5-8 aprel tarixlərində Bakıda Rusiya kinosu günləri keçirilir. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) dəstəyi ilə gerçəkləşən layihənin açılışı aprelin 5-də Nizami Kino Mərkəzində olub.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov giriş nitqində diqqətə çatdırıb ki, Bakıda belə bir layihə axırıncı dəfə pandemiyadan öncə həyata keçirilib. Səfir qeyd edib ki, Rusiyada hər il müxtəlif janrlarda bir çox filmlər çəkilir, kinofestivallar keçirilir, kinematoqrafiyaya böyük diqqət yetirilir.
Azərbaycan Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov hər il həm Azərbaycanda, həm də Rusiyada keçirilən mədəni tədbirlərin qarşılıqlı əməkdaşlığa töhfə olduğunu bildirib.
Bakıdakı Rus Evinin (RİMM) rəhbəri İrek Zinnurov Azərbaycan və Rusiya arasında münasibətlərin zəngin tarixindən söz açaraq, layihənin həyata keçirilməsi üçün təşkilatçılara təşəkkür edib.
Festival rejissor Aleksey Pimanovun çəkdiyi “On bir səssiz adam” filminin nümayişi ilə açılıb. Film Moskvanın məşhur “Dinamo” komandasından bəhs edir. 77 il əvvəl idmançılar İngiltərə Futbol Assosiasiyasından cəlbedici təklif alıblar. Beləliklə, onlar Londonda ingilis klubları ilə yoldaşlıq oyunları keçirmək imkanı əldə ediblər...
Qeyd edək ki, Rusiya kinosu günlərinin proqramına “Suvorov: böyük səyahət” (rejissor Boris Çertkov), “Liberiya: xəzinə ovçuları” (rejissor Qleb Orlov) və “1941. Berlin üzərində qanadlar” (rejissor Konstantin Buslov) filmləri də daxildir.
Aprelin 7-də Bakıdakı Rus Evində Rusiyanın Xalq artisti Yuri Nazarov və aktrisa Polina Neçitaylo ilə yaradıcılıq görüşü keçiriləcək.