Bakı Xoreoqrafiya Akademiyasında növbəti beynəlxalq simpozium keçirilib
30 aprel – 1 may tarixlərində Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda II Beynəlxalq simpozium keçirilib.
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və BXA-nın təşkilatçılığı ilə gerçəkləşən tədbir Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Beynəlxalq Rəqs Gününə (29 aprel) həsr olunub.
Simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rusiya və Omandan məruzəçilər qatılıblar.
Simpoziumda “Azərbaycan geyim və zinət əşyaları rəqs vasitəsilə tarixin yaddaşında”, “Türk xalq oyunlarının yaranmasında Anadolu türk mədəniyyətinin təsirləri”, “Özbəkistan xoreoqrafiya təhsilində ənənələr və yeniliklər”, “Təsviri incəsənətdə rəqs nümunələri”, “Qədim rəqs və oyunların xalq tamaşalarının təkamülünə təsiri”, “Azərbaycan kinosunda milli rəqslərimizin ekran təcəssümü”, “Bədurə Əfqanlının yaradıcılığında milli rəqs geyimlərinin bədii tərtibatı”, “Klassik xoreoqrafiya irsində balet janrı”, “Türkdilli xalqların milli rəqslərinin xüsusiyyətləri”, “Fikrət Əmirovun “Nizami” baletinin melodik dramaturgiyası”, “Caz rəqsinin yaranması və təkamülü” və digər mövzularda məruzələr dinlənilib.
İki gün davam edən tədbirin sonunda məruzəçilərə BXA tərəfindən iştirakçı sertifikatları təqdim olunub.