Bakı Xoreoqrafiya Akademiyasında (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” adlı tədbir keçirilib.
Tədbirdə tam orta təhsil pilləsi şagirdlərinin Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və təhsilin inkişafında görülən işlər, Heydər Əliyevin Azərbaycan balet sənətinə diqqət və qayğısı barədə çıxışları dinlənilib.
Vurğulanıb ki, məhz Heydər Əliyevin incəsənətə, ələlxüsus milli xoreoqrafiyaya, rəqslərə verdiyi böyük dəyərin nəticəsində 1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblı yaradılıb. Azərbaycan rəqs sənətinin daşıyıcılarına böyük diqqət və qayğı göstərilib. Heydər Əliyevin təşəbbüsü ilə 80-ci illərin ortalarında Bakı Xoreoqrafiya Məktəbi üçün xüsusi layihə üzrə bina inşa edilib. Ulu öndərin irsini yaşadan və inkişaf etdirən dövlət başçımız İlham Əliyevin 2014-cü ildə imzaladığı sərəncamla Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Şagirdlərin ifasında rəqs kompozisiyaları nümayiş etdirilib, Ulu öndərə ithaf olunmuş şeir nümunələri səsləndirilib.