Bu il Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin qurulmasının (27 yanvar 1993) 30 illiyidir. Mayın 2-də bu münasibətlə Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədbir keçirilib.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlaçek çıxış edərək vurğulayıb ki, ötən 30 il ərzində Çexiya ilə Azərbaycan arasında əlaqələr dinamik şəkildə inkişaf edib. Səfir əmin olduğunu bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələr bundan sonra davamlı inkişaf edərək daha da dərinləşəcək. “İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıraraq mən də son bir ildə bu əlaqələrin inkişafında iştirak etməyə nail olmuşam. Azərbaycan və Çex Respublikası arasında tarixi nöqteyi-nəzərdən ortaq cəhətlər çoxdur. Xalqlarımız arasında dostluğun möhkəmlənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – deyə diplomat bildirib.
Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələrimiz arasında əlaqələrin zəngin tarixi olduğunu qeyd edib. Bildirib ki, bu münasibətlərin zəngin tarixi ilə yanaşı, çoxlu perspektivləri də mövcuddur.
Tədbir daha sonra konsert proqramı ilə davam edib. Konsertdə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestri, Çex Respublikası Plzen Konservatoriyasının professoru Roman Fedçuk, həmin konservatoriyanın tələbəsi, skripkaçı, respublika və beynəlxalq müsabiqələr laureatı Canel Nəcəfli çıxış edib.
Proqramda Fikrət Əmirov, Qara Qarayev, V.A.Motsart, L.V.Bethoven və A.Dvorjakın əsərləri səsləndirilib.
Lalə