37-ci Beynəlxalq Ankara Musiqi Festivalının ilk konsertindən yadda qalanlar
Azərbaycan-Türkiyə dostluq münasibətləri əsrlər boyu möhkəm dayaqlar üzərində formalaşıb. Cəmiyyət həyatının bütün sahələrini, cümlədən mədəniyyət sahələri əhatə edən bu dostluq “bir millət, iki dövlət” anlayışı altında birləşir.
Son günlərin mötəbər mədəni hadisələrindən olan 37-ci Beynəlxalq Ankara Musiqi Festivalı (4-28 aprel) da iki ölkə arasında mədəni əlaqələrin dərinliyinin göstəricisidir. Pandemiya ilə bağlı üçillik fasilədən sonra işini bərpa edən builki festivalda ölkəmiz geniş heyətlə təmsil olunur. Türkiyə və Azərbaycanla yanaşı, festivalda İtaliya, İspaniya, İngiltərə, İndoneziya, Tayvan, Çexiya, ABŞ, Makedoniya, Xorvatiya və Çindən dəvət olunmuş ifaçı və qruplar iştirak edirlər.
Tədbirlər silsiləsinin əsas qayəsi fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələlərdə zərər görmüş insanlara dəstək olmaqdır.
Festivalın ilk konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəkləşdi. Xalq artisti Murad Adıgözəlzadə (piano) və Əməkdar artist, gənc violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyevin çıxışları, Əməkdar artist, öz dəst-xətti ilə tanınan, dünyanın bir çox səhnələrində parlamış Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifaları Ankara musiqisevərlərinə unudulmaz anlar yaşatdı.
Bu konserti əlamətdar edən bir çox məqamlar vardı. Onlardan biri uzun illərdən sonra M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcı kollektivlərindən olan Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yenidən Türkiyədə çıxışı idi. Bu layihənin həyata keçirilməsində uzun müddət klassik musiqini həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliğ edən “Premier LTD” konsert agentliyinin rəhbəri Nəzakət Qasımovanın böyük xidmətləri var.
Bəllidir ki, XX əsrin 90-cı illərində Azərbaycan musiqiçilərinin bir çoxu qardaş ölkəyə dəvətlər alıb, burada müxtəlif ali məktəblərdə, musiqi ilə bağlı olan kollektivlərdə çalışıblar. Bu səbəbdəndir ki, türk ifaçılıq və bəstəkarlıq məktəbinin formalaşmasında azərbaycanlı musiqiçilərin rolu danılmazdır.
Aprelin 4-də Ankara səhnəsində çıxış edən azərbaycanlı solistlər Murad Adıgözəlzadə və Elvin Xoca Qəniyevin sələflərinin bu ölkə üçün gördükləri işlər haqqında yetəri qədər danışmaq olar. Xalq artistləri Zöhrab Adıgözəlzadə və Sərvər Qəniyev – bu iki musiqi xadimi özlərindən sonra ənənələri əbədi yaşayacaq bir ifaçılıq məktəbi yaradıblar. Bu mənada Ankaradakı bu musiqi gecəsi, düşünürəm ki, həm də nəsillər və mədəniyyətlərin qovuşması idi.
Hər iki solistin səhnədə bir-birini duyaraq ifa etməsi, onlar arasında olan istedad, peşəkarlıq və doğmalığın mövcudluğu konsertin uğurunun açarı idi. İfaçıların emosiyaları dinləyicilərə ötürülür, onlar da musiqiçiləri ayaq üstə alqışlayırdılar. Həmin gecə dahi bəstəkarımızın adını daşıyan kollektivin hər bir üzvü Azərbaycan mədəniyyətinin layiqli təmsilçiləri olduqlarını bir daha sübut etmiş oldular.
Türkiyə paytaxtının incəsənət həyatında vacib əhəmiyyəti olan “CSO ADA Ankara”nın əsas salonunda gerçəkləşən bu konserti özəl edən məqamlardan digəri musiqi dərketməsi üçün ümdə olan akustik məqamların gözəl işlənilməsi oldu. Səslənən əsərlərdə ifaçıların hər bir toxunuşunun dinləyicilərə xüsusi zövqlə çatdırılması konsertin bədii əhəmiyyətinin göstəricisi idi.
Konsertin repertuarı F.Tüzünün “Çayda çıra”, F.Əmirovun “Violin, piano və orkestr üçün konsert”i və A.Dvorjakın IX simfoniyasından ibarət idi. Bu əsərlərdən əlavə, ilk hissənin sonunda J.Villiamsın “Schindler`s list” kinofilminə yazdığı musiqidən məşhur parçanın səslənməsi hər kəsi həyəcanlandıraraq kövrəltdi. Elvin Xoca Qəniyev səsləndirdiyi bu parçanı Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr etdiklərini dedi.
Konsert Niyazinin “Türk marşı” ilə tamamlandı. Tamaşaçıların xahişi ilə ifa edilmiş bu əsər orkestr səslənməsinin xüsusiliyini və dirijorla ünsiyyətdən zövq alındığını göstərdi. Belə ki, Fuad İbrahimovun səhnədə orkestrlə rahat ünsiyyəti, bəzi hallarda dirijorun idarəsi olmadan ifanın davamı bu musiqi kollektivinin nə dərəcədə peşəkar olduğunu və xüsusi hazırlığı nümayiş etdirdi.
Beləliklə, Azərbaycan musiqiçilərinin 37-ci Beynəlxalq Ankara Musiqi Festivalında çıxışı bir daha onu sübut etdi ki, musiqimiz və ifaçılarımız təkcə öz vətənimizdə deyil, eyni zamanda ölkəmizin hüdudlardan kənarda da nə dərəcədə sevilən, dinlənilən və gözləniləndir.
Ayla Kərimova-Zəkəriyyə
musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru