Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun (1969-1992) doğum günü münasibətilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa və Nərimanov rayon icra hakimiyyətlərinin rəsmiləri, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması, “Veteran Tankçılar” İctimai Birliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, Milli Qəhrəmanın ad günündə ilk olaraq Həzi Aslanovun məzarını ziyarət etməyimiz heç də təsadüfi deyil. Yeni yaranmaqda olan Azərbaycan Ordusunun ilk tankçıları, eləcə də Albert Aqarunov burada şəhidlərimizin, o cümlədən Həzi Aslanovun məzarı önündə and içərək müqəddəs savaşlara yollanmışdılar. 2020-ci il Vətən müharibəsi başlayanda da tankçılarımız “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” şüarı altında döyüş meydanlarına atılmışlar.

Sonra Milli Qəhrəman Albert Aqarunovun məzarı önünə güllər düzülüb, xatirəsi ehtiramla yad edilib. Din xadimləri şəhidlərin ruhuna dualar oxuyub, veteranlar xatirələrini söyləyiblər.

Qeyd edilib ki, Azərbaycan tolerant ölkədir. Burada yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda düşmənə qarşı mərdliklə vuruşub. Albert Aqarunov yəhudi əsilli idi. Ancaq o, azərbaycanlı idi, Azərbaycan vətəndaşı idi və bununla fəxr edirdi. Milli Qəhrəman yəhudi xalqı ilə dostluq və qardaşlığımızın rəmzinə çevrilib.

Mərasim Albert Aqarunovun abidəsi önündə (paytaxtın Nərimanov rayonu ərazisində Milli Qəhrəmanın adını daşıyan küçədə) davam edib. Qəhrəmanın həyat və döyüş yolu barədə məlumat verilib.

Qeyd olunub ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakıda doğulub. Suraxanı rayonundakı 154 saylı orta məktəbin 8-ci sinfini bitirib. Texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Hərbi xidmətini Gürcüstanda tank qoşunlarında keçib. Ordudan tərxis olunduqdan sonra bir müddət Suraxanı maşınqayırma zavodunda çalışıb. 1991-ci ildə Azərbaycan Ordusunda yeni yaranan əlahiddə tank taboruna yazılıb. Xankəndi, Şuşa, Daşaltı, Cəmilli istiqamətlərində erməni təcavüzkarlarına qarşı mərdliklə vuruşub. 1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda döyüşdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının ruhlarını şad etdi. Onların qanı yerdə qalmadı, intiqamı döyüş meydanında alındı.

Mərasimdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “Veteran Tankçılar” İctimai Birliyinin sədri Hacı Əzimov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Nəcəfov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlhət Abbasova, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov çıxış edərək ürək sözlərini bölüşüblər.