“Leyli və Məcnun” marionet tamaşasının nümayişi başlanır
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrı “Leyli və Məcnun” tamaşasının nümayişinə başlayır.
Teatrdan bildirilib ki, tamaşa aprel ayında üç dəfə (15, 22, 29 aprel) sənətsevərlərə təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjimançısı, Xalq artisti Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Səhnə əsəri ürkək və vəfalı gənclərin dünyalara sığmayan bir eşq hekayəsindən bəhs edir. Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur... Tamaşada Avropa klassik ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnunla birbaşa analogiyası da diqqət çəkir.
Qeyd edək ki, Bakı Marionet Teatrı Üzeyir Hacıbəylinin ölməz “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il iş aparıb. Tamaşanın premyerası 2016-cı ilin dekabrında keçirilib. Kollektiv bu səhnə işi ilə bir sıra ölkələrdə festivallara da qatılıb.