Azərbaycan Yazıçılar Birliyi (AYB) və Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda forum keçiriləcək.

AYB-dən bildirilib ki, 5-7 may tarixlərində Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets” sanatoriyasında gerçəkləşəcək forumda ölkənin ədəbi ictimaiyyətinin nümayəndələri bir araya gələcək.

Heydər Əliyevi şəxsən tanıyıb, onunla yaxından təmasda olmuş insanlar xatirələrini dilə gətirəcək, məruzəçilər Ulu öndərin ədəbiyyatımızın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açacaqlar.

İki gün davam edəcək forum çərçivəsində AYB-nin Heydər Əliyevin 100 illiyi münasibətilə hazırladığı “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olacaq.