Əvvəlkindən daha gözəl və xoşbəxt. Amma bu hissə qovuşanadək keçilən yol da var axı...

 

Günəş üfüqə qalxmadan çıxdıq Bakıdan. Daha çox uşaqlar idi yol yoldaşlarım. Avtobusa yarıyuxulu minən al-əlvan geyimli bu uşaqların əhatəsində sevinc və həyəcanım bir az da artdı.

Maşın təzəcə yola düşmüşdü ki, onların xumarlanmış gözləri yumuldu. Balacaları nəvazişlə qoynuna çəkən böyüklər də kiridilər. Ortaya bir sükut çökdü. Yol uzandıqca Kürdəmir və Yevlaxın ara-sıra yaşıllıqlarının, şoran torpağa inad insan əməyinin cücərtdiyi sıralanmış əkin sahələrinin “bələdçi”liyində “Tərtərə xoş gəlmisiniz!” lövhəsindən də ötdük. Avtobusdakılar sevincək gah sağa, gah da sola boylanırlar. “Sən hələ bura bax, elə bil xalça səriblər”, “Səngərlərin içindən çıxan biçənəklər necə də böyükdülər”, “Gör erməni tankını necə vurmuşuq”, “Bəlkə düşüb şəkil çəkdirək”, “Olmaz! Görmürsən, hər yanda mina xəbərdarlığı ilə bağlı lövhələr basdırılıb”, “Sağ olsunlar, bax üzüaşağı təmizləyə-təmizləyə gəlirlər (minaaxtaranları göstərir), gələn dəfə düşərik” kimi sualsız cavablar, cavabsız suallar bir-birinə qarışır. Dolanbaclı yollar bizi daha yüksəkliyə – üzü dağlara çəkir.

 

Bənzəyir çəməndə közə lalələr

 

Yazda gözəl yurdumun hər qarışı bir başqa mənzərəli olur. Gül-çiçəklər əlvan ləçəklərini ətirlərinə qatıb aləmə səpələyirlər. Amma onların heç biri lalələr qədər məna yüklü olmur, məncə. Ələlxüsus da Qarabağ ellərində. Bilmirəm, bəlkə bu mənim duyğu selində qapılıb getməyim üçün  gəldiyim qənaətdir. Amma nə edim ki, bu hissin təsirindən çətin çıxıram. Tərtərdən Suqovuşan istiqamətinə burulanda talalardakı bu  qıpqırmızı ipək kimi mənzərəni gördükcə köksümün daha həyəcanla vurduğunu hiss elədim. Axı, Suqovuşan uğrunda ən qanlı döyüşlər bu istiqamətdə olub.

Bu yolu həftədə 2-3 dəfə gedib-gələn sürücü də sanki fikrimə şərik çıxır. “Elə bil azad torpaq da günü-gündən oyanıb özünə gəlir. Heç keçən il bu qədər lalə bitməmişdi. Maşallah, sevinir də çöl-çəmən”, – deyib günəşdən qamaşan gözlərini bir az da qıyıb daha irəlidəki çöl zanbaqlarının bənövşəyi xalı sərdiyi talanı da nişan verir. Möcüzədir, vallah. Yolun sağı qırmızıya, solu isə yaşıl bənövşəyi örpəyə bürünüb. Səma da mavi, apaydın. Budur, günəş də təpədəki, göyün düz ortasındakı yerinə doğru tələsir. Biz ona, o da bizə bələdçilik edə-edə.

 

Səssizliyin səsində

 

Talışa ikinci gəlişim idi. Yenə də eyni hisslər: həyəcan, sevinc, kədər. Və bunların hamısından daha güclü qürur. Fəxarətin verdiyi məmnunluq hissi daha ağır basır. Göz işlədikcə yaşıllıqlar, sıx meşələrin, başı hələ də qarlı dağların, lap uzaqdan gözə ilişən şiş qayaların, həzin-həzin axan çayların, cəh-cəh vuran quşların əhatəsində bir də bir dəlisov səssizlik hakimdir buralara. Amma buralara qayıdan qaynar həyat mənzərələri – qırmızı damlı ağ evlərdən çıxan adamların üz-gözündəki dağ adamlarına xas saflığı, tikildikcə tikilən Suqovuşanın, Talışın həndəvərində dolaşan müxtəlif texnikaların gurultusu, həyət-bacalardan gələn toyuq-cücə səsləri bu səssizliyə bir başqa meydan oxuyur.

Durub üzü dağlara, sıx meşələrə baxdıqca iki hiss bir-biri ilə döyüşür. Biri təptəzə qənbər döşənmiş yollarla yeni həyata doğru qaçan uşaqların xoşbəxt qəhqəhələrinin verdiyi sevinc, digəri isə bu günləri görməyəcəklərini bilə-bilə sinəsini bu vətən torpağına sipər edən oğulların, bənzərsiz qəhrəmanların itkisinin verdiyi ağrıdır. Düşündükcə adamın bağrının başı göynəyir. Bizdən çox-çox əvvəl bu torpaqlara ayaq basan, sinəsi bu torpaqlarda dağım-dağım olan, arzuları bu çöllərdə yarımçıq qalan, son nəfəslərini də uğrunda sevərək canlarından keçdikləri bu torpaqların daşında, otunda, yal-yamacında verən oğulları düşünürsən.

Təzə Talışın köhnə evləri, top-tüfəngdən yaralı evləri də bir başqa hekayə danışır.

Nəzərlərim yenə uçuq damları yararaq Tanrı ilə danışmağa dartınan ağaclara sataşır. İllər öncə dağılan evlərin yerində ucalan ağacların düşmənə inad ucalığında özümə toxtaqlıq verirəm. “Tez olun, teatr başladı” çağırışı ilə yanımdan quş kimi qanadlanan uşaqların arxasına düşüb mən də Talış kənd orta məktəbinin pilləkənləri ilə yuxarı – akt zala qalxıram.

 

“Qurd keçinin Şəngülüsünü yeyəndə”...

 

Azərbaycan Dövlət Kukla Teatrı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində konsert-tamaşa təşkil edib.

Aksiya “Heydər Əliyev İli” və peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində təşkil edilib. Kuklaçılar repertuarlarındakı maraqlı nümunələrdən biri – “Şəngülüm, Məngülüm” tamaşası ilə çıxış edirlər.

Görkəmli şair Mikayıl Müşfiqin məşhur mənzum nağılı əsasında hazırlanan mono kukla tamaşasının rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Elza Seyidcahandır.

Teatrın aparıcı aktrisası Ülviyyə Əliyeva bu tamaşada canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında da tamaşaçı qarşısına çıxdı.

Alqışlarla onu yola salan tamaşaçılar teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının vokalçılarını da eyni coşqu ilə qarşıladılar. Balaca istedadlı böyük ürəklilərin Vətən, Qarabağ, yurd, əsgər nidalı şux nəğmələri zala toplaşan hər kəsi valeh edə bildi.

 

Sular qovuşan yerdə

 

Avtobusdan düşən hər kəs sevincək günəşin almaz kimi bərq vurduğu suyun kənarına – Suqovuşan adlı möcüzənin başına yığışdı. İlahi,  yaşıl çəmənlərin, göz işlədikcə bitib-tükənməyən meşələrin, bir-birinə dayaq olan sıralı dağların yamacındakı bu möcüzə necə gözəl imiş. Dərin və vahiməli görünüşlü su cazibəsinin içində bir də izahsız bir aram, saflıq, paklıq var. Günəşin küləklə yarışında qulağıma aktrisa Ülviyyə Əliyevanın həzin səsində “Rahatlıq gəzmirəm mən, gedək üzü  küləyə...” nidalı sədası gəlir. Suyun üzərindəki körpüdə qollarını açan “Oyuq”un bədii rəhbəri Səidə Haqverdiyeva “Səni sevirəm, Vətən. Bax, belə qucaqlayıram, bağrıma basıram”, – deyib uşaq kimi qəhqəhə çəkir. Beləcə, hərə bir yana çəkilib öz nəğməsini oxuyur. Özü də hamısı həzin. Hər kəs sulara öz hisslərini, arzularını, nə bilib, bəlkə də sirlərini danışır. Lap “dərdimi suya danışdım...” misallı.

Səfər boyu bizi sevgi və qayğı ilə müşayiət edən Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Leyla Sarabi qeyri-ixtiyari dediyim “Suqovuşan məni içindən çıxa bilmədiyim dərinliyinə çəkir” sözümə “Qəribədir, mən də hər bura gəlişimdə o ovqata köklənirəm. Yəqin suların yaddaşı, energetikası, “eşidib-gördüklərinin” ifadə şəklidir bu”, – deyib gülümsədi.

Günəş sular üzərində hakimiyyətində idi. Cilovunu buraxmış hisslərimiztək. Amma yol bizi geri, gəldiyimiz yönə çağırırdı. Yenidən, yepyeni şövq ilə qayıtmaq üçün...

Həmidə Nizamiqızı
Bakı-Tərtər-Bakı