Olaylar, faktlar (6-9 may)

 

148 il əvvəl...

 

7 may 1875-ci ildə Rusiya ilə Yaponiya arasında ərazi mübadiləsi haqqında saziş imzalanıb. Saziş tərəflərin Kuril adaları və Saxalinə iddialarını tənzimləyirdi. Rusiya Kuril adalarını Yaponiyaya güzəştə gedib. Əvəzində Yaponiya Saxalin adasına iddialardan əl çəkib.

 

102 il əvvəl...

 

6 may 1921-ci ildə I Ümumazərbaycan sovetlər qurultayı (ali qanunverici orqan) işə başlayıb. Qurultayda Azərbaycan SSR-nin ilk Konstitusiyası qəbul olunub. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilib, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK) və yerli sovetlər yaradılıb. 1921-1937-ci illərdə ümumilikdə 9 dəfə Ümumazərbaycan sovetlər qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.

 

93 il əvvəl...

 

7 may 1930-cu ildə Türkiyənin Hakkari vilayətində, İranla sərhəddə (Salmas, Cənubi Azərbaycan) 7,1 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla 00:34-də meydana gələn zəlzələ nəticəsində 2500-dən çox, həmçinin İranda 500-dək insan həlak olub.

 

87 il əvvəl...

 

6 may 1936-cı ildə Türkiyədə ilk ali musiqi təhsili müəssisəsi – Ankara Dövlət Konservatoriyası qurulub. Ankara Musiqi Müəllimləri Məktəbinin (1924) bazasında yaradılan konservatoriya hazırda Hacettepe Universitetinin nəzdində fəaliyyət göstərir.

 

78 il əvvəl...

 

8 may 1945-ci ildə faşist Almaniyasının qeyd-şərtsiz kapitulyasiyasına dair akt imzalanıb. Berlin yaxınlığındakı Karlshorst şəhərciyində yerli vaxtla saat 22.43-də imzalanan akta Almaniya tərəfdən Vermaxtın (alman ordusu) baş qərargah rəisi general-feldmarşal V.Keytel imza atmışdı. SSRİ tərəfdən sənədi marşal G.Jukov, müttəfiqlər adından Britaniyanın aviasiya marşalı A.Tedder imzalamışdı. Aktın imzalanması Moskva vaxtı ilə mayın 9-na düşdüyündən SSRİ-də Qələbə Günü 9 may elan olundu. Avropada isə faşizm üzərində qələbə mayın 8-də qeyd edilir.

 

73 il əvvəl...

 

9 may 1950-ci ildə “Şuman bəyannaməsi” (Fransa xarici işlər naziri Robert Şuman tərəfindən oxunan və Fransa ilə Almaniya arasında kömür və polad sənayeçilərinin ortaq fəaliyyət təşəbbüsünü irəli sürən bəyannamə) elan olunub. Bir il sonra Avropa Kömür və Polad Birliyinin qurulmasına zəmin olan “Şuman bəyannaməsi” indiki Avropa İttifaqının ilk təməl təşəbbüsü sayılır. 9 may Avropa İttifaqı ölkələrində “Avropa Günü” kimi qeyd olunur.

 

31 il əvvəl...

 

8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal ediblər. Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər, Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı. 28 il 6 ay işğal altında qalan Şuşa şəhəri 2020-ci ilin 44 günlük Vətən müharibəsində, noyabrın 8-də müzəffər Azərbaycan Ordusu tərəfindən azad edildi.

Hazırladı: V.Orxan