Heydər Əliyevin humanitar sahə ilə əlaqədar çıxışları kitab şəklində nəşr olunub
Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Müdriklik mücəssəməsi” adlı kitab nəşr olunub.
İnstitutdan bildirilib ki, topluda Heydər Əliyevin 1969-2003-cü illərdə humanitar sahə ilə əlaqədar keçirilən qurultaylarda, konfranslarda, mötəbər məclislərdə, görüşlərdə məruzələri, çıxışları, söhbətləri, ədiblərə ünvanladığı təbrik məktubları, jurnalistlərə müsahibələri dörd bölmə üzrə xronoloji ardıcıllıqla yer alıb.
Kitabın 1999-cu ildə çapdan çıxan birinci nəşrinin tərtibçisi professor Vilayət Quliyev, təkmilləşdirilmiş ikinci nəşrinin (2023) tərtibçisi isə professor Asif Rüstəmlidir. İnstitutun direktoru akademik İsa Həbibbəyli nəşrə “Heydər Əliyevin dövlətçilik təliminin ədəbiyyat dərsləri” adlı ön söz yazıb.
Kitabın birinci bölməsində Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin V, VI, VII və X qurultaylarında, Türk Dünyası Yazarlarının III qurultayında, yubiley tədbirlərində, ədiblərin abidələrinin açılışında söylədiyi nitqlər, bu gün də aktuallığını, ədəbi-elmi dəyərini qoruyub saxlayan çıxışları toplanıb.
“Görüşlər, xatirələr” adlı ikinci bölmə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə qayıtdıqdan sonra ilk dəfə 1993-cü ildə Elmlər Akademiyasının binasında ziyalılarla görüşü zamanı ölkəmizin qədim və çağdaş tarixi, mürəkkəb və tutqun taleyi, klassiklərə və ədəbi irsə yeni baxış məsələləri barədə etdiyi açıq və səmimi söhbətlərlə açılır.
Heydər Əliyevin teatr tamaşalarını izlədikdən sonra yaradıcı heyətin peşəkarlığı, sənətkarlıq xüsusiyyətləri, dram əsərinin ideya-bədii və mənəvi-psixoloji məziyyətləri haqqında dəyərləndirmələri də xronoloji ardıcıllıqla topluda yer alıb.
Kitab humanitar və ictimai elmlər sahəsində çalışanlar, ədəbiyyat, təhsil, mədəniyyət və incəsənət işçiləri üçün dəyərli töhfədir.