İyunun 4-də Milli Kitab Mükafatının qalibləri elan olunub. Yazıçı Pərviz Cəbrayıl müsabiqədə 1-ci yeri tutub (“Yad dildə” romanı). 2-ci yerə Məqsəd Nur layiq görülüb (“Şəhər meri” romanı), 3-cü yeri isə Natiq Rəsulzadə (“Xunxarlar” romanı - rus dilində) və Nəriman Əbdülrəhmanlı (“Yolsuz” romanı) bölüşüblər.
   Birinci yerin qalibinə 3 min, 2-ci yeri tutana 2 min, 3-cü yeri tutanlara isə 1000 manat (hər birinə 500 manat) pul mükafatı verilib. Amerika yazıçısının əsərini ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcümə etmiş Kamran Nəzirliyə isə ABŞ səfirliyi 1000 manat mükafat verib.
   Qeyd edək ki, bu mövsüm Milli Kitab Mükafatı müsabiqəsinə 112 əsər təqdim olunmuşdu. Ekspertlərin seçdiyi 10 əsər qiymətləndirmə üçün münsiflər heyətinə verilmişdi. 16 münsifin əsərlərə verdiyi ballara görə (10 ballıq sistem üzrə) yazıçı Pərvizin “Yad dildə” romanı 128, Məqsəd Nurun “Şəhər meri” əsəri 127, Natiq Rəsulzadənin “Xunxarlar” və Nəriman Əbdülrəhmanlının “Yolsuz” romanları 119 bal toplayıb.
   MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” nəşriyyat evidir.