Lənkəranda fəaliyyət göstərən “Şəfəq” Ekoturizm İctimai Birliyi “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” adlı layihə həyata keçirir. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşan layihənin məqsədi turizm sənayesi üçün peşəkar kadr hazırlığına töhfə verməkdir. Layihə çərçivəsində gənclər üçün bələdçi (gid) və qeydiyyatçı (resepşn) xidməti üzrə 5 günlük təlimlər təşkil olunacaq. Bələdçi xidməti üzrə təlimin oktyabrın sonunda Qəbələdə, qeydiyyatçı xidməti üzrə təlimlərin isə noyabrın sonunda Lerikdə keçirilməsi planlaşdırılıb.
Təlim iştirakçıları ərizə əsasında müəyyən meyarlara uyğun olaraq seçiləcəklər. Təlimlərdə iştirak edən gənclər müxtəlif turizm müəssisələrində işləmək imkanı əldə edəcəklər.
Layihə çərçivəsində sentyabr və oktyabr aylarında Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının gəncləri ilə bir sıra görüşlərin keçirilməsi də planlaşdırılıb.
Ceyhun