F.Köçərli adına Respublika Uşaq Kitabxanası Y.Kovolyov adına 229 saylı məktəbin və Gəncə şəhər 17 saylı tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində aprelin 23-də Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirib.
"Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan dövlət siyasəti" adlı tədbirdə çıxışçılar Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyev, hər sahədə olduğu kimi, Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu öndər kitaba və kitabxanaya da həmişə böyük dəyər verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi siyasətçi daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa çağırıb.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov qeyd edib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edib.
Onlayn görüşün sonunda Bakı və Gəncə məktəblilərinin təqdimatında Ümummilli liderə həsr olunmuş şeirlər səsləndirilib.