Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayon Təhsil Şöbəsinin dəstəyi ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Əsrin lideri” mövzusunda bilik yarışı keçirilib. Ağstafa rayon ümumtəhsil məktəblərindən 10 komandanın iştirak etdiyi yarışda 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası, Həsənsu kənd tam orta məktəbin “Zirvə” komandası və Vurğun qəsəbə tam orta məktəbin “Lider” komandası ilk üç yeri tutub.

Ağstafa rayon Mədəniyyət Mərkəzində də yeniyetmə və gənclər arasında “Heydər Əliyev İli” ilə bağlı bilik yarışı təşkil edilib. Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin “Uğur” komandası I yerə layiq görülüb.

Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev – 100” adlı kitab sərgisi keçirilib. Sərgidə dahi siyasətçinin ömür yolu və siyasi fəaliyyəti ilə bağlı kitablar nümayiş etdirilib.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Bizim Heydər babamız” başlıqlı məktəbdaxili müsabiqə keçirilib. İxtisaslar üzrə fərqlənən şagirdlər fəxri fərmanla təltif olunub.

Tovuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni gəncliyin gözü ilə” başlığı altında səyyar sərgi keçirilib.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və rayon Hacıbədəlli kənd Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib. Çıxışlarda müdrik dövlət xadiminin çoxşaxəli fəaliyyətində  mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Mərkəzin rəqs kollektivi “Xarıbülbül” rəqsi, Musiqi məktəbinin xor kollektivi isə “Ulu öndər” mahnısı ilə tədbirə xoş ovqat qatıb.

Mərkəzdə həmçinin Ağcabədi şəhər Uşaq musiqi məktəbi ilə birgə “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” adlı tədbir də keçirilib. Şagirdlər F.Əmirovun “Fortepiano üçün 12 miniatür” məcmuəsindən “Vals” və A.Gərayın “Bağçakürd” əsərini, məktəbin xor kollektivi isə Ü.Hacıbəylinin “Çırpınırdın, Qara dəniz” mahnısını səsləndirib.

Rayondakı Heydər Əliyev Mərkəzi və Qarabağ Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan muğamı” adlı tədbir keçirilib. Mərkəzin səs müəllimi Əhəd Təhməzovun və 5-ci sinif şagirdi Səbuhi Əliyevin ifasında Ulu öndərin xüsusilə sevdiyi “Alagöz”, “Küçələrə su səpmişəm” mahnıları səsləndirilib.

Ağdam rayon Seyidli kənd Uşaq musiqi məktəbinin bir qrup müəllim və şagirdi Yevlax şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət edib.

***

İsmayıllı RMİ, rayon Heydər Əliyev Mərkəzi, F.Əzimov adına Uşaq incəsənət məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, MKS və Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib.

Şamaxı rayon Heydər Əliyev Mərkəzi və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində gənclər arasında intellektual yarış keçirilib. “Zirvə” komandası I, “Dəmir yumruq” II, “Turan” isə III yerə layiq görülüb.

***

Şəki şəhər Uşaq incəsənət məktəbində “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir keçirilib. Şagirdlər maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Şəki şəhər MKS-nin Mərkəzi Kitabxanasında “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı elmi-nəzəri konfrans keçirilib. Tədbirdə “Heydər Əliyev İli” və “Tarix yalnız şəxsiyyətləri yaşadır” adlı sərgilər nümayiş etdirilib.

***

Biləsuvar RMİ və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Salyan Dövlət Kukla Teatrında keçirilən tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Salyan rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəb şagirdləri arasında “El bilir ki, sən mənimsən...” adlı şeir qiraəti müsabiqəsi keçirilib. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

***

Ucar Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir təşkil edilib. Məktəblilərin iştirak etdiyi tədbirdə Ümummilli liderin Azərbaycan mədəniyyətinin inkişafına diqqət və qayğısından söhbət açılıb, sərgi nümayiş etdirilib.

Zərdab rayon Qoruqbağı kənd Diyarşünaslıq klubu, Qoruqbağı və Yastıyol kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı məktəblilər arasında rəsm müsabiqəsi keçirilib.

Zərdab rayon MKS-nin Şahhüseynli kənd kitabxana filialının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev – 100” başlığı altında açıq kitabxana təşkil edilib.

***

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Unudulmaz gün” adlı sənədli film nümayiş olunub.

Sabirabad RMİ Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, musiqi nömrələri səsləndiriblər.

Şirvan şəhər Mərkəzi Kitabxanasında “Heydər Əliyev və Azərbaycanda gender bərabərliyi” adlı tədbir təşkil olunub. Çıxışlarda Ümummilli liderin qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına xüsusi diqqət yetirdiyi vurğulanıb.

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib. Konfransın sonunda S.Hüseynov adına Şirvan şəhər 1 nömrəli tam orta məktəb-liseyin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.

***

Kürdəmir rayonunun mədəniyyət müəssisələri və YAP Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” adlı tədbir keçirilib. Çıxışlarda Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə qayğısından söhbət açılıb.

***

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi, şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli musiqimiz” adlı tədbir keçirilib. Gəncə RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev mövzu üzrə çıxış edib. Sonda Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən videoslayd təqdim olunub.

Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib.

***

Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası və Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik irsi Azərbaycanın milli sərvətidir” mövzusunda tədbir keçirilib. Sonda şagirdlərin muzeyə və qalereyaya ekskursiyası təşkil olunub.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində rayon Bozayran kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə “Azərbaycan xalqının xilaskarı” mövzusunda tədbir keçirilib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin Cəlilabad rayonuna səfərlərindən xatirələr” adlı layihəyə başlanılıb. Layihə çərçivəsində ilk görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı  Ulu öndərin 1998-ci ildə Cəlilabad rayonuna səfəri ilə bağlı xatirələrini bölüşüb.

***

Sumqayıt Gənclər Kitabxanası, Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Sumqayıt şəhər komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Xəmsə” intellektual yarışı keçirilib. “Tarixin azərbaycanlı dahisi”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və neft strategiyası”, “44 günlük Vətən müharibəsi” adlı 4 turdan ibarət olan yarışda 1, 5, 12, 23 və 31 nömrəli tam orta məktəblərin 8-11-ci sinif şagirdləri iştirak ediblər. “Zəfər” komandası I, “Qələbə” komandası II, “Tusi” komandası isə III yerə layiq görülüb.

Hazırladı: N.Məmmədli