AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Həsən Seyidbəyli: həyatı və nəsr yaradıcılığı” kitabı çap edilib. Kitabın müəllifi institutun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Baba Babayevdir.
Monoqrafiyanın elmi məsləhətçisi və “Azərbaycan kinosunun əfsanəsi – publisist bədii nəsrin yaradıcısı” başlıqlı ön sözün müəllifi akademik İsa Həbibbəylidir. Kitabın redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərli, rəyçisi filologiya elmləri doktoru, professor Təyyar Salamoğludur.
Monoqrafiyada görkəmli yazıçı, kinodramaturq, ssenarist, kinorejissor, publisist Həsən Seyidbəylinin çoxcəhətli yaradıcılığı müasirlik duyğusunun gücü ilə elmi səviyyədə araşdırılır.
Nəşr “Həsən Seyidbəylinin həyatı və ədəbi-ictimai fəaliyyəti”, “Yazıçının yaradıcılıq axtarışları: hekayələrində sosial həyatın bədii əksi”, “Həsən Seyidbəyli yaradıcılığının nəsr təkamülü: povest və romanlarında sosial həyat və onların üslub fərdiyyətləri” fəsillərindən ibarətdir.