Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aprelin 12-də “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Konfransı ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq Ulu öndərin 100 illik yubileyinin ölkəmizdə və xaricdə geniş əhatəli şəkildə qeyd olunduğunu söyləyib. Rektor universitetin əməkdaşları arasında Ulu öndəri şəxsən tanıyan, onunla keçirilən yaradıcılıq görüşlərində iştirak edən və dahi şəxsiyyətdən xeyir-dua alan professor və müəllimlərin də olduğunu bildirib. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrinin inkişafını diqqətdə saxlamış dahi şəxsiyyətdir. Mədəniyyət və incəsənət xadimləri ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi diqqət və qayğı ilə yanaşırdı.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahı naminə gördüyü misilsiz işlərdən söz açıb. Vurğulayıb ki, Ulu öndərin bütün xidmətlərinin fövqündə həmişə istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək dayanıb. Dahi siyasətçi istiqlalımızı əbədi yaşatmaq üçün möhkəm təməllər də qurub.
Rafael Hüseynov Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin klassiklərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. Deyib ki, hər zaman milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ulu öndər hələ keçmiş sovet dövründə bütün imkanlarını sərf edərək mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına böyük dəstək verirdi.
Tədbirə onlayn qatılan Türkiyənin Qazi Universiteti, Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin rəhbəri professor Alev Çakmakoğlu Ulu öndərin hakimiyyəti illərində ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb. O, Ümummilli liderin “Bir millət – iki dövlət” kəlamını xatırladan professor bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə Bakıda Atatürk Mərkəzinin açılması böyük dövlət xadiminin ortaq dəyərlərə verdiyi qiymətin bariz nümunəsidir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini professor Jalə Əliyeva bildirib ki, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onu təkcə yubiley günlərində deyil, hər an xatırlamaq hamımızın mənəvi borcudur.
Digər çıxış edənlər Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasətindən söz açıb, Ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Heydər Əliyevin mədəniyyət siyasətinin müxtəlif istiqamətlərindən bəhs edən məruzələr dinlənilib.