Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub
Milli Məclis Ümummilli lider Heydər Əliyevin yubiley medalının təsis olunması ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin aprelin 11-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”yə əsasən yubiley medalı ilə Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə, dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə, dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə, həmçinin ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə, dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif oluna bilərlər.
Qanun layihəsinə əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.