Dövlət Turizm Agentliyi tərəfindən mayın 5-də ölkə üzrə vahid turizm platforması rolunu oynayacaq Turizm İnformasiya Sisteminin təqdimatı keçirilib.
Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin görüş iştirakçılarına video müraciəti təqdim olunub.
Müraciətdə son illər sənayenin tənzimlənməsi və işlək mexanizmlərin hazırlanması üzrə bir sıra əhəmiyyətli tədbirlərin görüldüyü bildirilib. Agentliyin bu istiqamətdə əsas siyasətinin sağlam rəqabət və xidmət keyfiyyəti prinsiplərinə əsaslanmaqla etibarlı və ixtisaslaşmış turizm sənayesinin formalaşmasına yönəldiyi qeyd edilib.
Agentlik sədri layihənin uğurlu icrasının ölkədə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun əldə olunmasına, həmçinin təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcəyini, Turizm İnformasiya Sisteminin sənaye subyektləri, istehlakçılar və biznes tərəfdaşları ilə daha etibarlı münasibət qurmağa imkan yaradacağını diqqətə çatdırıb.
Turizm İnformasiya Sistemi dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması kimi çıxış edir. Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq və etibarlı məlumatların toplanması və ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Təqdimatda Turizm İnformasiya Sisteminin daxilində aparılan Turizm Reyestri haqqında da ətraflı məlumat verilib, Reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı nəzərə çatdırılıb.
Bildirilib ki, Turizm Reyestrindən qeydiyyatdan keçən sənaye subyektlərinin növbəti mərhələdə təsnifatının aparılıb və xüsusi Turizm Keyfiyyət Proqramına cəlb edilib. Proqram reyestrdə qeydiyyatdan keçən və təsnifləşdirilən turizm sənaye subyektlərinin keyfiyyətli xidmət, rəqəmsallaşma və açıqlıq prinsiplərinə uyğunluğunun qiymətləndirilməsini əhatə edir. Qiymətləndirmə nəticəsində turizm sənaye subyektlərinə “B” və “A” kateqoriyaları üzrə “Açıq xidmət”, “Keyfiyyətli xidmət” və “Rəqəmsal xidmət” fərqləndirici keyfiyyət nişanları təqdim edilir. Keyfiyyət nişanları sənaye nümayəndələrinə keyfiyyətli xidmət təminatçısı kimi nüfuz qazanmaq, bu amildən brendinq prosesində istifadə və biznes xidmətlərini təbliğ etmə kimi təşviqedici üstünlüklərdən yararlanmaq imkanı təqdim edir. İnformasiya Sistemi, həmçinin istehlakçıların daha məlumatlı şəkildə seçim edərək etibarlı turizm sənayesi subyektlərinin xidmətlərindən yararlanmasına töhfə verəcək.
Təqdimatda turizm agentlikləri və hotellərin təmsilçiləri, eləcə də turizm bələdçiləri daxil olmaqla 100-dən çox sənaye nümayəndəsi iştirak edib.
Sonda turizm sənayesi nümayəndələrinin Turizm İnformasiya Sistemi haqqında sualları cavablandırılıb.