Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Musiqidə yaşayan Ulu öndər” adlı respublika mahnı müsabiqəsinin yekun tədbiri keçirilib. Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən, Heydər Əliyevin 100 illiyinə həsr olunan müsabiqədə nazirliyin sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak ediblər.
Müsabiqə iki nominasiyada – Heydər Əliyevə və müasir müstəqil Azərbaycana həsr olunmuş vətənpərvərlik mövzusunda bəstəkar mahnıları və Ulu öndərin çox sevdiyi xalq mahnıları üzrə keçirilib. Müsabiqəyə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən 10-17 yaş üzrə 70 dərnək üzvü qoşulub.
Münsiflər heyətinin üzvləri – Xalq artistləri Ağadadaş Ağayev və Gülyaz Məmmədova tərəfindən qalib olan 12 iştirakçıya diplom və hədiyyələr təqdim olunub.
Sonda 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin gənc vokalçıları və rəqs kollektivlərinin ifasında Ulu öndərə həsr olunmuş və vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib.