Vasif Adıgözəlovun ruhu şaddır...


“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günü, mayın 11-də Şuşada ilk yaşanıb və Cıdır düzü görkəmli bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb. Operanın süjet xəttini Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, onun dövründə Qarabağda baş verən hadisələr təşkil edir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistlərinin ifasında təqdim olunan opera tamaşasını müəllifin oğlu, dirijor Xalq artisti Yalçın Adıgözəlov idarə edib.

Operanın təqdimatından sonra Yalçın Adıgözəlov deyib: “Natəvan” operasının Şuşada səslənməsi tarixi bir hadisədir. Bu gün bəstəkarın da ruhu şaddır. Çünki opera ilk dəfə Vasif Adıgözəlovun doğulduğu şəhərdə səsləndi. Bakıda dəfələrlə bu operanı səsləndirsək də, bu gün Şuşada bu sənət əsəri başqa bur ovqat yaratdı. Bundan gözəl nə ola bilər. Biz bu anı 30 ildir gözləyirdik. Bizi qarşıda böyük zəfərlər gözləyir, inanıram ki, yeni əsərlər yaradılacaq və bu əsərlər Zəngəzurda, Xankəndində səslənəcək”.