Yüz il ərzində 1500-dən çox film istehsal edilib

 

2023-cü il Azərbaycanın kino tarixi üçün iki yubileylə əlamətdardır. Bu il Azərbaycanda kinonun yaranmasının 125 illiyi tamam olur. Kino ictimaiyyəti peşə bayramını və həmin yubileyi avqustun 2-də qeyd edəcək. 

Bu gün isə daha bir yubiley – Azərbaycanda dövlət statuslu kinostudiyanın yaranmasının 100 illiyi tamam olur. 28 aprel 1923-cü ildə Bakıda Azərbaycan SSR Foto-Kino İdarəsi nəzdində Dövlət kinofabrikinin rəsmi açılışı keçirilib. Bununla indiki “Azərbaycanfilm” kinostudiyasının əsası qoyulub.

Qeyd edək ki, ötən əsrin 20-ci illərinə qədər Azərbaycanda (daha dəqiqi, Bakıda) filmlər əsasən əcnəbilərin qurduğu özəl studiyalar tərəfindən çəkilib. Film istehsalı ilə Pirone qardaşlarının kinofabriki, “Pathe” şirkəti, “Filma” səhmdar cəmiyyəti və başqaları məşğul olurdu.

1920-ci il iyulun 4-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanov kinematoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret imzalayıb. Xalq Maarif Komissarlığının tərkibində İncəsənət Şöbəsi yaradılıb. 1920-ci il dekabrın 20-də Azərbaycan Xalq Maarif Komissarlığı kollegiyasının iclasında “Kinematoqrafiya filmləri fabrikinin açılışı haqqında” qərar qəbul edilib.

Hökumətin (Xalq Komissarları Soveti) 1923-cü il 5 mart tarixli xüsusi dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb.

Şərq xalqları küçəsi (indiki Azadlıq prospekti) ilə Birja küçəsinin (indiki Üzeyir Hacıbəyli küçəsi) kəsişməsində sovetləşmədən əvvəl “Renessans” restoranı, onunla bir cərgədə müxtəlif anbar binaları yerləşirdi. Həmin restoran və anbar binaları AFKİ-nin ixtiyarına verilib. Bina kinofabrikə uyğun şəkildə dəyişdirilib: restoranın zalı xeyli genişləndirilib, xırda otaqların arakəsmələri götürülüb. Beləliklə, iri zal 36x16 metr sahəsi olan kinopavilyona çevrilib. Həyətdəki limonad zavodu sökülüb və onun yerində plyonka emalı sexi və başqa yardımçı binalar inşa edilib. Xaricdən kino avadanlığı gətirilib. Aprelin 28-də hökumət üzvü Səməd Ağamalıoğlunun və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə AFKİ nəzdində Dövlət kinofabrikinin açılışı olub.

Kinostudiya müxtəlif illərdə fərqli adlar daşıyıb. 1923-1926-cı illərdə AFKİ-nin I Dövlət Kino Fabriki, 1926-1930-cu illərdə Azdövlətkino (Azərbaycan Foto-Kino Sənaye və Ticarət Birliyi), 1930-1931-ci illərdə “Azərkino”, 1932-1933-cü illərdə “Azərfilm” adlanıb.

1934-1935-ci illərdə “Azdövlətkinosənaye”, 1935-1938-ci illərdə yenidən “Azərfilm”  (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939-1958-ci illərdə isə Bakı kinostudiyası adlanıb. 1958-ci ildən “Azərbaycanfilm” kinostudiyası adlanır. 1960-cı ildən kinostudiyaya Cəfər Cabbarlının adı verilib.

Kinostudiyanın hazırkı binasının təməli 1951-ci ildə qoyulub və 15 ildən sonra istifadəyə verilib. 1966-cı ildə burada kino istehsalına başlanılıb.

Ötən yüz ildə fərqli adlar daşımış kinostudiyada ümumilikdə 1500-dən çox tammetrajlı və qısametrajlı bədii, sənədli, animasiya filmləri, həmçinin yüzlərlə xronikal material və süjetlər istehsal edilib.