
Onun peşəkarlığı özü həyatda olmasa belə aydın şəkildə görünür. Yaşadığı illər ərzində ailə həyatı qurmayıb bütün ömrünü muzey işinə sərf etməklə bu gün bizim üçün, gələcək üçün tarixi xəzinə qoydu. Kəndbəkənd gəzərək tarixi əşyaları toplamaqla, maraq doğuran təbii daşları, ağacları muzeyə gətirməklə fondu zənginləşdirdi. Bu gün Xalis müəllim həyatda olmasa da, onun ömrü hər bir eksponatda tarix kimi yaşayır. Onun mənalı ömrü bir tarixə çevrilərək hər bir muzey işçisinin, o cümlədən mənim yaddaşımda dərin iz qoyub. Müxtəlif illəri əhatə edən əşyalarının hər birinin qədimliyi ilə bərabər eksponat olaraq muzeyə bağışlanılması da maraqlı hekayəni xatırladır. Bir sözlə, bu zəngin tarixi yadigarların mühafizə edildiyi muzey əsl xəzinədir.
Tariximizi, milli adət-ənənələrimizi yaşadan, gələcəyimizə zəngin xəzinə olan Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi bir sənət məbədidir desəm, yanılmaram. Biz də tariximizi sevərək, milli adət-ənənələrimizin qorunması, yaşadılması, Azərbaycanın qədimliyinin nişanəsi olan hər nə varsa gələcək nəsillərə çatdırılması işində Xalis Məmmədov yolunu layiqincə davam etdirməkdə böyük məsuliyyət hiss edir, onun zəhmətlə bir araya gətirdiyi tarixi-mədəni sərvətlərimizi yaşatmaqdan şərəf duyuruq.
Xalis Məmmədovun Azərbaycan tarixinə sıx bağlılığını, işinə nə qədər vurğun olduğunu onun əməlində görürük. Gələcəyə doğru istiqamət keçmişə nəzərdən başlanır.
Bəxtiyar Vəliyev
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru