Firəngiz Qurbanova: “Şanlı Zəfərimizi yeni nəsillərə xeyirin şər üzərində qələbəsi kimi çatdırmalıyıq”
O, görkəmli aktyor, Xalq artisti Ağadadaş Qurbanovun ailəsində dünyaya gəlib. Bu ailə Azərbaycan incəsənətinə sevilən adlar bəxş edib. Kim tanımır bu adları: aktrisa Gülşən Qurbanova, aktyor Hamlet Qurbanov və Əməkdar incəsənət xadimi, kino rəssamı, animasiya rejissoru, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, “Birlik” animasiya studiyasının rəhbəri Firəngiz Qurbanova.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) məzunu olan Firəngiz Qurbanova C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb. “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon” və digər sevilən bədii filmlərin quruluşçu rəssamı, “Seans”, “Bulud niyə ağlayır?”, “Anam ağacda” və s. cizgi filmlərinin quruluşçu rəssamı və rejissorudur.
Bu il Firəngiz xanımın 80 illiyidir. Bu münasibətlə sənətkarla Azərbaycan Dövlət Rəssamlıq Akademiyasındakı (ADRA) iş otağında görüşüb həmsöhbət olduq.
– Firəngiz xanım, studiyanızda görüşməyimiz də maraqlı olardı.
– Düzü etiraf edim ki, mənim evim də, studiyam da emalatxanamda yerləşir. Ulu öndər Heydər Əliyevin rəssamlara verdiyi bu emalatxanada oğlum, gəlinim və nəvəmlə birgə yaşayırıq. Bu gün mən heç nədən şikayətçi deyiləm. Çalışmışam tapşırılan işin öhdəsindən gəlim. Hərənin öz yaşam faktoru var.
– “Birlik” animasiya studiyası necə yarandı?
– 1985-ci ildə, keçmiş ittifaqda elan edilən yenidənqurma dövründə belə bir qərar verildi ki, yaradıcı insanlar öz yaradıcı qruplarını yarada bilərlər. Bu zaman özüm yaradıcı proqramımı hazırlayıb təqdim etdim və müstəqil yaradıcılıq birliyi təşəbbüsümü irəli sürdüm. O zaman kinostudiyada çalışırdım. Filmlərim olduğu üçün məni Moskvada tanıyırdılar və studiya orada təsdiq edildi, 1988-ci ildə fəaliyyətə başladı. Təqdimatda görkəmli kinodramaturq Rüstəm İbrahimbəyov da iştirak edirdi. Yəni Moskvanın proqramı təsdiqləyən idarə heyətinin tərkibinə Rüstəm müəllim də daxil idi.
– Buna qədər də siz bir çox məşhur filmlərin rəssamı kimi tanınırdınız və böyük bir yol gəlmişdiniz?
– Bəli, mən quruluşçu rəssam ixtisası üzrə oxumuşdum. Bakıya qayıdan kimi də birbaşa mənə film verildi. Həyat yoldaşım Fikrət Əhədov da Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. O, məndən əvvəl kinostudiyada çalışırdı. Bizim birlikdə işlədiyimiz ilk ekran işi Yalçın Əfəndiyevin “Xatirələr sahili” filmi oldu. Bəzən ikimiz də ayrı-ayrı filmlərdə çalışdığımızdan oğlumuzun üzünü belə gec-gec görürdük.
– Müsahibələrinizin birində deyirsiniz ki, atanız və əminizin gözəl rəsm çəkmək bacarığı olub. Yəqin bu istedad sizə gendən gəlir?
– Əmim mənim kiçik yaşlarımdan rəsm çəkməyimi çox bəyənirdi. Anam mütaliəni çox sevirdi və bizə də kitab oxutdururdu. Mən hələ uşaqlıqdan oxuduğum kitablara illüstrasiyalar çəkirdim. Bu illüstrasiyalar sanki kadrlara bənzəyirdi. Yəni hekayəni kadr-kadr çəkirdim. O vaxt, təbii ki, heç bilmirdim kino nədir, kadr nədir. Amma kinonu sevirdim. İndi baxanda görürəm bunlar eksplikasiyadır. Anam o vaxt biləndə ki, ÜDKİ-də belə bir ixtisas var məni ora oxumağa göndərdi.
– Bədii filmdən animasiyaya gəlmək. Nədir sizə animasiyanı sevdirən?
– Öncə onu deyim ki, Azərbaycan animasiyası həmişə tanınıb, sevilib. Filmlərimiz həmişə festival və müsabiqələrdə mükafatlar qazanıb. Mən kinonun bütün formalarının sintezini yaratmaq istəyirdim. “Arzunu yarat” adlı ilk filmimdən sonra “Seansı” işlədim. Bu mövzular məni çox düşündürürdü. Bu film beynəlxalq arenada böyük uğur qazandı. O zaman bütün sifarişlər Moskvadan gəlirdi. Mərkəzi Televiziyanın sifarişi ilə Dinara Seyidovanın ssenarisi əsasında ərsəyə gələn “Kürən”i də qeyd etməliyəm. Bu film sifariş əsasında çəkilmişdi və çox bəyənilmişdi. Düzü, öz stilistikam var, canlı mövzular məni daha çox cəlb edir. Həm də diqqətinizə çatdırmaq istərdim ki, “Birlik” animasiya studiyası fəaliyyətini davam etdirir. Biz vaxtilə digər ölkələrdən də sifarişlər alırdıq. 2021-ci ildə studiya Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə “Sərçə” filmini (rejissor Gülnar Əliyevanın diplom işi) çəkib. Studiyanın “Qarabağ nağılı” adlı layihəsi isə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub. Film “Mənə nağıl söylə” adlı serialın ikinci seriyasıdır. Animasiya filminin birinci seriyası olan “Araqçın” 2020-ci ildə çəkilib və festivallarda uğur qazanıb. Amma bütün bunların fonunda mən “Naməlum torpaq” (1992) filmindən söz açmaq istərdim. 90-cı ilin 20 Yanvar hadisələrindən sonra mən belə bir filmin ərsəyə gəlməsinə qərar verdim. Çəkiliş qrupumuz kiçik idi. Sifarişlə çəkdiyimiz filmlərdən əldə etdiyimiz vəsaitlə 1991-ci ilin birinci yarısında rejissor Leyla Səfərova ilə birlikdə “Naməlum torpaq” filminin çəkilişlərinə başladıq. Bədii-publisistik sənədli filmdə Azərbaycan xalqının tarixi kökləri araşdırılır, sübut olunur ki, indiki Azərbaycan Respublikasının ərazisi azərbaycanlıların əbədi vətənidir və xalqımızın tarixi qədim olduğu kimi, mədəniyyəti də qədim və zəngindir. Film ərsəyə gələndə Rüstəm İbrahimbəyov onu Moskvada nümayiş etdirdi. Nümayiş zamanı ermənilər bərk narahat olmuş, təxribata əl atmışdılar. Bu gün ən böyük istəyim bu filmin ikinci hissəsinin ərsəyə gəlməsidir.
– Vətən müharibəsindəki Qələbəmizi animasiya dili ilə uşaqlara necə təbliğ edə bilərik?
– Biz şanlı Zəfərimizi yeni nəsillərə xeyirin şər üzərində qələbəsi kimi çatdırmalıyıq. Uşaqlara ağ-qara qüvvələr, qorxmazlıq, mübarizlik, mərdlik kimi xüsusiyyətlər aşılanmalıdır. Atalar övladlarına deməlidirlər ki, sən heç vaxt qara qüvvələrdən qorxma, əgər sən ədalətlisənsə, qara qüvvələrə hər zaman qalib gələcəksən...
– Dövlət Rəssamlıq Akademiyasında tədrisə yeniliklər gətirmisiniz...
– Buna görə uzun illər akademiyanın rektoru olmuş Ömər Eldarova təşəkkür edirəm. Onun sayəsində ADRA-nın Qrafika kafedrası nəzdində animasiya filmi üzrə quruluşçu rəssam ixtisası açıldı. Onlar bakalavr mərhələsini bitirirlər. Tələbələrimin əksəriyyəti kino sahəsində çalışırlar. Onlara bu sahənin bütün incəliklərini öyrədirəm. Tələbələrim filmi əvvəldən görürlər. Rejissor yaxşıdırsa, aktyor da yaxşı oynayacaq. Animasiyada əsas çəkə bilmək, görmək bacarığıdır. Rəssam varsa, animator tapmaq asan məsələdir. Son dövrlər animasiyada kompüter qrafikası geniş yer alıb. Cizgi animasiyasının 3D animasiyadan üstünlüyü personajın xarakterinin tam dolğunluğu, bütün incəlikləri ilə açılmasıdır. Mən cizgi animasiyasının tərəfdarıyam. Oğlumsa 3D ilə işləyir. Əvvəllər animasiyaya peşəkarlar gəlirdi. Amma indi sanki hər kəs özü-özünə öyrənir. Bizdə peşəkar hazırlıq yoxdur. Bu gün istənilən adam həm animasiya, həm də film çəkə bilər. Çünki müasir texnoloji yeniliklər buna imkan verir. Buna baxmayaraq, peşəkarlıq mütləqdir. Bu gün rejissor və rəssam işini bir arada görür, tələbələrimə də bunu öyrədirəm.
– Bu sahə üzrə nələri təklif edirsiniz?
– Mənim təklifim animasiya filmləri toplusunun yaradılmasıdır. Bu gün Azərbaycanda mövcud olan bütün studiyalarda cizgi filmlərinin istehsalı 3D animasiya proqramlarında aparılsa da, “Birlik” studiyası hazırladığı filmləri qrafik üsuldan istifadə etməklə yaradıb. Çünki bu, hər bir rejissorun öz bədii üslubunda işləməsinə imkan verir. Bunun sayəsində studiyamızın, demək olar ki, bütün filmləri beynəlxalq animasiya festivallarında iştirak edib və uğur qazanıb...
Təlim metodumun effektivliyini sübut etmək üçün tələbələrimin diplom işlərini “Birlik” studiyasında işləyib hazırlanmasını təklif etdim. Bu ideya akademiya rəhbərliyi tərəfindən bəyənildi. Diplom işi olan 1,5 dəqiqəlik “Sərçə” filmi üzərində studiyamızın bütün yaradıcı heyəti çalışıb. Film İtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin Beynəlxalq Kinofestivalının iştirakçısı oldu. Bu istiqamətdə fəaliyyətimizi davam etdirmək üçün maliyyə dəstəyi lazımdır. İldə 3-4 məzun buraxılır. Diplom işlərinin xronometrajı 2 dəqiqədən çox olmamalıdır. Maddi dəstək olarsa, 2-3 ildən sonra tələbələrimizin müəllif işlərindən ibarət animasiya filmləri toplusu yaranacaq. Bu gün əminəm ki, tələbələrim bu işi layiqincə davam etdirəcəklər.
– Sizcə, filmlər festivala hesablanmalı, yoxsa yerli tamaşaçı auditoriyası üçün?
– 3D və yaxşı keyfiyyətli animasiya filmləri kommersiya məqsədi daşıyır. Məsələn, “Maşa və Ayı” kimi. Bunu festivala göndərmək olmaz. Festival individual yanaşma istəyir. Buna görə də festival animasiyası əldə toxunan xalçaya bənzədilir. Müəllif işi olur. Sənət nümunəsi və kommersiya fərqlidir. Mən tələbələrimlə animasiyanı əl ilə işləməyi öyrədirəm. 3D cizgi filmlərinə fikri versəniz, onlarda hamının eyni göz, eyni sifət cizgiləri, baş verənlərə eyni reaksiyasını görəcəksiniz. Müəllif animasiyası mütləq inkişaf etməlidir. İstər animasiya, istərsə də bədii filmlər olsun, festivala gedən işlərin əksəriyyətində Azərbaycanımızı təbliğ edən nəcib niyyət yoxdur. Niyə gənclərimiz xalqımızı bu formada təqdim edirlər? Niyə hansısa xalq bizi belə tanımalıdır. Bizim axı istedadlı uşaqlarımız var. Əfsus ki, bizdə kino tənqidi yox dərəcəsindədir.
– “Özümü ailəmlə birlikdə xoşbəxt hiss edirəm”, – deyirsiniz. Ailəniz Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Sənətkar ailəsində doğulmaq nə deməkdir?
– Atam 24 yaşında “Əməkdar artist” fəxri adı almışdı. Onun 14 kvadratlıq evi vardı. Bacımla mən bu evdə dünyaya gəlmişdik. Atam heç vaxt gileylənmirdi. Amma anamın təkidi və səyləri nəticəsində bizə “Sovetski” deyilən ərazidə ev verdilər. Maraqlıdır ki, atam vaxtilə elə burada dünyaya gəlmişdi. Ailəm həmişə orta səviyyədə yaşayıb. Atam 4 il deputat oldu və hamıya kömək etməyə çalışırdı. Anam Kübra xanım Əməkdar həkim idi. Atası Həbibullaxan Nəbibəyov 1910-cu ildən İran konsulu idi, 1932-ci ildə vəfat etmişdi. Anam çox gözəl qadın idi. Nə mən, nə də Gülşən anamıza, yox atamıza oxşamışıq. Hamletdən isə, əfsus ki, çox danışa bilmərəm. O, çox gözəl xarakterə malik idi. Heç kimə bənzəmirdi. Bir neçə dəfə bu haqda demişəm. Hamleti atamın 40 mərasimində ilk dəfə gördüm və o, atama necə oxşayırdı. Mən onun bu oxşarlığına mat qalmışdım. Bundan sonra biz tez-tez zəngləşir, görüşürdük. O, dünyasını dəyişənə qədər bizim əlaqələrimiz kəsilmədi.
***
Firəngiz xanım söhbətimizin bütün məqamlarında animasiya ilə bağlı düşüncələrini bölüşür. Hiss olunur ki, indinin dəbli 3D animasiyası ilə heç arası yoxdur. Klassik animasiyanın statusunu bərpa etmək onun əsas amalıdır.
“Mədəniyyət” qəzeti olaraq sənətkarı yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq ovqatlı illər arzulayırıq.
Lalə Azəri