Tarkovskinin filmləri haqqında

 

Görəsən, sovet hakimiyyətinin sərt dövründə öz ideyalarını həyata keçirən və qarşılığında uzun müddət mənəvi sarsıntılara məruz qalan Andrey Tarkovski bu gün yaşasaydı, o vaxtlar olduğu kimi, ekranda insanların qəm pəncərəsinin yeni mənzərəsini sərgilərdi, yoxsa yeni yanaşma “izm”ləri kəşf edib, özünün keçmiş ideyasının əksinə çıxaraq, tamamilə fərqli bir kino əsəri yaradardı? 

Onun filmlərinin süjet xəttinin ovqatını qüssə, kədər, qəm, iztirab, mənəvi sarsıntı, ağrı-acı təşkil edir. Xoşbəxtliyin ömrü kəpənək ömründən də qısadır. Xoşbəxtlik insanlara bir anlıq bəxş edilir və həmən də geri alınır.

Tarkovski qəmli dünyanın kədər carçısıdır. O, kədərin obrazlı ekran versiyasıdır. Mənəvi işgəncələrdən sərməst olan sənətkardır. O özündə və yaradıcılığında kədəri simvolizə edir, onu inkişaf etdirməkdən “mənən” zövq alır, tamaşaçıları da öz ideyalarının “qurbanı olmağa” vadar edir. Yaradıcılığının yükü lentə aldığı yeddi əsas filmin üzərinə düşüb.

Onun ilk filmini – “İvanın uşaqlığı”nı (1962) müharibə dövründə baş verən hadisələrin ekran variantı adlandırmaq olar. Filmin baş qəhrəmanı 13 yaşlı İvan müharibənin yaratdığı kimsəsizdir. Müharibə onun ana və bacısını əbədiyyətin ağuşuna atıb. O, başına gələnlərlə barışmır, müharibənin səbəbkarları ilə mübarizə aparmaq üçün döyüş meydanına atılır, yaşına-başına baxmadan, kəşfiyyatçı kimi düşmən zonasındakı məlumatları öz yoldaşlarına çatdırıb, neçə-neçə insanı ölümdən qurtarır. Bununla da kifayətlənməyib daha da irəli getməyə çalışır, ancaq komandiri ona imkan vermir, onun normal uşaqlar kimi yaşamalı olduğunu söyləyib, uşaqlar evinə yollamağı qərara alır. İvan uşaq olsa da, öz qərarlarını verə biləcək ağıldadır. O, hətta komandirlə üz-üzə gəlməkdən çəkinməyib, onun fikrinə məhəl qoymur, israrla öz dediyinin arxasında durur.

İvan müharibənin yetişdirdiyi qəhrəmandır. Müharibəyə qədər rejissorun təsvir etdiyi İvanla müharibə ərəfəsindəki İvan arasında böyük fərq var. Deyib-gülən, əylənən İvanın müharibə zamanı siması qəzəb, gözləri nifrət saçır. Müharibənin yaratdığı İvan qəddardır, amansızdır, qisasçıdır, acımasızdır. Tarkovski İvanın timsalında müharibə uşaqlarının simasını yaradıb, kimsəsiz uşaqların sonrakı aqibətini, dağıdılmış ailələrin yaşadıqları mənəvi iztirabların ekran təcəssümünü verib. Rejissor müharibəyə sonsuz nifrətini kino dili ilə bəyan edərək, film boyu müharibənin baiskarlarına öz sənətkar lənətini yağdırır. Müharibə uşaqlarının daha tez böyüdüklərini və vaxtından əvvəl dünyayla vidalaşdıqlarını təsvir edir. Bu filmlə gözümüzün qarşısında “kimsəsizlərin naləsi” adlı ekran tablosunu yaradır.

Tarkovski 1966-cı ildə çəkdiyi “Andrey Rublyov”da isə həyata fərqli baxış sərgiləyir. Andrey Rublyov inanclı biridir. Dini əqidəsinə görə insan paklıq, təmizlik, ülvilik mərtəbəsinə yüksəlmək üçün dünya ləzzətlərindən tamamilə imtina etməlidir. Andrey Rublyov dünyəvi həzlərə aludəliyi qeyri-məqbul sayır, həyata qeyz və nifrətlə baxır, qadın nəvazişini rədd edir. O, dünya ləzzətlərinə aludə olmuş insanların mənəvi iztirablarını kənardan izlədikcə məyusluq məngənəsində əzilir. İnsanların mənəvi bəlalarını onların dünyapərəstlikləri ilə, miskinliyi və mənəvi kasadlığı ilə əlaqələndirir. Onun qəti inamına görə, insan mənən saflaşıb, Allaha yaxınlaşmazsa dünya fəlakətlərindən qurtula bilməz. Andrey nəinki sağlam, hətta ruhi xəstələrin də dünyadan kam almadıqlarına şahid olaraq, hər kəsdən uzaqlaşır və guşənişin olmaq qərarına gəlir. Andreyin daxilindəki “məni” onu yalnız Allaha qovuşmaqla rahatlıq tapdığına inandırır.

Tarkovski Andreyin nümunəsində fərdi sənətkar mövqeyini təqdim edir. O, Andreyin özünü yox, şəxsi mühakimələrini, düşüncə və həyata baxışını bəyənir.

Maraqlı fakt olaraq qeyd etmək lazımdır ki, Tarkovskinin filmlərində “qəhrəman” yoxdur. Bu filmlərdəki bədii obrazlar mənən şikəst, zəlil, əlil, aciz və qorxaqdırlar. Onlar yaşam mücadiləsi aparırlar. Tarkovskinin ekran mücahidləri həyatın anlamını dərk etməkdə aciz qalıb, hətta özlərinin varlıqlarının mahiyyətini anlamır, keçib getmiş günlərin nostaljisi ilə təsəlli tapırlar. 

Rejissor uşaqlıq dönəmində öz bioqrafik təəssüratlarına, yaşadığı olaylara biganə qala bilmir, anasının çəkdiyi iztirablı günləri “Ayna” filmində əks etdirir. “Ayna” filminin qəhrəmanı Mariya onu atıb getmiş ərinin yolunu gözləyərək tez-tez keçmiş xatirələrə dalır, ərinin bir gün ona dönəcəyinə özünü inandırır. Tarkovski bu filmdə Mariyanın gənclik və yetkinlik dövrünü təsvir edərək, çəkdiyi mənəvi sarsıntıları filmin süjet xətti boyu inkişaf etdirməklə, kulminasiya nöqtəsində Mariyanı şəxsi iztirablarının sıxıntısına salır.

Mariyanın gözləri ərinin getdiyi yollara dikilib və o, həmin yolu gözündən qoymur. Mariya qorxur, düşünür ki, əgər baxışlarını başqa səmtə yönəltsə, arzularına, məqsədinə çatmayacaq. Əriylə görüş səhnəsində Mariya əsəbidir, qəzəblidir, kinayəli gülüşü ilə hər şeydə özünü günahkar sayır, axmaqlıq etdiyini anlayır. Mariya əri tərəfindən atılmış tənha qadındır, ancaq bunun fərqində deyil. Sevgisizliyin, qayğısızlığın qurbanı olsa da, ərinə xəyanət edəcəyindən qorxub, kimsəylə münasibət qurmağı ağlına belə gətirmir. Filmin sonuna kimi Mariya sevgisizliyin yaratdığı qadınla – özüylə mübarizə aparır. Mariya ərindən gördüyü bivecliklə sonralar oğlunun timsalında üzləşir. Buna baxmayaraq, o öz doğma balasından da imtina etmədən, nəvəsinin əlindən tutaraq həmin yol boyu irəliyə doğru addımlayır.

Tarkovski ekranda kəşfiyyatçılıq etməyi sevirdi. İstər “Solyaris”, istərsə də “Stalker”də bədii kinematoqrafik təxəyyülündən istifadə edərək, hadisələri qeyri-müəyyən məkanda verərək qəhrəmanlarını anlaşılmaz olayların içərisinə salır. “Solyaris”in baş verdiyi hadisələrin məkanı məchul, buradakı qəhrəmanların kimliyli və vəzifələri bizə məlum olsa da, onların gördükləri işin mahiyyəti anlaşılmazdır. Professor Kris Kelvin baş verən hadisələri öz gözüylə görmək üçün Solyarisə yollanır və gördüklərinə inanmır. Çünki orada məlum olmayan canlılar yaşayırlar və onların haradan peyda olduğunu heç kim müəyyənləşdirə bilmir. Kris Kelvin burada böyük əzmlə işə başlayanda vaxtilə dünyasını dəyişmiş sevdiyi qadının siması mistik bir varlığın obrazında peyda olur. O, gördüyü qadının xəyal olduğunu və öz həqiqi arvadı olmadığını bilsə də, “yatdığı” yuxudan ayılmaq istəmir. Solyarisdə olan Snaut və Sartorius onu bu istəyindən çəkindirməyə çalışsalar da, Kris Kelvin hissləri ilə bacarmır və sevdiyi qadının xəyalən də olsa onunla yaşamasını istəyir. Bununla belə, Kris Kelvin nə qədər çətin olsa da, xəyali varlıqdan qurtulmaq qərarına gəlir. Ancaq bu qərar ona mənəvi iztirablar bahasına başa gəlir. Kris arvadının yoxluğunda çəkdiyi mənəvi sarsıntılarla baş-başa qalarkən için-için ağlayır. Yaşadığı hadisələrin kökündə sevgisizliyin, çarəsizliyin, tənhalığın boy atdığını anlayır. Solyarisdən geri qayıdarkən Kris öz ata evinə, keçmişinə qayıdır. Ötən xoş günlərinin xəyalı ilə aramla məlum olmayan yönə üz tutaraq gedir.

Kris də Mariya kimi təkdir, ancaq sevgisinə sadiqdir, Kris köməksizdir, çünki onun maddi yox, mənəvi dəstəyə ehtiyacı var. Tarkovski insanların hansı məkanda olmalarından asılı olmayaraq mənəvi böhrandan qurtula bilmədiklərini göstərir. İnsan göyün yeddinci qatında da olsa, daxildən onu sıxıb-əzən hadisələrdən uzaqlaşması mümkün deyil. Filmin ali məqsədinə görə, insan özü-özünə kömək etməsə, başqasının dəstəyi ilə onun həyatı dəyişməyəcək.

Tarkovski “Stalker”də həbsdən qayıtmış bir insanı filmin mərkəzinə gətirir, onun xəyallarını həyata keçirtməsinə kömək etməyə çalışır. Rejissor öz ideya-bədii məqsədinə çatmaq üçün ekran qəhrəmanlarını bəlli olmayan məkana – “təhlükəli zona”ya salaraq onları müxtəlif çətin vəziyyətlərdə sınağa çəkir. Nəticədə qəhrəmanlar öz istəklərinə nail olmadan evlərinə əliboş geri dönüb, həmin zonaya getdiklərinə görə özlərini qınayırlar.

Hər üç qəhrəmanı – Stalker, professor və şairi getdikləri yolda məğlubiyyətə uğradarkən rejissorun başlıca məqsədi onları mənəvi dilemma qarşısında qoymaq idi. İnsan öz məqsədinə çatmadıqda ümidləri ölməlidirmi? Stalkerin ümidləri qətiyyən sınmır və o, filmin sonunda növbəti dəfə daha hazır və qətiyyətli addımlarla “zona”ya gedəcəyini, orada istədiyinə nail olduqdan sonra geri dönəcəyini arvadına söyləyir.

Tarkovskinin yaradıcılığı boyu sovet rejiminin müxtəlif inzibati təzyiqlərinə görə filmlərin ssenarisini dəfələrlə dəyişmək məcburiyyətində qalıb. Hətta elə hallar olub ki, ssenarinin ekranlaşdırılmasına icazə verilməyib.

Rejissorun ömrünün son illəri Avropada keçib. 1984-cü ildə yaradıcılıq işi ilə bağlı İtaliyaya gedən Tarkovski geri qayıtmamağı qərara alır. Milanda ona mənzil, fəxri vətəndaşlıq verilir. Buna rəğmən o, vətən həsrəti ilə yaşayır. Uşaqlıq dövrü  əsasında “Ayna” filminin ssenarisini yazdığı kimi, qürbətdə çəkdiyi mənəvi böhranlarını “Nostalgiya” filmi vasitəsilə tamaşaçılara təqdim edir. Filmdə rus yazıçı Andrey Qorçakov İtaliyaya – XVIII əsrdə yaşayıb-yaratmış rus bəstəkarının sonrakı aqibəti ilə maraqlanmaq üçün – səfər edir. Bu səfər onun həyatında mənfi iz qoyur. Qorçakov İtaliyadan vətəninə geri qayıtmağa çalışsa da, uzun müddət öz istəyinə nail ola bilmir. İtaliyada qaldığı müddətdə Qorçakov daxilən sıxılır, xəyallara dalaraq ailəsini, yoldaşını, övladlarını görməyi arzulayır. Qürbətdə olarkən ailəsinin onun üçün nə qədər əziz və doğma olduğunu bir daha anlayır. Qorçakov qürbətdə yaşaya bilmir, hər şey onu darıxdırır, öz daxili sıxıntıları ilə mübarizə aparır, ancaq heç bir şey ona rahatlıq gətirmir.

Tarkovskinin çəkdiyi son film – “Qurbanvermə” (1986) onun digər filmlərindən tamamilə yeni baxış və həyata fərqli yanaşma ilə diqqət çəkir. Bu filmdə qəhrəman anlayışı daha ciddi və dəqiq düşünülmüş obrazın timsalında əksini tapır. Filmin qəhrəmanı Aleksandr ailəsiylə süfrə başında əyləşərək deyib-güldüyü yerdə televiziyada müharibənin başlayacağı xəbərini eşidirlər. Xəbərdən sarsılan Aleksandrın həyat yoldaşı huşunu itirir. Poçtalyon Otto Aleksandra tövsiyə edir ki, əgər o, cadugər Mariyayla yaxınlıq etsə, faciədən yayınacaqlar. Aleksandr Ottonun dediklərini edib ailəsinin yanına qayıtdıqda, Allaha verdiyi sözü xatırlayıb, vədinə xilaf çıxdığına görə peşman olur, ailəsini aldadaraq evdən çıxardıb, evinə od vurur. Evin yandığını görən ailə dəhşətlə baş verən hadisələrə baxdıqları zaman ekranda təcili yardım maşını və Aleksandrın cansız bədəninin həmin maşınla uzaqlaşdığını  görürük.

Aleksandr öz ailəsini, sevdiklərini – insanları qurtarmaq üçün özünü qurban verməyi gözə alır. Rejissor onun timsalında hər şeyini sevdiklərinin yolunda qurban verməyə hazır olan qəhrəman obrazını ekrana gətirir.

Tarkovskinin pessimist düşüncələri onun bütün filmlərinin süjet xəttinə sirayət edib. Bu kədər tamaşaçıları üzsə də, eyni zamanda rejissor kinosevərləri gələcəyə ümid və inamla baxmağa istiqamətləndirir. Tarkovskinin qadın qəhrəmanları dəlisovdurlar. Onların yaşam mənası sevgi və qayğıdır. Bu qadınlar sevgisiz qaldıqda balıq kimi çabalayır, nəfəs almaqda çətinlik çəkirlər. Tarkovski qadınlara sevgiylə yanaşaraq, onları sevgidən məhrum edən kişilərə ikrahını açıq-aşkar bildirir.

O, bütün qəhrəmanlarına həssaslıqla yanaşır. İstər müsbət, istərsə də mənfi qəhrəmanlarının hallarına acıyır, onlara mümkün qədər kömək etmək istəyir. Amma bütün filmlərində qəhrəmanlar istədiklərinə nail ola bilmirlər. “İvanın uşaqlığında” filmin sonunda İvan güllələnir, “Andrey Rublyov”da qəhrəmanın arzuları həyata keçmir, “Solyaris”də Kris Kelvin arvadının ölümünü, ağır da olsa, qəbul edərək Solyarisdən əliboş geri qayıdır, “Ayna”da Mariya ərinə qovuşa bilmir, “Stalker”də Stalker kəşf etmək istədiyi ərazidə istədiyini gerçəkləşdirə bilmir, “Nostalgiya”da Qorçakov vətən sevgisiylə dünyasını dəyişir.

Tarkovski bir daha Rusiyaya qayıtmadan 1986-cı ilin dekabrında, 54 yaşında xərçəngdən dünyasını dəyişir. Rejissorun yarımçıq qalan yaradıcılıq planları qırılmış kino lenti kimi acı təəssüf doğurur...

Tamilla Əliyeva
sənətşünas