Sənədli kino salnaməsinə retrospektiv baxış davam edir

 

Dövlət Film Fondunun Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə həyata keçirdiyi “Azərbaycanın sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış layihəsi davam edir.

Aprelin 28-də keçirilən növbəti tədbir kinorejissor Nicat Feyzullayevin (1945–2015) yaradıcılığına həsr olunub. Tanınmış rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində dünyaya gələn Nicat Feyzullayev Azərbaycan kinosuna “Küçələrə su səpmişəm” bədii filmi və çoxsaylı sənədli ekran əsərləri bəxş edib.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Nicat Feyzullayevi nəcib insan, istedadlı rejissor, ziyalı və vətəndaş kimi xarakterizə edib.

Xalq artisti, kinorejissor Ramiz Həsənoğlu, Əməkdar artist, kinorejissor Elxan Qasımov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Nizami Abbas, Xalq artisti, kinoaktyor Şamil Süleymanlı çıxış edərək mərhum sənətkar haqqında xatirələrini bölüşüblər.

Ailə üzvləri adından Məhərrəm Məhərrəmov tədbirin təşkilinə görə Dövlət Film Fondunun kollektivinə təşəkkürünü bildirib.

Sonda Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası” (2009) sənədli filmi nümayiş olunub.

“Yaddaş” studiyasında çəkilən ekran əsəri Azərbaycanın ilk peşəkar qadın rəssamlarından Vəcihə Səmədovanın həyat və yaradıcılığından bəhs edir. Filmdə rəssamın müasirləri və həmkarları Tahir Salahov, Ömər Eldarov, Tokay Məmmədov, Həyat Abdullayeva, həmçinin bəstəkar Xəyyam Mirzəzadənin xatirələrinə də yer verilib.