Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1982-ci il 15 may

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev yaradıcı ziyalılara, təsərrüfat qabaqcıllarına yüksək mükafatların təqdimetmə mərasimində çıxış edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən Xalq yazıçısı Əli Vəliyev 80 illiyi ilə əlaqədar olaraq “Oktyabr İnqilabı” ordeni, SSRİ Xalq rəssamı Mikayıl Abdullayev isə 60 illiyi ilə əlaqədar “Xalqlar dostluğu” ordeni ilə təltif edilib.

“...Əli Vəliyevin yaradıcılıq yolu Azərbaycanın tarixi ilə qırılmaz surətdə bağlıdır... Zəngin Azərbaycan folklorundan geniş və məharətlə istifadə etmək, ana dilinin incəliklərinə dərindən bələd olmaq onun yaradıcılıq üslubunun səciyyəvi xüsusiyyətidir.

Yazıçının sanballı əsərlərindən biri də müharibədən əvvəlki Azərbaycan kəndində baş vermiş əsaslı dəyişikliklərdən bəhs edən “Qəhrəman” romanıdır. Böyük Vətən müharibəsində vətəndaşlıq borcunu şərəflə yerinə yetirib cəbhədən qayıtmış yazıçı “Müharibə hekayələri”ni yazarkən keçirdiyi hisslərin dərin təsiri altında sülhün qorunması mövzusuna müraciət edir...

Əli Vəliyevin müharibədən sonrakı dövrdə yazdığı əsərlərin başlıca məzmununu Azərbaycan kəndinin növrağı, onun müvəffəqiyyətləri və problemləri təşkil edir. “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanlarında, “Zəngəzur qartalları” oçerklər kitabında və başqa kitablarında müəllif eyni zamanda yeniliyin sonu çatmış köhnəliyə qarşı mübarizəsi gedişində meydana çıxan ziddiyyətləri təhlil edir. Bir sözlə, Əli Vəliyevin yaradıcılıq yolundan danışarkən biz bir daha qeyd edirik ki, o, böyük yazıçı və əsl vətənpərvərdir...

...Mikayıl Abdullayev öz yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin nailiyyətlərini artıran, bu mədəniyyətə şöhrət qazandıran görkəmli sənətkarlar dəstəsinə məxsusdur... Bəlkə də həyatın elə bir sahəsi yoxdur ki, rəssam öz əsərlərində onu əks etdirməsin. Çox böyük müvəffəqiyyət qazanan ilk əsəri “Mingəçevir işıqları” rəsmidir. Bu əsəri o hələ tələbəlik illərində yaratmışdır. M.Abdullayev seçdiyi mövzuya sonralar da sadiq qalmışdır. O, əmək qəhrəmanlarının portretlərinin böyük bir qalereyasının müəllifidir, onları sevdikləri işlə məşğul olduqları vəziyyətdə təsvir edir...

...Azərbaycan ədəbiyyatının klassikləri Nizaminin, Füzulinin və başqalarının, habelə sovet müəlliflərinin süjetlərinə onun çəkdiyi kompozisiyalar maraqlıdır. Nəsiminin M.Abdullayev tərəfindən yaradılmış portreti böyük şairimizin obrazını əks etdirən digər rəssamlarımızın əsərləri üçün əsas olmuşdur.

Xarici ölkələrə səfərlərin təsiri altında M.Abdullayev həmin ölkələrin təbiətindən, həyatından, adamlarından bəhs edən gözəl əsərlər yaratmışdır. Əlamətdar haldır ki, Hindistana həsr etdiyi əsərlər silsiləsinə görə o, Cəvahirləl Nehru mükafatına layiq görülmüşdür...

...Yüksək mükafatlar sevindirir və ruhlandırır. Lakin eyni zamanda bu mükafatlar daha yaxşı işləməyi, daha yüksək məqsədə nail olmağı tələb edir”.

 

1982-ci il 18 may

 

Heydər Əliyev bəstəkar Qara Qarayevin dəfn mərasimində nitq söyləyib. Qara Qarayev mayın 13-də Moskvada vəfat etdikdən sonra nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olundu. 

“...Biz zəmanəmizin böyük bəstəkarını, bütün həyatını xalqa xidmət işinə həsr etmiş bir sənətkarı son mənzilə yola salırıq... Qüdrətli istedad sahibi olan vətənpərvər sənətkar Qara Qarayev doğma Azərbaycan, bütün ölkə mədəniyyətinin inkişafına, dünya musiqi mədəniyyəti xəzinəsinə böyük töhfə vermişdir... Bu irs opera və baletdən tutmuş süitalar və mahnılaradək bütün bəstəkarlıq janrlarını əhatə edir. Qara Qarayev bu janrların hər birində Azərbaycanın musiqi sənətində yeni yollar açan, onun dünya şöhrətini ucaldan əsərlər yaratmışdır.

“Yeddi gözəl” baletinin romantik ruhlu musiqisində o, müqəddəratını həll edən xalq kütlələrinin nəhəng qüvvəsini açıb göstərmişdir. Lenin mükafatına layiq görülmüş “İldırımlı yollarla” baletində Afrika xalqlarının irqi ayrı-seçkiliyə və sosial zülmə qarşı mübarizə mövzusu musiqidə yenilməz emosional qüdrətlə təcəssüm olunmuşdur. SSRİ Dövlət mükafatlarına layiq görülmüş “Vətən” operası Böyük Vətən müharibəsi cəbhələrində rəşadətli vuruşmaların pafosu ilə, “Leyli və Məcnun” simfonik poeması ülvi məhəbbətin poeziyası ilə aşılanmışdır... “Çılğın qaskoniyalı” tamaşasına yazdığı musiqi bəstəkarın yaradıcılıq zirvələrindən biri olmuşdur.

...Qara Qarayevin öz təbiətinə görə milli olan əsərləri məzmunu, ruhu və mahiyyəti etibarı ilə beynəlmiləl əsərlərdir. Onlar Azərbaycan xalqının qədim musiqi mədəniyyətinin bütün zənginliyini, Qarayevin böyük müəllimləri Üzeyir Hacıbəyovun və Dmitri Şostakoviçin, rus, dünya klassik və müasir musiqisi korifeylərinin bütöv bir dəstəsinin yaradıcılığını özündə təcəssüm etdirir...

Görkəmli pedaqoq olan Qarayev yaradıcılığı respublikamızın və bütün ölkənin sərvətinə, iftixarına çevrilən parlaq, istedadlı musiqiçilərin neçə-neçə nəslini yetişdirmişdir...

Azərbaycan Dövlət Konservatoriyasının direktoru, bir çox on illər ərzində respublika Bəstəkarlar İttifaqının sədri, SSRİ Bəstəkarlar İttifaqının katibi vəzifələrində onun bir təşkilatçı və rəhbər kimi böyük istedadı özünü parlaq şəkildə təzahür etdirmişdir.

Bu gün bütün Azərbaycan xalqı, ölkəmizin bütün musiqisevərləri dərin kədər içindədir... Qara Qarayev həyatdan getmişdir. Lakin onun adı, onun musiqisi ölməzdir. İllər, on illər keçəcək, bizim kimi, yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə dərk edəcəklər...”.

Hazırladı: V.Orxan

(davamı var)