Xalq Mirzə Şəfi Vazehi belə adlandırırdı
   
   O, milli mirzələrimizdən biri, xronoloji baxımdan götürsək, bu qeyri-rəsmi titulu daşıyanlarımızın ilki idi. Çünki o, Fətəlidən 18 il, Ələkbər və Cəlildən iki qərinə öncə doğulmuş və bu ada sahib olmuşdu.
   
   Adı bizim...
   
   Çox “ədəbi həngamələr”dən sonra dadı da bizim sənətkar! Təkcə ədəbi həngamələrdənmi sonra? Yox, o, dövrün sosial problemlərinin, tale, qəza-qədər məhrumiyyətlərinin də baş qəhrəmanlarından idi. Əsrinin ən seçkin şairi olan Mirzə Şəfini bu tale bəlalarının sosialından Hacı Abdulla, ədəbi-bədiiliyindən isə Fridrix adlı canlı bir bəla qurtardı. Bu canlı bəla o vaxt Rusiya və Qafqaza səyahətə çıxmış alman ədibi Bodenştedt idi.
   Mirzə Şəfi ömrünə Bodenştedt adlı irfan “tufanından” öncə xəfifcə bir ruzi yeli əsdi. Belə ki əslən gəncəli, ticarətdə əli gətirmiş Hacı Abdulla Bağdada səfərində bir sufi dərvişlə tanış olur, onun fəlsəfi ideyalarının ardıcılına çevrilib Gəncəyə qayıdır. Və... hələ mədrəsədə təhsil alarkən sufiliklə, Şərqin panteist fəlsəfi fikri ilə maraqlanan Mirzə Şəfi üçün Hacı Abdulla göydəndüşmə bir işıq olur. O, bu işıq sayəsində Hafiz, Füzuli, Xəyyam, Sədi kimi hikmət nəhənglərini anlayır.
   Bağdadlı dərvişdən möhkəm dərs almış Hacı Abdulla Mirzə Şəfiyə qayğı, yardım işində də möhkəm dayanır. O, Şəfinin mərhum Cavad xanın qızı Püstənin idarəsində işə düzəlməsinə vasitəçi olur. Lakin rusların yeni hücumu nəticəsində Cavad xanın oğlu Uğurlu xanın Püstə xanımı da götürüb İrana keçməsi, yeganə hamisi Hacı Abdullanın vəfat etməsi, üstəgəl mətbəələrin yaranması ilə xəttatların - “canlı nəşriyyat”ların əməyinin lazımsız bir şeyə çevrilməsi Mirzə Şəfini yenidən məhrumiyyətlər girdabına salır.
   Lakin, tədqiqatçıların da birmənalı söylədikləri kimi, Şəfini Mirzə Şəfi Vazeh edən ən əsas səbəb elə məhz bu məhrumiyyətlər olur...
   
   Taleyin Tiflis mənzili
   
   Bu mənzildə onu daha böyük bir mirzə - Mirzə Fətəli Axundzadə, ədəbi sehrbaz Fridrix Bodenştedt və nəticə etibarilə bütün Avropada məşhurluq gözləyirmiş.
   1840-cı ildə Mirzə Fətəli Mirzə Şəfinin Tiflisdəki uyezd məktəbinə müəllim qəbul edilməsinə yardımçı olur və o - 1848-1850-ci illərdə Gəncədə çalışmasını nəzərə almasaq - ömrünün sonuna qədər burada işləyir.
   Mirzə Şəfi Tiflisdə tək elə müəllimliklə kifayətlənmir, azərbaycanlı şagirdlər üçün “Kitabi-türk” adlı dərs vəsaitini yazır. Bu kitabda Mirzə Şəfinin misal gətirdiyi “müdrik deyimlər və təlimatlar” sonradan Bodenştedt tərəfindən mənimsənilir - əsl müəllifi göstərilmədən təkrar nəşr edilir.
   Bodenştedt - Mirzə Şəfi taleyini qarabaqara izləyən bu “ədəbi kabus” kim idi, axı? Onun əsl kimliyindən öncə, onu bir kimsə etmiş Mirzə Şəfimiz haqda daha bir neçə kəlmə.
   Tiflisdə daha geniş və qaynar mühitə düşən M.Şəfi Gəncə ədəbi qovşağı ilə əlaqəni kəsmir, orada yaratdığı “Divani-hikmət” ədəbi məclisini burada davam etdirir, A.Bakıxanov, M.F.Axundzadə, şairlərdən Naseh, M.Həsən, M.Abdulla və başqaları ilə ünsiyyət imkanı qazanır. Qarşılıqlı əlaqələr, ədəbi qidalanmalar M.Şəfini daha çox realizə edir, o, Tiflisdə Azərbaycan ədəbi-mədəni mühitinin intişar məntəqəsinə çevrilir və 1843-cü ildə Fridrix Bodenştedt də bu məntəqəyə qədəm basır.
   Yaşca Mirzə Şəfidən 25 il kiçik, təhsilcə isə müqayisəyəgəlməz dərəcədə (Almaniyanın üç məşhur universitetini bitirmişdi) üstün Bodenştedt Moskvadan Tiflisə gəlib xarici dilləri tədris edərkən Şərq dillərini də öyrənmək fikrinə düşür. Sən demə, taleyi onu poeziya oğruluğuna gətiribmiş. Lakin onun bu oğurluğu bizim bir sıra doğruluğumuzu da üzə çıxaracaqmış. Onun “Xatirələr”i bizim dilimizin, dilçilərimizin, şairlərimizin çox “dərəceyi-mərtəbə” və mətləblərindən xəbər verir: “O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılırdı. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilərdi”.
   Bodenştedtin tanışları müəllim seçimində məhz Mirzə Şəfini - Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük və təkrarsız təcrübəsi olan şairi məsləhət görürlər. Sonralar öz plagiatlığı ilə bütün dünyanı heyrətləndirəcək Bodenştedt hələ qəlbinə şeytan girməmişdən yazdığı “Xatirələr”ində belə heyrətlənirdi: “Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, dediklərinin, diktə etdiklərinin, sitat gətirdiklərinin hamısını yaddaşından nəql edirdi!..”
   Mirzə Şəfi çox zaman öz şeirlərini də ona diktə edər, hələ “məsum tələbə” dövrünü yaşayan, lakin həm də Tiflis ermənilərilə də bu dildə “xosunlaşıb” onların hal-xoyunu götürən Bodenştedt isə gələcək oğurluq işi üçün o şeirləri dəftərinə köçürərdi.
   Bu tədris üsulunun gücü ilə Bodenştedt Azərbaycan və fars poeziyasının gözəlliklərini incəliklərinə qədər mənimsəyir. Bundan çox məmnun olan sadədil Mirzə Şəfi isə - dədə-baba mentalitetimizə rəğmən - özünün “Hikmət açarı” kitabını - başqa sözlə desək, müəlliflik haqqını ona bağışlayır.
   Mirzə Şəfinin həyat və yaradıcılığı uzun, maraqlı (lakin həm də sənədli) bir nağıla bənzədiyindən bu məqamda “nağılçı dili yüyrək olar” ifadəsini də işlədib, bir çox maraqlı fakt və olayların üstündən keçməli olur, obrazlı bir xitama qol qoyuram. Belə ki Bodenştedt 1845-ci ildə - Adolf Hitlerin əli Bakının qara qızılından üzüldüyü tarixdən 100 il öncə ələ keçirdiyi qızıl poeziyamız ilə Almaniyaya qayıdır və “Şərqdə 1001 gün” adlı kitab yazır. Hələ “məsum”, sədaqətli Bodenştedt M.Ş.Vazehdən tərcümə etdiyi şeirləri də daxil etdiyi həmin kitabda yazırdı: “Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu. Sənin nəğmələrin bizim qız-gəlinlərin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi”.
   Bodenştedtin bu anadək müəllifi olduğu heç bir tərcümə və ya digər əsəri ona bu “müəllifliyi” qədər şan-şöhrət gətirməmişdi. Bu kitab ona heç vaxt, heç zaman gözləmədiyi bir uğur qazandırdı. Kitab naşirin təklifi ilə “Mirzə Şəfi nəğmələri” adı altında təkrar nəşr olunur, fransız, ingilis, holland, ispan, portuqal, rus, çex, macar və s. dillərdə çap edilir. “Nəğmələr” 1868-ci ildə 6 dəfə, 1876-da 12, elə təkcə Almaniyada isə ümumilikdə 169 dəfə (1922-ci ilədək) nəşr edilir. Hətta Mirzə Şəfi haqqında operetta da yazılır və 1887-ci ildə Almaniyada premyerası olur.
   Bütün bu uğurlar isə sonradan Bodenştedti Mirzə Şəfi irsini bütünlüklə mənimsəmək eşqinə salır. O, son nəşrdə özü-özünü “ifşa” edir. Guya bu şərqli obrazı onun canına-qanına o qədər hopubmuş ki, bir vaxtlar öz şeirlərini belə Mirzə Şəfi adı ilə imzalayıbmış!...
   Həqiqətdən xəbərsiz alman və digər Avropa şərqşünaslığı isə Bodenştedtin bu etiraf-bəyanatını qeyd-şərtsiz qəbul edir...
   Bütün yaradıcılıq ömrü qaranlıqlar, çətinliklər, gözlənilməzliklərlə müşahidə olunan bu şairlə bağlı anlaşılmazlıqlardan biri də budur ki, bir çox ölkələrdə “Mirzə Şəfinin nəğmələri” fars dilindən tərcümələr kimi qələmə verilir. Hətta məşhur Anton Rubinşteynin Mirzə Şəfinin sözlərinə bəstələdiyi 12 romansdan ibarət musiqi silsiləsi də “Fars nəğmələri” adlanırdı.
   
   Yerli “bodenştedtlik”
   
   50-ci illərin “Ədəbiyyat müntəxəbatı”nda onun - bu ilk Mirzəmizin uzun (öz ləhcəmizdə “uzun-şüllək” ), şiş papaqlı şəklini görəndə bəzi şagirdlər kimi mən də gülərdim. Bizə elə gəlirdi ki, bu papaq sovetlərin bizlərdə nifrət oyatdığı mollaların motal papaqlarının ən gülməlilərindəndir.
   Sonralar ikinci böyük Mirzəmizin “Molla Nəsrəddin”indəki məlum aynaya baxmaq təklifini oxuduq, baxdıq və gördük ki, biz özümüzə gülürmüşük...
   
   Tahir Abbaslı