Milli İncəsənət Muzeyində sərgi
Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Heydər Əliyev – 100: sevimli əsərlər” adlı sərgi açılacaq.
100-dən artıq eksponatın nümayiş olunacağı vernisajda Ulu öndərin yaradıcılıqlarına xüsusi sevgi ilə yanaşdığı görkəmli fırça və tişə ustalarımızın təxəyyülündən süzülüb gələn sənət örnəkləri yer alacaq.
Ziyarətçilər Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Hüseyn Əliyev, Oqtay Sadıqzadə, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Mircavad Cavadov, Tofiq Cavadov, Rasim Babayev və digər sənətkarların əsərləri ilə tanış olacaqlar.
Yaradıcı insanları heç vaxt diqqət və qayğıdan kənar qoymayan Ulu öndər Heydər Əliyev müasirləri olan bu sənətkarların bir çoxu ilə ünsiyyət qurub, yaradıcı fəaliyyətlərinin inkişafına, eləcə də yeni-yeni rəssamlar nəslinin yetişməsinə böyük stimul verib. Özü də bir zamanlar rəssam olmaq arzusunda olan Heydər Əliyev bu sənətin yaradıcılarına xüsusi diqqət və qayğı ilə yanaşır, onları emalatxanalarında ziyarət edir, sərgi və abidələrinin açılışında şəxsən iştirak edirdi.
Heydər Əliyevin bu görüşlərdən və tədbirlərdən xatirə qalan fotoşəkilləri Milli İncəsənət Muzeyində qorunub saxlanılan dəyərli nümunələrdir və sərgi iştirakçıları ekspozisiyada sözügedən fotoşəkilləri də izləyə biləcəklər. Tahir Salahov imzalı rəngkarlıq və Ömər Eldarovun müəllifi olduğu heykəltəraşlıq əsərlərində təsvir olunan Heydər Əliyevin obrazları sərginin xüsusi maraq doğuran eksponatlarındandır.
Lalə