Qoqolun povesti köhnə-yeni mimçilərin yozumunda...
Oxuyanlar bilir ki, “Şinel” povesti rus yazıçısı Nikolay Qoqolun maraqlı və məzmunlu (mənə görə isə, bütün zamanlarda müasir) əsərlərindəndir. Hər cəmiyyətdə Qoqolun qəhrəmanı kimi olanlar və onların bir-birinə yaratdığı əngəllər var. Sözsüz ki, yaşamaq və arada yaşadığını özün qarışıq hamıya göstərmək də bunun içində. Qısacası, hamı yırtıq şinelini təzələmək üçün çalışıb-vuruşur. Özlüyündə sevincləri, qələbələri, uğurları da olur. Amma heç bir əhəmiyyəti yoxdur. Çünki bütün hesablarda öndə zaman və onun diktəsi ilə dəyişən cəmiyyət qanunlarıdır...
Ötənlərdə Dövlət Pantomima Teatrında bu əsərin motivləri əsasında hazırlanmış “Şinel”ə baxdım. Bundan əvvəl isə onu Teatr Xadimləri İttifaqının səhnəsində, festival tamaşası kimi izləmişdim.
Bu tamaşa mənim üçün həm də Pantomima Teatrının yaradıcısı Xalq artisti Bəxtiyar Xanızadənin sənət “şinel”indən çıxıb sonradan özlərinə fərqli məkanlarda şinel tədarük edənlərin yuvaya qayıdış elanı kimi də maraqlı idi. Ceyhun, Elnur və Əli. Ola bilər, başqa qayıdanlar da var, amma mənim diqqətim bu üçlükdə idi...
Bu köhnə mimçilərin qırışı açılmayan “Şinel”inin rejissoru Ceyhun Dadaşovdur. Rəqslərin quruluşunu isə Ceyhun Dadaşovla Elnur İsmayılov verib.
Oyunçulara gəlincə, “Şinel” köhnələrlə təzələrin yaxşı tandemidir: Elnur İsmayılov, Əli Əlizadə, Hilal Dəmirov, Nurlan Süleymanov, Zəhra Hüseynova, Nəzrin Zeynalova, Oqtay Kazımov və Aydan Həsənova.
Onu da deyim ki, yaşı 30-u haqlayan teatr hazırda 11-ci truppası ilə fəaliyyətini davam etdirir. Gənclər gəlir, işləyirlər. Kütləvi auditoriyası olmayan bu sənətdə duruş gətirənlər qalırlar. Buna Xanızadənin fəlsəfə və sənət məziyyətlərinə dözənlər də demək olar. Bu gün üçün demirəm, amma sənət üçün, həyat üçün, gələcək üçün mütləq udurlar. Bunu 3-5 ilə hamımız görəcəyik. Niyə? Çünki mövcud incəsənət təhsili sistemində pantomima teatrı üçün kadr hazırlanmır və aktyor diplomlu gənclər sadəcə, Xanızadənin məktəbindən keçib pantomima aktyoru olurlar. O da uzağı 1-2 nəfər. Odur ki, qədrini bilək...
İndi keçək zaman-zaman Xanızadənin sənət şinelində daldalananların özlərinə biçib-tikdikləri “Şinel”ə.
Rejissor Ceyhun Dadaşov əsərə fərqli prizmadan baxıb. Süjet xəttini bir geyim üzərində qurur. Biz material olaraq şineli görsək də, mahiyyət olaraq həyat uğrunda yaşamağın kortəbii dərzilərinə çevrilirik. Gah kil qayçı ilə kəsir, gah şiş iynə ilə köklər atır, gah da əynimizə keçə bilməyən geyimimizi təzədən söküb yerə qoyuruq. Səbri çatanlar üsküyü barmağına keçirib ehmalca parçaları üst-üstə qoyub təzədən tikişlər atır. Hövsələsini basıb kəsənlər də kor iynə barmağını dəlik-deşik etsə belə, iki yaxasını bir araya gətirə bilmir ki, bilmir. Əlqərəz, pal-paltar bəhanəsi ilə hərə öz hayındadır.
Şinel bəhanəsi ilə biz nəyi görürük? Uzağa getmədən özümüzdə inkar edib, başqasında barmaqla göstərdiyimiz xüsusları: riyakarlığı, qorxaqlığı, möhtəkirliyi, tamahkarlığı, acgözlüyü, kəmfürsətliyi ... və fağırlığı. Bəli-bəli, fağırlığı və bunun gətirdiyi mütiliyin dibini.
Səbəbi də aydın görünür: heç kim öz yorğanına görə ayağını uzatmır. Hamının burnu hamının həyatında, hamının əli hamının cibində, birinin gözü o birinin qabında. Beləcə, hamının fikri başqasının ətəyindədir. Elə bilir onun geyimi buna daha yaxşı yaraşar, daha çox lazımdı və daha çox onun haqqıdır. Başlayır vur-çatlasın. Əynimiz lüt qalır, əlimiz də boş...
Rejissorun günahkarı, səbəbkarı, dostu, düşməni, sevgini, nifrəti şinelin üzərində qurması yaxşı tapıntıdır. Axı, təzə görkəmliləri ev də sevir, el də.
Budur, parıltılı şinel geyinən köhnə adama hamı heyran qalır. O, tez köhnələri önünə qatıb kütləni idarə edir. Yorulanda onların çiyinlərində gəzir, darıxanda onları bir-birinə döydürüb qəşş edir, acıqlananda da əyin-başlarındakı cır-cındırı da əllərindən alır, nimdaşlarına belə həsrət qoyur. Qısacası, təzə şinelli köhnələrə divan tutur. Ta başqa bir təzə şinelli gəlincə. Öyrəncəlidirlər axı. Təzənin qırmızı rəngi, qızılı düymələri, şax yaxalığı daha çox xoşlarına gəlir. Heç ağzını açmağa imkan vermirlər. Qul-qarabaş kimi dizinin dibində bənd olub, mat-mat ağzına baxırlar.
Beləcə, sarı, yaşıl, göy şinellər bizi elədən belə, belədən elə adlayırlar. Hamı ona çatmaq arzusu ilə yaşayır və çox vaxt ona çatmadan ölür.
Sonda rejissor hamımızı şinelin cibinə yuvarladır. Xilas olmaq istəyən bir-iki ağıllını da kütlə itələyə-itələyə cibə dürtüb üstündən də özü keçir. Di, əcəl şineliniz mübarək!
Rejissor cəmiyyətdə gördüyü eybəcərlikləri Qoqolun “Şinel”i bəhanəsilə tamaşaçılara çatdırmağa çalışır.
Tamaşadakı aktyor oyunu üzərində ayrıca dayanmayacam. Çünki onlar kollektiv olaraq qəhrəmanların iztirablarını da, sevinc və mənəviyyatsızlıq ifadələrini də sərrast və qüsursuz çatdırırdılar. Tamaşanın musiqi tərtibatı, ideyanın alt qatındakı ağır məna yükünü yüngülləşdirən ritmləri bizi bir an belə olsun prosesdən ayırmadı.
Rəng harmoniyası (seçilən əsas rəng dini baxımdan diskriminasiya yaradacaq şüuraltı mesaj versə belə) hərəkət və mahiyyəti çatdıra bildi.
Nəticədə bizi udan, didib-parçalayan, yaşamaq cəhənnəm, heç adam kimi ölməyə belə qoymayan ideyalarımızın, çürük arzularımızın qalaqlanıb bizi gözlədiyi dibsiz, nəhayətsiz cibdə xərclənib gedirik. Özü də “pul əl çirkidir” dediyimiz saxta həqiqətimizlə. Deməli, bu günümüzün cümlə xəyanətlərə baiskarı... şineldir.
Həmidə Nizamiqızı