“Hər kəs bəşərin tarixindən yazır, bəşəriyyəti bir addım irəli aparmağa xidmət edirsə, o yazıçıdır”
   
   İyunun 12-də Xalq yazıçısı İsa Hüseynovun - Muğannanın Yer üzünə gəldiyi gündür. O, Yer üzünə gəldi və bir müddət sonra eşitdiyi qədim və doğma ün onun gələcək taleyini büsbütün dəyişdi. Bağlarını itirib dünyada sərgərdan gəzən insanlara, elə özünə də yazığı gəldi.
   
   Axı bir zamanlar bu dünyada ölümsüz insanlar yaşardı. Sonuncu ölümsüz insan qeyb olanda, insan xoşbəxtliyini həmişəlik itirdi. O zamandan çox minilliklər keçib, lap çox... Ölümsüz insan, əbədi həyat, həqiqət işığı yalnız nağıllarda qalıb. Nə qədər çətin də olsa, o bağları xatırlamağa və qələmə almağa yazıçı İsa Muğannanın qüdrəti çatdı. Onun duyduqları və hiss etdikləri adi insan idrakından və fantaziyasından çox uzaqdır.
   “Əslində ölüm yoxdur. Əməlisaleh adamın nəfəsi kəsildiyi dəqiqədən beynindən işıq çıxıb şar şəklində toplaşır. Onun içərisində də insanın silueti. Bunu ancaq kainatın sirlərinə bələd olan adamlar görür. Sonra o şarın işində insanın gözünün rənginə, saçının sayına qədər nə varsa bərpa olunur. İki-üç gün Yerdə qalandan sonra kainata doğru hərəkət başlayır...”.
   “Arx” adlı hekayəsi ilə ədəbiyyata gələn İsa Hüseynovun “Yanar ürək”, “Doğma və yad adamlar”, “Tütək səsi”, “Məhşər” əsərləri nəsrimizə yeni təlatüm gətirdi. Tənqidçilər qeyd edirlər ki, məhz bu əsərlər vasitəsi ilə Azərbaycan nəsri 37-ci illərin vahimələrindən xilas olaraq cəsarətlə yeni mərhələyə qədəm qoydu. Bu İsa Hüseynovun daxili azadlığından irəli gəlirdimi, yoxsa...
   “Bunu daxili azadlıq adlandırmıram. Bu ünlə, mənim nəslimlə bağlıdır. Muğanna nəslinin kökü Süleyman peyğəmbərə gedib çıxır. Atəşpərəstlik yarananda Süleyman peyğəmbər öz adını və nəslinin adını Muğanna qoydu. Muğanna bizim muğlar, bizim bağlar, bizim Allahlar deməkdir. Ünə tabe olmaq bir tərəfdən azadlığı itirmək deməkdir. Amma ikinci tərəfdən o qədər kainatdan məlumat alırsan ki, o məlumatlar sənin özünü daxilən azad edir. Sən özünü Odər bəşəriyyətində hiss edirsən və o dövrün - birinci sivilizasiyanın qayıtması üçün çalışırsan. Bu da mənim yaradıcılığımın ikinci dövründə yazdığım əsərlərdə öz əksini tapıb”.
   Ədəbiyyatımızla yanaşı milli kinomuzun inkişafında İsa Hüseynovun misilsiz xidmətləri olub. Onun ssenarisi əsasında “26-lar”, “Ulduzlar sönmür”, “Nəsimi”, “Tütək səsi”, “Nizami” filmləri çəkilib. Kinostudiyada işlədiyi müddətdə bir çox filmlərin - “Yeddi oğul istərəm”, “Babək”, “Dəli Kür”, “Axırıncı aşırım” filmlərinin ekran taleyində həlledici rol oynayıb.
   “Məhşər” romanından sonra “İdeal”, “Qəbiristan”, “Gurun”, “Cəhənnəm” əsərlərini qələmə alan yazıçı bu barədə belə deyir: “Bu əsərlərin məğzində bəşəriyyətin taleyi dayanır. Hər kəs bəşərin tarixindən yazır, bəşəriyyəti bir addım irəli aparmağa xidmət eləyirsə, o yazıçıdır”.
   İsa Hüseynovu “Azərbaycanın Folkneri” adlandırırlar. Görəsən, onun dünya miqyasına çıxmağına nə mane oldu?
   “Mənim həddindən çox milli, Odər mədəniyyəti ilə bağlı olmağım.
   Ədəbiyyat uçuşdu. Hər dəfə uçuşdan sonra yerə enmək, reallığa qayıtmaq Muğannada hansı hisləri yaradır?”
   “Hər dəfə əsəri tamamlayanda elə bilirəm ki, daha heç bir ün eşitməyəcəyəm, daha heç nə yazmayacağam. Tamam boşalıram. Sonra ün məni elə yaxalayır, elə stola bağlayır ki, mən bir də əsəri qurtaranda hiss eləyirəm”.
   Qədim sivilizasiyanı diriltməyə cəhd edərək gələcəyin yazıçısı olan Muğanna 2012-ci ildə dünyanın sonu fərziyyəsinə necə baxır?
   - 2012-ci ildə Amerikada bütün xəstəliklərə qarşı bir dərman kəşf olunacaq və bu dərman bütün dünyaya yayılacaq. Mən özlüyümdə bunu əbədiyyət dərmanı adlandırıram. Yeri nə qədər su basır bassın, nə qədər tufan qopur-qopsun, həyat davam edəcək...
   Oxucularımız adından İsa Hüseynova cansağlığı, uzun ömür və əbədi həyat arzulayırıq.
   
   Təranə Vahidqızı