Gözlərimin ürəyimə çəkdiyi misralar
   
   Şeirlərində dağların ucalığı, çəmənlərin ətri, bulaqların təravəti duyulan aşıq Şəmşir mənəvi dərs aldığı ustadların - Qurbanın, Abbasın, Əmrahın, Alının, Ələsgərin ləyaqətli varisi sayılıb. Bütün ömrü boyu Dədə Ələsgərdən gələn mərifət elmini daha da zənginləşdirib. Bununla bahəm Şəmşirin qoşmaları, gəraylı və təcnisləri məzmununa, bədii xüsusiyyətlərinə görə həmişə müasir, mənalı və düşündürücüdür. Aşıq Şəmşir sadəcə saz çalıb söz demirdi. Dünyanın bilməcəsini açan elə fikirlərə həyat verirdi ki, bu gün də dillər əzbəridir. İllərdir ki, xəyalımdan çəkilməyən, tez-tez düşüncələrimə hakim kəsilən aşağıdakı məna dolu misraları kimi:
   
   Bir kəsə qalmadı dünyanın varı,
   Hanı xan xaqanlar, getdimi, getdi.
   Atanlar, tutanlar, mənəm deyənlər,
   Vuranlar, yıxanlar, getdimi, getdi...
   
   Gəlimli-gedimli, son ucu ölümlü dünya haqqında Dədə Qorquddan üzü bəri aqillərimiz çox hikmət söyləyiblər. Amma nədənsə mənim yaddaşımda Dədə Şəmşirin başqa yeri var. Bəlkə də aşığı gördüyümdən, şəxsən tanıdığımdan irəli gəlir bu doğmalıq, bilmirəm.
   Duyduğum odur ki, dağlar qoynu Kəlbəcərdə Aşıq Şəmşir atası Qurbanın yandırdığı ocağı daha da alovlandırdı. İndi Kəlbəcər yadlar tapdağında viran olsa da, Aşıq Şəmşirdən yadigar qalan bu poetik ocağın şöləsi sönməyib. Şəmşir irsinin ləyaqətli varisi Cavid Qənbəroğlunun «Dünya qəmli nağıl imiş» adlı şeirlər kitabını oxuyanda mənə elə gəldi ki, yenidən bu unudulmaz el aşığı ilə üz-üzə dayanmışam. Gözlərimin ürəyimə çəkdiyi misralar da sanki Cavidin deyil, ulu Şəmşirin nəfəsindən qopurdu:
   
   Gəlişiylə, gedişiylə,
   Yalan-yalan gülüşüylə,
   Zaman adlı gərdişiylə -
   Dünya qəmli nağıl imiş.
   
   Bu qəmli nağılı əvvəlindən sonuna kimi dinləməyə çalışsam da, ahəngindəki hicran çırpıntısı duyğularıma od vurdu. Hər misranın, hər beytin arxasında böyük, lakin nakam bir eşqin parça-parça olmuş naləsini eşitmək zorunda qaldım. Bu sevginin ünvanı vətəndən başlayıb bir gözəlin yoxluğunda sona yetir. «Bu dünyanı görə-görə gəlmişəm, insanların biri acdı, biri tox» deyən müəllif nə qədər təcrübəli, nə qədər görə-görə gəlsə belə, yenə də Yaradanın möcüzəsi qarşısında aciz və heyrətlidir. Hərdən də etiraz edərək üsyana qalxır. «Yazan belə yazdı, pozusu niyə tapılmadı» sualı ilə özünü çox bərkə-boşa salan müəllifin gileyində böyük bir məhəbbətin yaşantısı - sevinc və ağrı-acısı duyulur:
   
   Dəyişər dünyanın qışı, baharı,
   Uçar sarayımın daşı, divarı.
   Sənə nəğmə qoşan bu nəğməkarı,
   Odlara yandırıb yaxmamalıydın.
   
   Hər şey də insandan asılı deyil ki... Tikanlı səhrada gül bitir, çəmənlərdə tikan göyərir, göyərçinlə ilan bir səmanın altında dolaşır, torpağın üstə gəzir. Dünyanın gözəlliyi də bəlkə bu əks münasibətlərin varlığındadır, kim bilir. Bəzən də müəllifin çəkdiyi əzablarda başqa bir xiffətli etirafın yarpaqları göyərir: «Həsəd apardılar, göz yıxdı səni». Bunun da nəticəsində bir aşiqin ömrü tez açılıb vaxtsız solan bənövşəyə çevrildi.
   Unudulmaz Bəxtiyar Vahabzadə deyərdi ki, əsl şeir qəlb hıçqırtısıdır. Onu harayla, qışqırıqla demək olmaz. Çünki şeir dərddən doğulan ürək pıçıltısıdır. «Dünya qəmli nağıl imiş» kitabını vərəqlədikcə duyulur ki, müəllifi də dilə gətirən, onu şair edən çox erkən üzləşdiyi dərdlər, qəmlər olub. Doğma ocağın itkisi, həyat yoldaşının əbədi ayrılığı - bütün bunlar həssas ürəyin şeirlə döyünməsinə, şeirlə danışmasına təkan verib.
   Əlbəttə, min illərdir ki, məhəbbət haqqında deyilir. Xüsusilə də nakam məhəbbət barəsində dastanlar, poemalar yazılıb. Dünya köhnə dünya olsa da, sevgiləri həmişə təzə səslənib. Sevənə elə gəlib ki, o, birincidir, ona kimi dünyada belə möhtəşəm məhəbbət baş verməyib. Sevgidən zərbə alanlara, itkilərlə üzləşənlərə də elə gəlib ki, onlar da dərd sarıdan birincidirlər. Amma həyat var olduqca bu köhnə libasdakı təzə sevgilər doğulur, bəzən də vaxtından çox tez solur. Təəssüf ki, yeni kitabın müəllifi Cavid də bu sarsıntıdan kənar düşməyib. Çox ülvi məhəbbətin yiyəsi olan şair sevdiyini itirsə də, müvazinətini məhz bu böyük eşqin uğrunda çəkdiyi həsrətlə saxlamağa çalışıb. Çünki bu həsrət də, kədər də, xiffət də çox əziz, unudulmaz bir insanın xatirəsi ilə bağlıdır. Bu da məhəbbətin öz qüdrətidir ki, bəzən xatirələr də insana yaşamaq, yaratmaq gücü verə bilir. Onu ölməyə qoymur.
   Bir vaxtlar babası Şəmşir dağlara müqayisəsi tapılmayan şeirlər qoşardı. İndi bu ənənəni özünəməxsus şəkildə davam etdirən Cavid də dağların əzəmətinə biganə qala bilmir:
   
   Qayalar açılmaz qıfılbənd kimi,
   Hər daşında bir sirr yatır dağların.
   Baxırsan ki, başı qarla örtülüb,
   Duruşunda fikir yatır dağların.
   
   Vətən haqqında da özünəməxsus poetik münasibəti olan şairin Kəlbəcərə ünvanladığı şeirlərində bir nisgil xəfifcə dil açır:   

   Tufan qopdu, çadır qaldı çətənsiz,
   Ruha dönüb dolaşırıq bədənsiz.
   Oba köçdü, ellər qaldı Vətənsiz,
   Dilim gəlmir, deyim yoxsan,
    Vətən! Ox!..
   
   Nədənsə, Cavidin «Vətən, ox...» şeirini oxuyarkən yurd həsrəti ilə cızdağı çıxmış Almas İldırımı xatırladım. «Azərbaycan, mənim baxtsız anam, oy» harayı varlığıma od saldı. Tanrıdan diləyim budur ki, şeirlərindəki ruh yaxın olsa da, taleləri bənzəməsin bu şairlərin. Kitabın sonunda musiqidən libas geymiş şeirlər də diqqətimi çəkdi. Tanınmış müğənnilərin ifasında səslənən bu mahnıların əksəriyyəti dillər əzbəridir. Muğam ifaçısı Bəyimxanım Mirzəyevanın yanğı və həzinliklə oxuduğu «Qayıt gəl» mahnısı sanki müəllifin həyat devizidir:
   
   Sənsiz bu dünyanın dadı, duzu yox,
   Sənsiz fəsillərin qışı, yazı yox.
   Sənsiz həyatımın inan, özü yox,
   Qaytar bu dünyamı, nolar, qayıt gəl.
   
   Bu yalvarışın, bu çağırışın ahəngindəki həyəcan qarışıq nisgil adamın ruhunu tərpədir. Kitabı vərəqlədikcə mənə elə gəlirdi ki, bu sarı cildli - alov rəngli toplu sevən, həsrətdən üzülən bir ürəyin od içindəki əks-sədasıdır. Sadəcə kitab şəklində oxucularla görüşə gəlib ki, xiffət qarışıq bir həzinliklə desin:
   
   Eşqimi, sevgimi yellər apardı,
   Qəfil gələn boran, sellər apardı.
   Sənli aylar, illər nə tez qurtardı?
   Təkcə yuxulara gəlirsən, gülüm.
   
   Uzun illər bundan öncə Dədə Şəmşir ocağından tərpənən bu poetik karvanın söz yükü rəngbərəngdir. Burada Vətən həsrəti, doğma el-obanın nisgili və bir də ömür-gün yoldaşının vaxtsız itkisi çiçəkləyib, ləçəklənib. Oxuduqca nə yorulursan, nə doyursan. Böyük bir eşqdən yoğurulmuş qəm dolu nağıla qulaq asırsan: biri varmış, biri yoxmuş, dağlar gözəli Kəlbəcərin Ağdaban kəndində Aşıq Şəmşir adlı bir söz, saz xiridarı yaşayırmış. Şöhrəti elləri dolaşmış bu el aşığının ocağında bir oğul nəvə də dünyaya gəlib. Adına türk dünyasının azman şairi Hüseyn Cavidin ismini veriblər. Bu məşhur adı ona görə seçiblər ki, Cavid böyüyəndə elin, obanın fəxrinə çevrilsin. Əslində bu arzu baş tutub. Cavid Qənbəroğlu həyatda da, cəmiyyətdə də nüfuzu olan, seçilən hörmətli bir insandır. Xeyirxahlığından, mərdliyindən, xalqa, dövlətə bağlılığından çox danışmaq olar. Bizim qələm qismətimizə isə şair Cavid düşüb. Ona görə də şeirlərindən - daha doğrusu, təzə kitabından söz açdıq. Xoşbəxtlik həmişə tək gəlmir ki? Onda həyatın heç mənası da bilinməzdi. Dərdlər, qəmlər, itkilər varlığın, olumun gözəlliyini, əvəzsizliyini təsdiqləmək üçündür. Bəlkə də bu ağır dərdlə üz-üzə gəlməsəydi, Şəmşir nəvəsi Cavid bəlkə də heç şair olmayacaqdı. Şairliksə əbədilikdir. Sənət eşqi bütün dərdlərin açarıdır. Onun sayəsində insan həmişə əbədiyaşarlığa imza atır. Elə bizim haqqında danışdığımız şair Cavid kimi!..
   
   Flora Xəlilzadə,
   yazıçı-publisist