Bölgələrdə “Heydər Əliyev İli” tədbirləri davam edir

 

Bərdə rayonunda da Ümummilli liderin yubileyi münasibətilə konsert keçirilib. Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi tərəfindən müxtəlif musiqi nömrələrini təqdim edilib.

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Ümummilli lider və Azərbaycan mədəniyyəti – 100” adlı fotosərgi təşkil edilib.

Yevlax rayon şəhid Ə.Həsənov adına Malbinəsi kənd Uşaq musiqi məktəbi “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir təşkil edib.

***

Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Zərdab şəhər Uşaq incəsənət məktəbi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Daima yaddaşlarda yaşayan lider” adlı konsert proqramı keçirilib.

***

Sumqayıt RMİ-nin Xızı rayon nümayəndəliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Sən əbədi zirvəsən...” adlı tədbir keçirilib. Ulu öndərin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində gördüyü işlərdən bəhs edilib. Sonra Xızı rayon Heydər Əliyev parkında konsert proqramı təqdim olunub.

RMİ-nin Qubadlı rayon nümayəndəliyinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ulu öndərin 100 illik yubileyinə həsr olunan “Əbədiyyətdə doğan günəş” adlı konsert keçirilib.

***

Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Ulu öndər Heydər Əliyevin dövlətçilik irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib. Çıxışlarda dahi siyasətçinin hakimiyyətdə olduğu dövrdə Lənkəranla bağlı gördüyü işlərdən danışılıb. Ulu öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

***

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti – 100” adlı sərgi açılıb. Sərgidə Ulu öndərin Azərbaycan mədəniyyətinə, incəsənətinə, milli musiqimizə qayğısını, sovet dönəmində və müstəqillik dövründə mədəniyyətə həsr edilmiş tədbirlərdə iştirakını, görkəmli mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən 100 tarixi foto nümayiş olunub.

***

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, rayon MKS, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə həvəskar qiraətçilər tərəfindən Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.

***

Cəbrayıl rayon MKS və Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Tariximizdə və taleyimizdə yaşayan insan” adlı konsert keçirilib.

Salyan Dövlət Rəsm Qalereyası və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə rəsm və əl işlərindən ibarət “Ulu sərkərdə, ulu öndər” adlı sərgi açılıb.

***

Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Ümummilli liderin tarixi xidmətlərindən söz açılıb. Konfrans Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunan “Əsrin adamı” sənədli filminin izlənilməsi ilə yekunlaşıb.

***

Ağstafa RMİ tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir  keçirilib. İdarə rəisi Nurəddin Mehdiyev və digər çıxış edənlər Ümummilli liderin mədəniyyətimizin inkişafını həmişə diqqət mərkəzində saxladığını bildiriblər. Bədii hissədə Ulu öndərin sevdiyi musiqilər, xalq mahnıları, bəstəkarların Heydər Əliyevə həsr etdiyi mahnılar ifa edilib.

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Aşıq Ə.Rzayev adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin “Arzular” uşaq xorunun üzvləri Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, “Ey Vətən” mahnısını ifa edib.

***

Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbində “Xalqın oğlu” adlı tədbir keçirilib. Məktəbin şagirdləri müxtəlif mahnı və rəqslər təqdim ediblər.

Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən Heydər Əliyevin 100 illiyi münasibətilə sərgi təşkil olunub. Qalereyanın dərnək üzvlərinin əsərlərindən ibarət olan sərgidə 50-dək rəsm və əl işi yer alıb.

***

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə “Xalqına, Vətəninə vurğun böyük azərbaycanlı – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Göygöl rayon 8 Mart ümumi orta məktəbinin şagirdləri “Azərbaycan xalqının dahi lideri” mövzusunda bədii kompozisiya ilə çıxış ediblər.

Gəncə şəhər Mədəniyyət Mərkəzi və filiallarının birgə təşkilatçılığı ilə Ulu öndərin 100 illiyinə həsr olunan tədbir keçirilib. Ulu öndərə, Vətənə həsr edilmiş şeirlər söylənilib.

Samux rayon Heydər Əliyev Mərkəzi və rayon Qarayeri qəsəbə Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Məşəl kimi yanan ürək” adlı konsert proqramı keçirilib və Ulu öndərə həsr olunmuş mahnılar ifa edilib.

***

Şəki şəhər Heydər Əliyev Mərkəzində dahi siyasətçinin həyat və siyasi fəaliyyətini əks etdirən, nadir fotoşəkillərdən ibarət sərgi təşkil edilib.

Oğuz rayon Mədəniyyət Mərkəzi tərəfindən rayonun Zərifə Əliyeva adına istirahət parkında “Heydər Əliyev – xalqın sönməyən günəşi” adlı tədbir keçirilib. Oğuz rayon Mədəniyyət Mərkəzi, rayon Uşaq musiqi məktəbinin yaradıcı kollektivi Ulu öndərə, müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar səsləndirib, rəqslər təqdim ediblər.

***

Gədəbəy rayon Slavyanka kənd Uşaq musiqi məktəbində keçirilən tədbirdə Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğı ilə bağlı məruzələr dinlənilib. Daha sonra uşaqların ifasında rəngarəng musiqi nümunələri səsləndirilib.

***

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Zərdabi qəsəbə Folklor evi və rayon MKS-nin Zərdabi qəsəbə kitabxana filialının birgə təşkilatçılığı ilə “Sən elə bir zirvəsən...” adlı tədbir keçirilib. Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib, kitablar və əl işlərindən ibarət sərgilər nümayiş olunub.

***

Ağcabədi şəhər Uşaq musiqi məktəbinin kollektivi Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Ağdam rayon Güllücə kənd Uşaq musiqi məktəbində keçirilən “Mədəniyyətə bağlı ömür” adlı tədbirdə Ulu öndərə həsr olunmuş “Əsrin adamı” sənədli filmi nümayiş olunub.

Hazırladı: N.Məmmədli