Bölgələrdə müxtəlif nominasiyalar üzrə dinləmələr aparılır

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir.

Biləsuvar RMİ-nin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonları üzrə ümumilikdə 3 məntəqədə keçirilən festivalda iştirakçılar piano ifaçılığı, klassik simli alətlər, xalq çalğı alətləri, caz ifaçılığı, rəssamlıq, bədii qiraət və digər nominasiyalarda öz məharətlərini göstərirlər.

Qeyd edək ki, festivala Biləsuvardan 65, Salyandan 44, Cəbrayıldan 14, Neftçaladan 44 nəfər qatılıb.

***

Xaçmaz RMİ-nin əhatə etdiyi Xaçmaz, Qusar, Quba, Şabran və Siyəzən rayonlarında yaşayan uşaqların çıxışlarını bölgənin peşəkar incəsənət ustalarından ibarət münsiflər heyəti qiymətləndirir. Festivalın birinci mərhələsində şimal bölgəsindən bu günədək 1600-dən çox uşaq iştirak edib.

***

Lənkəran RMİ üzrə Lənkəran şəhəri, Astara və Lerik rayonlarından ümumilikdə 5 məntəqədə keçirilən festivalın birinci mərhələsində iştirakçılar aktyorluq, dekorativ-tətbiqi sənət, rəssamlıq, bədii qiraət, solo milli rəqs və solo müasir rəqs nominasiyalarında istedadlarını nümayiş etdirirlər. Festivala Lənkərandan 400, Astaradan 101, Lerikdən 235 nəfər qatılıb.

***

Şəmkir RMİ-nin tabeliyində fəaliyyət göstərən 8 müəssisədə piano ifaçılığı, klassik simli alətlər, klassik nəfəs alətləri, Azərbaycan xalq çalğı alətləri, akademik vokal, xanəndəlik sənəti, aşıq sənəti xor, solo milli rəqs, solo müasir rəqs, bədii qiraət, dekorativ-tətbiqi sənət, rəssamlıq, rəqəmsal incəsənət nominasiyaları üzrə ümumilikdə 229 nəfər qeydiyyatdan keçib. Aprelin 25, 26 və 27-də Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarında müəyyən olunmuş məntəqələrdə iştirakçıların çıxışları təqdim edilib. Çıxışlar mayın 4-dək davam edəcək.

***

Şəki RMİ-nin tabeliyində fəaliyyət göstərən 9 müəssisədə piano ifaçılığı, solo milli rəqs, hekayəçilik, bədii qiraət, aktyor sənəti və solo müasir rəqs nominasiyaları üzrə fərdi qaydada 190 nəfər, milli rəqs ansamblı nominasiyası üzrə isə 2 rəqs qrupu münsiflər heyətinin önünə çıxıb.

***

Ağdaş RMİ-nin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları üzrə festivalın birinci mərhələsi 8 məntəqədə keçirilir. İştirakçılar piano ifaçılığı, solo milli rəqs, milli rəqs ansamblı, solo müasir rəqs, müasir rəqs ansamblı nominasiyaları üzrə bacarıqlarını ortaya qoyurlar.

Xatırladaq ki, festival 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilir.